Göy qurşağı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 15:52 27 dekabr 2014 tarixində əlavə olunmuşdur

Dəyişməz  həyat tərzi insanlar üçün çox yorucu və cansıxıcı olur. Gündəlik həyat qayğıları müşgül problemə çevrildikdə, xırda məişət məsələləri vaxtında öz  həllini  tapmadıqda , bürokratik əngəllər vətəndaşın hər addımbaşı canını sıxdıqda insanın gözü qaradan başqa rəng görməz. Qara isə çox zaman arzu olunan rəng deyil. Bəzən, elə olur ki, qara küsgünlük, bədbinlik  və hüznün rəmzi kimi də, qəbul edilir. İnsan həyatı yalnız qaradan ibarət deyil. Böyüklər  rəngarəng  həyatı, uşaqlar  isə göy qurşağını sevərlər...

"Birinin sevinməsi üçün, mütləq digərinin ağlaması lazımdır" fikrini ortalığa atan dələduzlara görə, həyat yalnız  bu, "gerçəklik" üzərində qurulub. Sevgilər doğru zamanda  və doğru yerdə  paylaşılarsa həyatda  ağlayan  tərəf qalmaz. Bir zəngin beş fağırın qarnını döydursa, bəşər övladının gözləri acılı yaşlarla dolmaz. Bəli, paylaşma və halallaşma  olduğu zaman, dünyamız daha rəngarəng, daha möhtəşəm görünər. Böyüklər rəngarəng dünyanın keyfini çəkər,eynən uşaqlar göyqurşağı çıxdığı zaman sevindikləri kimi...

Rəngarəng həyatda çarəsiz övladlar qoca valideyinlərini qocalar evinə atmaz, yoxsul və tənha ana  övladını körpələr evinə verməz, işsiz  gənc çayxanalarda ömrünü çürütməz, sosial güvəni olan qadın pritonlara üz tutmaz, qarnı tox olan əl açıb dilənməz...

Gözlər eyni rəngə baxsa nurunu itirər, qulaq hər gün,hər ay,hər il eyni sözləri eşitsə usanar. Bəşər övladının rövnəq bir həyat sürüb, rəngarəng dünyada yaşaması, onun ən ümdə olan haqqı deyilmi? Əlbəttə ki, haqqıdır. Təssüf ki, bəzən onu bu, ona aid olan haqqından məhrum edirlər. Rəngarəng dünya onun gözlərinidə xəyali bir səadətə çevrilir. İman işığından uzaq düşüb yarasa kimi qaranlıqda uçanlar, halal nemətə gəmiricilər kimi hücum edənlər, bu, rəngarəng dünyamızı qara rəngə boyayanlar, çəkilin günəşin qarşısından, bizdə öz göy quşağımızı görək,üzümüzə bir az sevinc ələnsin...  


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0281 saniye