Onun neçə yaşı var idi? 8, 9 yoxsa 10? Özü də bilmirdi. Bildiyi ailədə onun sevilməməyi idi. Arzuolunmaz uşaq idi. Anadangəlmə yerimə əngəlli olduğundan dolayı anası onu heç 2 yaşı tamam olmamış göyərçin damına atmışdı. Murad anasının gözündə uşaq deyil, quş idi sanki. Vaxtı gələndə uçub gedəcəkdi. Hər dəfə yemək-içməkdən savayı geyincək də gətirən Səlim babanın bu uşağa ürəyi yanırdı, ona necə yardım edəcəyi haqqında düşünməkdən başı ağrıyırdı. Səlim baba ev sahibləri ilə danışıqlar apararaq Muradı özünə götürmək istəsə də, razılıq əldə olunmurdu. Ata-ana dövlətin uşağa ödədiyi sosial müavinətdən imtina etmək istəmirdilər. Hüquq-mühafizə orqanlarına müraciət edişində Səlim babanı uşağın ölümü ilə qorxutmuşdular. Evə qonaq gələrkən Muradı göyərçin damından çıxardaraq geyindirib-keçindirərək saxtakarlıq nümayiş etdirirdilər. Murad aldığı travmadan dolayı danışa bilmirdi. Ağzı açılarkən qəribə səslər çıxırdı. Səlim babanı isə vicdan əzabı didib dağıdırdı. Uşağa yardım etmək istəyi ilə ev sahiblərinin ona yüklədiyi işlərin çoxluğu arasında özünü az qala itirirdi. Murad isə qocaman gözlərindən süzülən göz yaşları ilə valideyn qucağına, sığalına, öpüşünə həsrət qala-qala yaşamına davam edirdi. 2 mərtəbəli evin meydançasında deyib-gülən, oynayan 2 qardaşını əlil arabasından izləsə də, onlara qarşı heç bir bağlılıq duymurdu. Göyərçinlər onun ailəsi, dünyası idi. Tez-tez onları sığallayır, öpürdü. Göyərçinlərlə bir çıxıb bir də girirdi dama. Onlara yemək səpələyərkən gözləri sevinclə dolurdu, dodaqlarına bir təbəssüm qonurdu. Səlim babadan qorxmurdu, amma onun yardım cəhdlərini anlamırdı. Qollarını eynən göyərçin kimi yana açıb uçmağa cəhd edirdi. O qədər təbii alınırdı ki, Səlim babanın gözləri yaşarırdı. Muradı bağrına basaraq ondan dəfələrlə üzr diləyirdi. Qonşular isə bu “anormal” uşağın hərəkətlərinə daha təəccüblənmirdilər. Ev sahibləri onların gözünə elə şeytancasına girməyi bacarmışdılar ki, Murada heyrətlə baxmaqdan, onun maraqlanmaqdan əl çəkmişdilər. Sadəcə içdən gələn təbəssümlə uşağın başına sığal çəkərək heç nə etmədən öz yollarında addımlayırdılar. 2 qardaşı isə ona heç yaxın gəlmirdilər. Sanki Muradda virus daşıyıcısı var deyə onda bacardıqları qədər aralı gəzməyə cəhd edirdilər. Muradın qəlbində heç kimə qarşı mənfi duyğu yox idi. Anlamasa da, beyni heç inkişaf etməsə də, ona qarşı rəftarı görsə də, öz dünyasında məsud yaşayırdı. Göyərçinlərlə dolu dünyada onlarsız özünü təsəvvür edə bilmirdi. Səlim babanın ona düzəltdiyi çarpayıda uzanarkən göyərçinlər ətrafında cəm olurdular. Gözlərini açarkən göyərçinlərin bir neçəsi öz üzərində tapırdı. Səlim baba bəzən uşağa sözlər öyrətməyə çalışırdı, əlində kağız-qələmlə onun gözü qarşısında şəkil çəkirdi, amma Murad heç nəyi mənimsəyə bilmirdi. Barmaqları qələm tutmurdu. Necə tutmaq lazım olduğuniu Səlim baba dəfələrlə göstərmişdi, yenə də əli titrəyirdi. Deyilən sözlər isə beyninə girmirdi. Səlim baba isə qələmi sındırmaq, kağızı cırmaq həddinə çatsa da, yenə də davam edirdi.
Günlərin birində hər şey dəyişildi. Səlim baba səhər bazarlıq edərkən miokard infaktına yaxalanıb insanların gözü qarşında çırpıldı. İnsanlar özlərini bircə aanlığa itirsələr də, tezliklə onun ətrafında cəmləşməyə başladılar. Əllərindəki sellofon torbalarında meyvə-tərəvəzlər özbaşına hərəkət etməyə başladılar. Cəld Səlim babanı yaxınlıqdakı xəstəxanaya çatdırdılar. Səlim baba ağır müalicədən sonra hər şeyi olduğu kimi açıqladı. Yarım saat içində 2 mərtəbəli evin meydançası polis və ambulans maşınları ilə doldurularaq ata ilə ananı qolları arxada bağlı halda bir polis maşınına, 2 oğlan uşağını isə digər maşına mindirdilər. Muradı isə göyərçin damından ehtiyatla çıxardaraq ambulansa yerləşdirdilər. Göyərçinlər yol boyunca Muradı təqib edərək onu tək buraxmadılar. Ata-ana sualları cavablamaq əvəzinə başları aşağı salıb susma haqqını seçmişdilər, Muradın yaşca kiçik 2 qardaşı isə ağlayaraq heç nə bilmədiklərini qeyd edirdilər. Murad isə gözlərini döyə-döyə qalmışdı. Nə baş verdiyi anlamırdı.
2 gün keçməmişdi ki, artıq ölkə bu olayı danışırdı. KİV bir-birlərinə istinad edərək informasiyaları təkrarladırdılar. Mütəxəssislərin reaksiyaları həddindən artıq sərt idi. İnsanların şərh etmələri nalayiq, kobud sözlərlə nəticələnirdi. Muradın fotosu internetin müxtəlif sosial şəbəkələrində, saytlarında, axtarış sistemlərində gəzirdi. Psixoloji yardım mərkəzlərində müxtəlif yardım təklifləri irəliyə sürülərək qızğın müzakirələrə səbəb olurdu.