Gözlə məni gələcəyəm (Ömür yoldaşına məktub)
Şahnaz Əhmədova tərəfindən "Digər yazılar" bolməsinə 00:28 28 may 2012 tarixində əlavə olunmuşdur

Sabahın xeyir, Sünbülüm, bilirəm yaxşısan, çünki sən yaxşı yerdəsən. Yenə həftə sonu, hər bazar günü elədiyim kimi bu gün də şəhərimin “seyrinə” çıxacam. Ehh ömür gün yoldaşım, qoyub getdin məni, həmişə səninlə çıxırdıq gəzməyə elə vaxt olurdu hər həftə gedə bilmirdik. Sən də mənə deyirdin ki, “Mən səndən başqa bir şey istəmirəm, çox işləyirsən heç olmasa həftə sonlarını mənə həsr elə, bütün günü evdə oluram heç olmasa həftədə bir gün səninlə gəzmək istəyirəm”. Mən də qınayırdım səni deyirdim başa düşmürsən məni, axı vaxtım yoxdur. Kaş indi burda olaydın. Kaş ki belə vaxtında yanımda olaydın, kaş ki ömrümün qaranlığa qərq olan çağında mənimlə olaydın. Əvvəllər bir stəkan çayı belə süzüb içə bilmirdim, indi hər işimi özüm görürəm. Öz də qaranlıqlar içində. Dəmlədiyim çay belə sənin çayının dadını vermir. Köynəklərimin ütüsü də, şalvarlarımın səliqəsi də mənim kimi sənə həsrət qalıb. Bakının havasını duyuram. Şəhərim, mənim doğma şəhərim, Sünbül, sənə deyirdim haa Allahdan sonra dünyada iki varlığı hər şeydən, canımdan da çox sevirəm. Biri sən biri də şəhərim. Indi sən yoxsan bir küləklər şəhəri qalıb. O da elə qalıb ki... Sünbül, deyəsən əvvəlkindən əsər əlamət qalmayıb. Hərdən fikirləşirəm yaxşı ki, gözüm heçnə görmür və yaxşı ki, bu heçnələrin içində şəhərimin ağlar gözləri də var. Sənin ən çox sevdiyin yerlərə gedəcəm bu gün. Yavaş-yavaş gedəcəm, bütün Bakını hiss edərək gedəcəm. Budur, köhnə “Lenin sarayı” sən buraya gəlməyi çox sevirdin. Bir konsert xəbəri eşidən kimi deyirdin bilet tap gedək. Mən də deyirdim rəhmətliyin qızı atanın avində konsert görmüsən, nədir səndəki bu konsert həvəsi? Indi o saray yaman qəşəng düzəldilib deyirlər. Amma deyəsən oradakı konsertlər də daha əvvəlkilər kimi deyil. Mən isə onun yanından keçəndə başımı aşağı salıram, üzünə baxa bilmirəm, çünki sən yoxsan. İndi də ən sevincli və ən kədərli anlarımızı paylaşdığımız yerə gəldim. “İçərişəhər” buranın hər daşı, hər torpağı bizi tanıyırdı, amma indi o daş, torpaq qalmayıb, ona görə buralar məni yadırğayır. Sənə ürəyimi burda açmışdım, qız qalasının düz başında. Sonra səninlə evlənmək istədiyimi də burda demişdim, yaman sevinmişdin. Sonralar zarafat edəndə səni hirsləndirmək üçün deyirdim ki, mənim üçün ürəyin gedirdi. Mənimlə evlənərsənmi deyəndə sevincdən az qaldın özünü atasan aşağı. Sən də hirslənirdin, deyirdin yalan demə qabaqcadan demişdin ki, qəbul eləməsəm sən özünü atacaqsan aşağı mənimsə çox vaxt o yadıma düşmürdü. Indi xatırlayıram, dünən kimi yadımdadır, hələ daşın üstünə də çıxmışdım, deyirdim qəbul eləməsən atacam özümü. Sonra arxadan kimsə qışqırdı: “vətəndaş” sən demə polis çoxdan bizə fikir verirmiş, məni yaman danladı.Orda sən çox gülmüşdün mənə. Elə ən pis günümüzdə də ora getdik, həkim deyəndəki sənin heç vaxt uşağın olmayacaq elə bil dünya başımıza yıxılmışdı. Özümüz də bilmədən sakitcə bura gəlib çıxmışdıq, hönkür-hönkür ağlamışdın. Bütün İçərişəhəri gəzdim, yoruldum, əvvəllər heç yorulmazdım daha canım qalmayıb, tez yoruluram, əldən düşürəm. Deyəsən bu yavaş addımlar məni sənə gətirəcək. Buranın havası, bu səslər, toxunduğum daşlar, iliyimə qədər hiss edirəm bu şəhəri. Günəşin doğmağını görməsəm də hiss edirəm. Sanki, indi günün şüası gözümə düşəcək. Axşam düşür, hava qaralır. Gülməlidir, mən bunları gözüm görən vaxtı bu cür hiss etmirdim. Indi isə ... . Sən olsan deyərdin ki, gülməli deyil, nəyə gülürsən? Bir tərəfdən fikirləşirəm həyat gözəldir, bir tərəfdən də sənsiz olmur, bu şəhərə rəğmən yenə də olmur. Mənim həyatım, sevincim sənsənmiş. Mən “Badi Kubə”ni sənə görə tanıdım, sənə görə sevdim. Ona görə, indi bir tərəfim əksik kimi gəlir mənə. Yavaş-yavaş çatıram evə, Bakı qədər sevirəm evimizi. Onun hər tərəfində sən varsan. Sənə bir sirr açacam, amma gülmə hər dəfə evə girəndə işığı yandırıram, çıxanda keçirirəm. Guya yandırmasam gözüm görməyəcək. Yandırıram sonra da oturub özüm-özümə o qədər gülürəm. Qabaq piyanino çalanda deyirdim mən bunu gözüyumulu da çalaram. Sən acıqlanırdın, deyirdin gözün görür şükür Allaha gözü yumulu niyə çalırsan? Indi doğrudan gözüyumulu çalıram, amma məcburən belə çalıram, musiqi mənim yeganə təsəllimdir. Bu gün nələr “gördüm”, nə hisslər keçirdim indi deyəcəm sənə, bilirəm musiqini duyursan. Səsimi eşitməsən də sənə demək istədiklərimi musiqi ilə çatdıracam. Sünbül, bilirsən, insanlarda xoşum gəlməyən nədir? Mənə baxışları, düşüncələri, danışıqları. Yox mən bunlardan sıxılmıram, narahat da olmuram. Məni narahat edən bu insanlıqdır. Mənim haqqımda danışanda əlil deyirlər. Amma bilmirlər ki, əlil mən deyiləm, əlil normal insanı anormal kimi qəbul edənlərdir. Gözü görməyən bir insanı bu qədərmi yadırğayarlar, axı burda nə var? Həm də əlil sözündən nəsə heç xoşum gəlmir. Guya mədəni alınsın deyə deyirlər, amma qulaqda heç yaxşı səslənmir. Qonşu qadınlar danışanda eşitdim deyirlər ki, bu yazıq tək necə yaşayır, işlərini necə görür? Bir iki dəfə kömək də təklif ediblər, amma burda çətin heçnə yoxdur, alışandan sonra hər şey çox asandır. Deyirəm da mənə çətin gələn yeganə şey hərdən insanların bu cür dar düşünməsidir. Həm də mən tək deyiləm, çünki sən varsan. Sən hər zaman yanımdasan. Bu günə kimi mənimlə olmusan bundan sonra da olacaqsan. Nəysə, gözəlim, yuxum gəldi yatım, sənə bir gün də yaxınlaşmaq ümidi ilə yatıram. Gələcəm tezliklə bəlkə elə günü sabah, ya da sonrakı gün, bilmirəm, amma gələcəm, gözlə məni. Gecən xeyrə, səni sevirəm...


... dəfə oxunub
Qiymət: 7/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Şahnaz Əhmədova
Haqqında
o məni axtarıram, hələ tapmamışam deyə yaşayıram...
Əlaqə
E-mail:
sahnazahmedova@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0252 saniye