Günahkar idi yarpaqlar...
Nargis (Nərgiz İsmayılova) tərəfindən "Hekayə" bolməsinə 16:06 09 may 2015 tarixində əlavə olunmuşdur

Yaşıl libasıyla göz oxşayan bir ağacın altındaydı vətəni. Skamyanı himayəsinə götürmüşdü sanki ağac. O skamyanın üstündə oturanlar çox olurdu... Yayın cızhacızında günəşdən qaçmaq istəyənləri, sevgililəri, dostları daha kimləri qonaq etmişdi o. Çox parlaq rəngdəydi. Görünür, təzə boyanmışdı. Hər gün qonaqlarını qarşılayar, onların hisslərini, duyğularını, dərdlərini və hətta yalanlarını səbirlə dinləyərdi. Nələrə şahid olmamışdı ki... Orada gileylərini, dərdlərini unudub gedənlər də var idi, ümidlərilə, arzularıyla vidalaşanlar da. Təkcə skamya yox, ağac da, yarpaqlar da, hətta bəzən dəvətsiz müsafirlər olan quşlar da şahidi olurdular müxtəlif talelərin... Bəzən göz yaşları damcılayardı üzərinə duzlu-duzlu, bəzən gülüş səsləri diksindirərdi onu... Bəzən döşəyi olardı bir evsizin, bəzənsə cırmaq izlərini daşıyardı üzərində bir çarəsizin. Və bəzən də sualları qarşışında susardı bir yeniyetmənin “niyə sevmir axı?” “Kim sevir ki ” deyə bilmirdi... Günlər beləcə ötüb keçirdi. Quşlar sıxıldıqlarında gedirdilər. Fəqət nə ağac, nə də skamya gedə bilmirdi. Axı onlar ev sahibi idilər, səbirlə dinləyirdilər insanları və insan qiyafəsindəkiləri. Artıq çox insanı yaxşı tanımağa başlamışdı ağac da, skamya da. Bəzən ağac başını yelləyirdi eşitdiklərinə, yarpaqlarsa pıçıltıyla aralarında müzakirə edirdilər insanların problemlərini, dərdlərini, xəyallarını bəzən də riyakarlıqlarını. Zaman keçdikcə ruhuna müxtəlif qiyafətlər geyindirən insanlardan bezmişdi skamya da, ağac da. Yoxsa fəsilləri qısqanmışdı insan? Nə idi ruhundakı bu müxtəliflik? Əvvəllər yağış yuyub aparırdı skamyanın üzərindəki tale izlərini. Sonra yağış belə bir neçə damlaya sığdırmışdı salamını, bəzənsə yan keçirdi yağış, o da sıxılmışdı boyanmış niyyətlərdən, yorulmuşdu boyası axdıqdan sonra üzə çıxan acı gərçəklərdən, bəli bezikmişdi yağış da. İnsanların dərdinə ortaq olan skamya yaşlanmışdı, rəngi solmuşdu,dərisi çatlamışdı. Ağac da qocalmışdı, insanların hərəkətlərindən utanıb, qızarıb-bozaran yarpaqlar artıq rahatlıq istə24 yirdilər. Ağac küsmüşdü yarpaqlardan gizlətdiyi üçün sevgini, kədəri, yalanı və riyakarlığı. Ağac küsmüşdü yarpaqlardan ... Çətiri olmuşdu skamyanın yarpaqlar, öz yaratdığı insanın büründüyü qiyafəni, qırılmış ümidləri bəzən də sevgiylə gülümsəyən gözləri görə bilmirdi Tanrı, çətiri olmuşdu skamyanın yarpaqlar... Bəlkə də Tanrının göz yaşı idi yağış, dəliliyi idi ildırımlar... Ancaq tək gerçək var idi.
Günahkar idi yarpaqlar...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0242 saniye