Günahkar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 21:07 25 may 2015 tarixində əlavə olunmuşdur

İki qardaş olmalarına rəğmən həmişə qəsəbə sakinləri tərəfindən müzakirəyə qoyularaq tənqid edilirdilər. Səbəb isə anaları və özləri idi.

“Fahişə”ni tanımayan yox idi. 15 ilin “işçi”si vücudunun seksuallığını göstərməkdən ötrü geyindiyi geyimlərlə hər zaman şəhvətə düşkün kişilərin ağlını başından alaraq onları məharətlə yatağa “qonaq” aparır və “iş”ini tamamladıqdan sonra böyük məbləğlərlə həmin şəxsdən ayrılırdı. Evli qadınlar ərlərini ondan qoruya bilmədiklərindən gecəni ağlamaqla keçirib səhər heç nə olmamış kimi həyatlarına davam edirdilər. Qəsəbəyə “Günahkar şəhərcik” adı verilmişdi.

Qardaşların fərqi birinin qaradərili, digərinin asiyalı olması idi. Dəri rəngindən daha çox qalın dodaqlarına görə lağ edilən böyük qardaş, çəkik gözləri ilə barmaqla göstərilən kiçik qardaş atalarının kim olduqlarını bilmirdilər. Analarının söylədiyinə əsasən, gənc ikən “xarici qonaqlar” bir neçə günlüyə onun “qonağı” olmuşdular. O vaxtlar həddindən artıq saf və axmaq olduğundan dolayı uşaqları doğuzdurmaqdan başqa çarəsi qalmamışdı. Tez-tez deyirdi ki, kaş sizləri abort etdirərdim, bədənim pozulmayaydı, sizə görə pulsuz qalmayaydım, söyülüb döyülməyəydim.

Sabah böyük qardaşın doğum günü olmalı idi. Amma doğulduğundan bu yana bəxti gətirməmişdi. Bir istisna: çəkik göz qardaşı. Çinli, koreyalı, tayvanlı, yoxsa yapon olduğu dəqiq deyildi. Amma onu hər şeyə rəğmən çox istəyirdi. Həmişə onu yanında görmək, yardım etmək istəyirdi. Addım səsləri, ironik gülüşlər eşidilən zaman cəld böyük qardaşın arxasında gizlənirdi. Onu “qorxaq cücə” adlandırıb doyunca gülürdürlər. Ağlayaraq qardaşına sığınırdı.

Böyük qardaşın davakar təbiətli olduğunu bilməyən yox idi. Qanlı-qanlı baxışlarından tutmuş əllərini yumruqlayarkən dırnaqlarını ətə batırması nəticəsində kiçik qanama prosesi, nəfəs alıb verərkən qəzəb hirsindən burnun genişlənməsi, vəhşi bağırtısı ilə insanlara hücumu onu ələ salmaq istəyənlər üçün əla fürsət idi.

Amma bütün qəsəbənin onun təsəvvür etdiyi kimi olmadığını da yaxşı başa düşürdü. Əsası ilə titrəyə-titrəyə gəzən qoca dünyada nələrin var olduğunu, proseslərin mexanizm strukturunu iki qardaşa başa salarkən ətraf sakitçilik içində boğulurdu. Hər kəs ayaq saxlayaraq qardaşları müşahidə edirdilər. İçlərindəki hissləri qısamüddətli məəhv etməyə məhkum idilər.

Yazıb oxumağı qəsəbənin gözəllər gözəli bağça tərbiyəçisindən öyrənmişdilər. O, “yazıq”lara necə kömək edəcəyini bilmirdi. Hər dəfə hər ikisinin digərləri tərəfindən işgəncələrə məruz qalmasına sakit və soyuqqanlı şəkildə şahidlik etmək istəmirdi. Onun səsindən qorxub ətrafa dağılışanlar baxışlarını 2 qardaşa zilləyərək “yaxşı, bu dəfəlik qurtuldunuz, olsun, görüşərik” mesajını yollayırdılar. Əlində yodlu pambığı qanayan yerə astaca sıxıb üfürərdi.

Böyük qardaşın vur-tut bircə sirri vardı. Özündən savayı heç kimin xəbəri yox idi ki, ona-tərbiyəçiyə aşiq olmuşdu. Aralarındakı yaş fərqinə tüpürərək sevirdi, gecələrdə yuxusuzluğunun səbəbkarını sevirdi, anasından tutmuş onu ələ salıb ağladan qadınlara etdiyi nifrətə rəğmən sevirdi. Xəyalında canlandırırdı. Budur, əllərini onun gur və yumşaq saçlarına toxunduraraq sığal çəkir, yanağından öpür, əlindən tutaraq gəzir.

Sabah onun 11 yaşı olacaqdı. Bir yaş daha böyüyəcəkdi. Uşaqlığını yaşamadan, valideyn sevgisi görmədən.

Sabah...

9 yaşlı çəkik gözlü qardaşını yanına alaraq evi ömürlük tərk etdi. Anasına bir məktub buraxdı. “Səni bağışlayıram”...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye