Qürb çağı.
Günəş batır.
Çökür yerə yenə zülmət.
Yenə tənha,
Yenə sənsiz,
Yenə gözlərimdə həsrət.
Bir vaxt sənlə olan qəlbim
İndi sənsiz çəkir əziyyət.
Qəlb yandıqca gözlərdə yaş,
Xatırlayır ötənləri
bir-bir yaddaş.
Canlandıqca səhnə kimi
göz önündə həmin anlar,
qəlbim yanar...
Həmin anlar...
Sanki nağıl aləmiydi;
Bir sən idin bir də ki mən.
Görüşərdik hər gün səhər,
Ürəkdə yox idi kədər.
Biz Allahın ən sevimli bəndəsiydik,
Ki, olsaq da iki bədən
bir can idik…
Həmin anlar...
Mən kölgəydim, sən bir günəş,
İşığında görünərdim.
Sən gedərkən
zülmət içində ölərdim.
Həmin anlar…
Sən mən üçün bir dünyaydın.
Həyatıma məna verən
bir mənaydın.
Sənin ilə şirin idi,
həyat mənə.
İndi isə...
Necə deyim?
Yaşamıram ki söyləyim,
“Həyat şirindir ya zəhər”.
Sən gedəni yaşamıram,
Ruhən ölü cismən varam.
Sənsizliyə dözdüyümçün,
Sənsiz deyib güldüyümçün,
Səni tənha qoyduğumçün,
Bilirəm ki, günahkaram.
GÜNAHKARAM!!!