Gündəlik
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:54 09 iyul 2015 tarixində əlavə olunmuşdur

6 Yanvar: Yollar buz bağlayıb artıq. Bunu isti evimin pəncərəsindən izləyirəm. Əlimdə ləzzətli qəhvə burnuma qoxusunu vurmaqla məni bihuş edir. Tük basmış üzümü azacıq qaşıyıb qəhvədən qurtumlayıram. Telefonum zəng çalaraq məni səsləyir.

2 Fevral: Barmaqların klaviaturalarda gəzməkdədir. Gözlərim qıyılmış halı ilə yazımı diqqətlə oxuyaraq yayxanıb əminliklə gülümsəyirəm. Göndərirəm. Digər otaqdan uşaqların dava-dalaş səsi yüksəlir. Başımı bulayaraq kompyuterimdən aralanıram.

12 Mart: Həyat yoldaşımla birgə evi sil-süpür edirik. Birdən tozların ucbatından asqırıram. “Sağlam ol!”-deyir həyat yoldaşım. Əlimlə yanağına sığal çəkərək bağrıma basıram və qulağına xoş sözlər pıçıldayıram. Məmnun qalaraq qollarını belimə qoyub mənə daha sıx qısılır.

22 Aprel: Portal rəhbərliyi ilə aramdakı anlaşılmazlığı virtual aləmdə həll etməkdən bezərək onunla görüş təyin edirəm. Dəhlizə çıxaraq gödəkçəmi əlimə almağımla əkizlərin ayağıma dolaşmaları bir oldu. Əyilib 4 yaşlı oğlanlarımı yanaqlarından öpürəm.

17 May: Axşam qələm dostlarımı evimə dəvət edərək polemika aparıram. Neçə ilin qələm sahiblərini yuyub sərməklə məşğul ola-ola həyat yoldaşım bizləri ləzzətli çaya qonaq edir. Onun əlindən pürəm. Uşaqlar otaqlarından qaçaraq mənim dizlərimdə özlərinə yer tuturlar.

8 İyun: Hekayələrimdən ibarət 2-ci kitabım üzrə son hazırlıq prosesləri ilə maraqlananları bilgiləndirirəm. Təqibçilərimdən birinin digəri ilə sözləri çəpləşərək mövcud etik qaydalardan kənara çıxırlar. Hər birinə şəxsi ismarıc yolladıqdan sonra şərhlərini silməyə başlayıram.

29 İyul: Oxucularımla görüşürəm. Qələmdaşlarım da dəstəklərini nümayiş etdirərək mənim potensialım haqqımda müsbət düşüncələrini paylaşırlar. Saçlarım buruq balaca qız kitabımı sinəsində möhkəm sıxaraq mənə addımlayır. İri gözlərindən dodaqlarıma təbəssüm qonaraq onun yanağından çimdik alıb öpürəm.

3 Avqust: Gecədən xeyli keçsə də, kompyuter qarşısındayam. Yumruğumu dodaqlarıma dayayıb gözlərimi tənqidçinin kitabım haqqında yazısından ayırmıram. Sonra birdən gülümsəyərək kompyuteri söndürüb “Sənin tənqid etmədiyin kimsə qalmayıb ki” ironiyasını alçaq səslə bildirirəm.

19 Sentyabr: Doğum günümü qeyd edirəm. Ailəmin ətrafındayam. Az sonra mesaj səsi gəlir. “Müsabiqənin növbəti mərhələsinə keçmisən.” Sevincimdən atılıb düşərək əvvəl həyat yoldaşımı, sonra əkizlərimi qucağıma alıram. Onları doyunca öpürəm. Yaxınlarımın sevgi dolu təbrik zənglərinə boğuluram.

25 Oktyabr: Əkizlərim bağçadan ağlaya-ağlaya qayıdıblar. Eşitdiklərimdən qəzəblənirəm. Günü sabah bağçaya gedib tərbiyəçini rəhbərliyə şikayət edəcəm. Həyat yoldaşım bir tərəfdən uşaqları, bir tərəfdən məni sakitləşdirməyə çalışır. 4 yaşlı oğlanlarımı bağrıma basıram.

5 Noyabr: Yağış sürətlənir. Tıxacda ilişib qalmışam. Qol saatıma baxıb artıq axşamdan xeyli vaxtın keçdiyinə əsəbimi saxlaya bilmirəm. Yumruğumu sükana davamla endirərək yanımdakı sürücülərin diqqətini cəlb edirəm.

30 Dekabr: Uşaqlarıma aldığım hədiyyələri ehtiyatla yolkanın altında gizlədib həyat yoldaşıma göz vururam. Qapının zəngi vurulur. Təəccüblənirik. Birlikdə qapını açıb naməlum şəxsi nəzərdən keçiririk. Bizə bələdiyyənin təbrikini uzadır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0278 saniye