Fillər öləcəklərini əvvəldən hiss edərlər və ağrılı qışqırıqlar ataraq yaxındakı bir mağaraya doğru yola çıxarlar.O qışqırığı eşidən ətrafdakı fillər də mağaranın ağızında toplanarlar. Hər biriylə vidalaşıb sanki «halalllıq» alan fil, öz ailəsiylə təkbətək qalar.Başlarını və quyruqlarını bir-birinə sürtərək gözlərindən yaş tökərlər. Sonra öləcək olan fil arxasına baxmadan ağır addımlarla mağaraya yönələr.Yoldaşları və ya ailəsindən biri gəlmək istəsə, maneə törədilər, ona icazə verilməz.Və fil mağarada həyatına son verər...
Şərəfli bir ölüm və ləyaqətlə alınan halallıq,zənnimcə,fillərin simasında və zəkasında daha gözəl,daha aydın təcəlla edib.Bəşər övladının heyvanlar aləmi deyibən də,üzərindən keçdiyi bu aləmdən örnək alacağı xeyli nəsnələr var.Adəm övladı üçün hər iki dünyada halallıq zəruridir. Təəssüf ki,bəziləri halallığı yolun sonuna gəldiyi zaman xatırlar.Başqasının halallığına möhtac qalmamaq üçün,ən hamar yol haqqı olanın haqqını yeməmək, məzlumun haqqına girməməkdir.Halallıq daha çox ədalətsiz cəmiyyətlərdə unudular,gölgədə qalar və əhəmiyyətini itirər. Şah dövlət mülkünün bağçasından icazəsiz bir meyvə dərərsə,rəiyyət o ağacı kökündən çıxarmağa cəhd edər. Dövlət mülkü viran qaldığı zaman,nə halaldan,nə də ki,halallıqdan bir əsər-əlamət qalmaz.Əbədi olmayanlar içərisində əbədi olacaqlarını zənn edən cahil üçün həyatda nə halal,nə halallıq bir önəm kəsb edər.Əlin halallığı zəhmətdə,dilin halallığı qəlbləri fəth etməkdə,gözün halallığı naməhrəmləri görməməkdə,üzün halallığı xoş təbəssümdədir. Haqq,hüquq,ədalət yalnız və yalnız hallalıqla öz yerinə oturar.
Halallıq-bir insanın bu dünyadakı zəfəri,axirətdə qiymətli zəmanət kartıdır.Halallıq-Adəm övladının qazandığı ən böyük mənəvi sərvətdir.Halallıq-qaranlıq yol üçün tükənməz bir işıqdır.Halallıq-Ana südü qədər dəyərli bir sərvətdir...