Gecə daha çox hiss edərsən bunu. Qaranlıq otaq və dörd divar üzünə vurar yalnızlığını heç düşünmədən. Pəncərədən işıq saçan ay sanki təkliyinə ironiya ilə gülər...
Gecə yatağına uzanıb başını yastığa qoyanda hiss edərsən yalnız olduğunu. Səni saran bir cüt qolu həsrətlə düşünərsən... O isti qucağı düşünüb qıvrılarsan yerində tənhalığını dərk edən cılız insan kimi. Yanağında bir busənin izini axtararsan amma toxunmaz yanağını gəzən əllər....
Yalnızlığın səni gecə daha çox yorar, sakit və həzin gecə sənin sakitliyinlə ahəng olar, o da yalnızdır əslində. Eyni durumu paylaşarsınız, bir fərqlə... Gecənin tənhalığı səhər açılana qədər sürər, gün doğdumu tənhalıq duman kimi çəkilər, yox olar ta ki növbəti bir gecəyə qədər. Amma sənin tənhalıq hissin səninlə bütünləşib, ətrafındankı yüzlərlə insana rəğmən təksən, yalnızsan. Demək, tənhalığını gidərən, ona son qoyan o insanlar deyil, axtardığın onlar deyil. Başqa nəfəsdir, başqa gözdür, başqa səsdir... O gəlib səni tapana qədər, ya da sən ona varana qədər axtaracaq gözlərin, ürəyin, varlığın...
Tənhalıq hiss etdiyin an o boşluq səni sıxar, doldurulması qeyri-mümkün olan bu yerin sahibi ancaq özü gələrsə ora dolar. Kimlər gəlsə də, kimlər getsə də o boşluq var, daha da dərinləşər, günbəgün sızıltısı artar.
Hamının var oluşu sənin təkliyindir, insan izdihamı içində yalnızsan, təksən...
Aysel Abdullazadə...