Hansı mövzuda yazmaqla cəmiyyətə daha çox xeyir verə bilərik? – SORĞU
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 21:46 05 aprel 2014 tarixində əlavə olunmuşdur

Hazırda müxtəlif mövzularda yazan yazıçılarımız var. Onların bəziləri öz üslublarına uyğun mövzular seçirlərsə, bəziləri yaradıcılıqlarını cəmiyyətə “qurban verib”, cəmiyyətə xidmət edən mövzularda yazdıqlarını deyirlər. Bəs yazıçı bu günkü gündə hansı mövzuda yazmaqla Azərbaycan cəmiyyətinə daha çox xeyir vermiş olar?


Rüfət Yaqubov. Mənim fikrimcə, Azərbaycan cəmiyyətinin hazırki problemi insan haqqları məsələsidir. Azərbaycan ədəbiyyatında kifayət qədər insan haqlarının qorunması haqda kitab yoxdur. Ailələrdə, xüsusilə, gənc qızlara qarşı baş verən, belə desək - qızımı ərə verdim ifadəsi var. Fikir verin, qızım ərə qetdi yox, məhz, ərə verdim! Bu o deməkdir ki, yetkinlik yaşına çatmış gənclərin öz azad seçimi və həyatı yoxdur, bir çox kəndlərdə və Bakının özündə də dəfələrlə bu cür hadisələrin şahidi olmuşam. Digər tərəfdən ədəbiyyatımızda aktual olan milli mentalitet problemlərindən yazan yazarlarımız da azlıq təşkil edir. Təhsil və kifayət qədər hüquqlarımız haqqda məlumantlandırılmadığımıza görə bəzən kiçik görünən, amma baş ağrıdan problemlərlə üzləşirik.

Samirə Hüseynova. Maarifləndirici yazılar yazmaq lazımdır. Vətənpərvərlik mövzusunda yazmağa meyl edirlər, amma çox vaxt mövzudan kənara çıxırlar. Ona görə, intellektual yazılara ehtiyac var. İnsanlar beyinləri boşdur, bunu yalnız intellektual yazılarla doldura bilərik.

Məhəmmədəli İsayev. Fikrimcə, indiki dövrdə bu cəmiyyətin ən böyük problemi özünü dərketmə qabiliyyətidir. Yəni, insanların əksəriyyəti bu dünyaya nə üçün gəldiklərini, Tanrı qarşısındakı missiyasının nə olduğunu bilmirlər. Cavanlarımızın çoxu gününü çayxanalarda keçirir. Bunun əvəzinə özlərini mənəvi cəhətdən inkişaf etdirsələr, cəmiyyət üçün daha yararlı şəxsiyyətlərə çevrilərlər. Sözümün canı, bu məqamları insanlara aşılamalıyıq. Çünki ömrünün sonuna kimi vaxtını öldürüb, öləndə "axı mən yaşadım, nə gördüm" deməsinlər.

MirƏsəd Əfəndi. Fikrimcə, müasir yazar daha çox aktual məsələlərə (ciddi məsələlərə) aid tənqid yazmalıdır. İstedadı yoxdursa, bir səhifə esse, ya məqalə yazmalıdır. Aktual məsələ nədir? Məsələn, bir polisin rüşvətxorluğunu çaqqalın qoyunu aldatması kimi təşbeh formasında göstərə bilər. Ya da balaca bir uşağın ağlayaraq atasından telefon istəməsini. Universitetdə "varlı day-daylar"ın balalarının yoxsul, çalışqan uşaqlardan daha çox hörmətli olduğunu (əlbəttə müəllimlər arasında), bir qızcığazın 13-14 yaşında ikən fahişəliyə cəlb edildiyi (məcbur qaldığı) göstərə bilər, məsələn... Yəni, məsələlər çoxdur, amma bunları qələmə alacaq şair indi azdır. Boş-boş seks pozalarından yazan elə çoxdur ki, indi... İnsan ədəbiyyatdan nifrət edir.

Samir Ufuk Ali. Yazıçı xalqı maarifləndirməlidir. Oturub şou-biznesdən yazsam, çox oxunar, amma ortalıqda heç nə olmaz. Psixologiyadan, macərdan, dedektivdən yazsam, çox az adam onu anlar. Sevgidən yazsam, hamı Leyli-Məcnun olar. Ancaq bizə bu, lazım deyil.

Aykan Hüseynli. Yazıçı insan hislərinə, psixologiyasına müsbət təsir edəcək, gələcəyə ümidləndirəcək yazılar təqdim etməlidir. Hazırda bir çox insan psixoloji cəhətdən əziyyət çəkir. İnsanları gələcəyə ümidləndirmək, depressiyadan qorumaq lazımdır.

Xuraman. Hər kəs yaman pessimistləşib, təkləşib. Onlara öz ruhlarını izah edən kimsə yoxdur. Onlar şeirə, ədəbiyyata, musiqiyə önəm verirlər. Yaıçı yazılarında oxucunu açmalıdır, “bax, tək deyilmişsən”, - deyə bilməlidir. Digər bir məqam, hazırda Azərbaycanda lideral və ya qondarma liberallar var. Humanizm avropapərəstliklə qarşı-qarşıyadır. Həmişə səhv anlaşılan mövzudur. Buna görə, yazar öz yazılarında vətən, millət ruhu yaratmalıdır. Hər yazar yazısının Tanrısıdır. O, oxucunu səthə yox, nüvəyə daşımalıdır.

Sevinc Bayramova. İndiki yazarlar məişət mövzusuna o qədər aludə olublar ki, vətənpərvərlik mövzusu unudulub. Elə biri mən. Biz oxucuların diqqətini cəlb etmək üçün məişət mövzularına üstünlük veririk. Halbuki, 20% torpaqlarımız işğal altındadır. Yazıçılar elə yazılar yazmalıdırlar ki, sabahısı gün müharibə başlasa, gənc oğullarımız, qızlarımız bir nəfər kimi cəbhəyə yola düşsün. Buna ancaq vətənpərvərlik ruhunu aşılamaqla nail ola bilərik. Yoxsa, sevgi, intiqam, dostluq və s. bu kimi eyni mövzularda yazsa, millət cəbhədən aralı düşər. Eşqdən o qədər yazmışıq ki, bu gün gənclərimiz səngərdə dayanmaq əvəzinə eşq dalınca səngərdən qaçırlar. Kaş vətənpərvərlik mövzusuna diqqət verməyi bacaraq; kaş bizim yazılarımızın qəhrəmanları Ramil Səfərov, Mübariz İbrahimov, İbad Hüseynov kimi real şəxslər ola, mifik obrazlar yox...

Təbriz Nərimanlı. Əvvəla, ananın uşağına qarşı hiss etdiyi böyük sevgi və onun üçün qatlandığı əziyyətlər. Çünki yavaş-yavaş ailə dəyərlərimizi itiririk. İkincisi, əsl sevginin seksdən tamamilə başqa olduğunu göstərən ədəbi nümunələr yaratmalıyıq. Gənclərin bu mövzuda düzgün istiqamətləndirilməyə ehtiyacı var.

Əfsanə Saqıyeva. Cəmiyyəti savadlandıracaq, cəhalətə, avamlığa, qorxaqlığa yox deyəcək, insanların duyğularına təsir edə biləcək, vətənə qarşı əsl sevgi yaradacaq mövzulara ehtiyac var. Cəmiyyətə xeyir verə biləcək mövzular insanlara həqiqəti göstərən mövzulardır. Hazırda isə vətənpərvərlik mövzusu daha aktual omalıdır. Çünki bu hiss bizə daha az aşılanır.

Səbinə Məmmədzadə. İntellektual mövzuda yazılara ehtiyav böyükdür. Pessimist ruhlu yazılardan çox optimizm aşılayan yazılar lazımdır. Gənclərimizi psixoloji cəhətdən möhkəm etməliyik.

Peykər İbrahimova. Azərbaycan ədəbiyyatında yazıçı hazırda vətənpərvərlik və müsbət keyfiyyətlərin aşılandığı mövzularda yazmalıdır. Fikrimcə, müsbət keyfiyyətlərlə bağlı mövzular bütün dövrlər üçün aktualdır. Bununla yanaşı, müasir Azərbaycan cəmiyyəti üçün aktual mövzularda əsərlər yazılsa da, hər oxucunun, hətta əlinə ildə bir dəfə kitab alan insanın da özünün mövzu çərçivəsi olur və həmin mövzuda oxumağa üstünlük verir. Yazıçı aktual və cəmiyyətə xeyir verə biləcəyi mövzuda yazsa da, müəyən kütləni özünə cəlb edə biləcək.

Faiq Hacıbalayev. Kitaba, ədəbiyyata maraq oyadan əsərlər yazılmalıdır. Ehtiras mövzusunda yazılan yazıların sayı azalmalıdır.


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.042 saniye