Hara gedir sabahımız? - Bəxtiyar Vahabzadə
Vəfa Teymurova tərəfindən "Audio kitab" bolməsinə 14:17 08 avqust 2014 tarixində əlavə olunmuşdur

Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq...
***
Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik
Gördüm, əsrin sınağından
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.
***
Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
Indi ulu Yaradandan soruşuram:
- De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasında
Bəlkə bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz
qalmışıq?
Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə çıxdaş dedik.
***
Özgəsini yamsılayıb elə bildik:
Biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.
***
Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.
***
Mədəmizi ağlımıza
Dəyişməyi şərə sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib 
Allahımız,
Hara gedir sabahımız?
***
Dəryamızı bəyənməyib
Özgəsinin hovuzunda üzürüksə,
Yad dilində dil-dil ötüb
Doğma ana dilimizə
Əgər dodaq büzürüksə,
Inamımız, imanımız
Ya heç yoxsa, ya çürüksə
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Vicdan adlı bir mələkdən üz
döndərib
Iblisliklə barışdıqsa,
Ləyaqəti tapdalayıb
Özümüzdən yuxarıya yarındıqsa,
Dinimizi pula satıb
Özgə dinə sığındıqsa,
Ruhanimiz dəllal isə, tacir isə,
Anasının əmcəyini
Kəsən ilə əlbir isə
Rüşvət "Hacı" rütbəsini
Qazanmağa tədbir isə
Demək, yoxmuş Allahımız,
Hara gedir sabahımız?
***
Bir ölkədə satan varsa
Öz halalca torpağını,
Biz özümüz söndürdüksə
Dədəmizin yandırdığı siqarını,
Ayır görüm əməllərin
Qarasından sən ağını.
***
Bu nəsildən o nəsilə tel qırıqsa,
Tayfamızı millətimiz,
Evimizi Vətənimiz sanırıqsa,
Vətən, millət namusunu danırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Ömür boyu haram yeyib,
Başqasının halalına cumuruqsa,
Bir tikəyə möhtac olan əlacsızdan
Əgər rüşvət umuruqsa,
Gözümüzlə gördüyümüz dəhşətlərə
Gözümüzü yumuruqsa,
Özümüzdən ağır gələr günahımız,
Özümüzü yandıracaq öz ahımız.
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+25=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0403 saniye