
Harda var...
Müəllif: Mövlud Ağamməd
Gedək, dedin buralardan,
Biz olmayan yer harda var?
Hara getsək, dərd ələnir,
Gəz, olmayan yer harda var?
Gözəllərdə insaf hanı,
Görməmişəm vəfasını.
İçək cövri-cəfasını,
Süz, olmayan yer harda var?
Dərd tökülür yanaqlardan,
Çıxmaq gərək sınaqlardan.
Tənələrdən, qınaqlardan,
Bez, olmayan yer harda var?
Bu dərd bizim ikimizin,
Qurbanıyıq sevgimizin.
Sürünürük dizin-dizin,
İz olmayan yer harda var?
Yanaq gülə,qaş hilala,
Canım qurban xəttü-xala.
Düşdün Mövlud qeylü-qala
Döz,olmayan yer harda var?
9.05.2019.Mövlud Ağamməd.Zərdabi.