heç kimdən, heç kimə məktub...
Bəhram Həsənov tərəfindən "Esse" bolməsinə 12:04 23 aprel 2014 tarixində əlavə olunmuşdur

..məktub yazıram. Kimliyini, harda olduğunu və bu məktubu nə vaxt oxuyacağını bilmədən. Bu məktubu oxuyanda bəlkə də mənim kim olduğumu da bilməyəcəksən. Bu məktub heç kimdən, heç kimə yazılmış bir məktubdur...

İnsanın həyatında hər cür günlər olur. Həyatdır yaşayırıq. Asan, çətin. Bəəzn bezirik yaşamaqdan, yaşadıqlarımızdan. Bəzən yaşamadığımızın, ya da ən azından istədiyimiz kimi yaşamadığımızın fərqinə varırıq. Üsyan edirik. Kimə üsyan etdiyimizin fərqinə varmadan. Bəzən özümüzə, bəzən cəmiyyətə və bəzən də Allaha. Özümüzə qarşı üsyanlarımızı içimizdə boğuruq. Cəmiyətə qarşı üsyanımız cəmiyyətin vecinə də olmur və buzun üstünə düşmüş köz parçası kimi közərib-közərib sonunda sönür. Allaha olan üsyanımız ... və bəzən düqşünürəm ki, üsyanımız Allahadırmı?! Bəlkə elə Allah deyə üsyan etdiyimiz qalib gələ bilmədiyimiz mənimiz, bizə soyuq münasibət göstərən cəmiyyətimizin beynimizdə olan əksidir?! Bəlkə elə bizim xəyallarımızdadır o, bizim ona olan üsyanımız kimi?! Və bəlkə O heç yoxdur...

Bəzən o qədər doluruq ki, havayla dolu sabun köpükcüyü kimi bir toxunuş lazım olur partlamağa və bu partlayış sadəcə bizim özümüzü məhv edir. Ətraf bunun fərqində belə deyil. Düşünürsən ki, sən kimdənsə inciyəndə o da üzülür. Yanılırsan, bu mühitdə Nyutonun “təsir əks təsirə bərabərdir” qanunu işləmir nə yazıq ki. Üzülsə üzr istəyərdi, yanında olardı ya da ən azından üzüldüyünü göstərərdi. Incimə, yox, heç nəyi vecinə alma demirəm, sadəcə insanların sənə qarşı olan rəftarından incimə. Onlar da sənin kimi özlərini düşünürlər sadəcə. Sənin xətrinə dəyəcək bir hərəkət bəlkə də onun illərdir etmək istədiyi və həmin anda fürsət tapdığı bir işdir. O sənin düşündüklərindən, 5 dəqiqə əvvəl yaşadıqlarından xəbərsizdir. Necə ki, sən onun yaşadıqlarından xəbərsizsən. O səni düşünə bilər və bəlkə də düşündüklərini də. Amma o sənə sən ondan uzaq olduğun qədər uzaqdır və o günahkar deyil.

Yəqin fərqindəsən ki, heç kim anlamır. Anlamq istəyənlər var, amma anlamırlar. Onlar da sənin kimi düşünürlər. Sən həmişə “haqlı” olduğun kimi onlar da həmişə “haqlı”dırlar. Əks fikirlərdə olsanız belə hər ikiniz haqlı olmaq iddiasındasınız. İkinizdən biriniz və ya heç biriniz haqlı deyilsiniz, pəncərənin hər tərəfindən görüntü başqadır. Kimin barmaqlıq arxasında olduğu hansı tərəfdən baxdığından asılıdır. Sənin hansı tərəfdə olduğun deyil, sənə baxanın hansı tərəfdə olduğu önəmlidir. Və beləcə sənin “həqiqətin” cəmiyyətin güzgüsündə tərsinə görünəndə təəccüblənmə. O sənə əks təərfdən baxır. Səni anlamayanlar və ya anlaya bilməyənlər kimi. Heç kim sənin gördüklərini sənin gözündən görə bilmir. Ona görə də anlamırlar, anlaya bilmirlər...

(c) Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0315 saniye