Heç tanımadığım biri ilə söhbət...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 01:28 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Heç tanımadığın, heç vaxt görmədiyin biri ilə danışmaq, tanıdığın bir adamla dərdləşməkdən daha rahatladıcıdır. Adını belə soruşmağa ehtiyac duymadan, sadəcə bəlirli bir zaman kəsiyində içindən gələnləri danışmaq, dinlənildiyini görmək sakinləşdirici preparat qəbul etmiş kimi hiss etdirər.

Mən dənizi çox sevirəm, dəniz mənim üçün mövsümsüzdür. Bu üzdən 4 mövsüm, ən az həftədə bir dəfə mütləq ziyarətinə gedərəm. Bu ziyarət mənə rahatlıq, hüzur verir. Dənizdən başqa heç yerdə bu hüzuru ala, mənimsəyə bilmirəm.

Tam da bu vaxtlarda dəniz sakitlik olur, soyuq hava nədənilə heç kim ona pənah aparmır. Ancaq, yayda sevirlər dənizi, umacaqlı sevgi deyil mi? Sənə gərəkdiyi üçün sevirsən.

Halbuki, mən qar dənələrinin dənizin üzərinə düşüb suya necə qarışdığını izləmişəm, yağmurun dənizin içində açdığı çuxura xəyallarımı gömmüşəm, qızmar günəş altında istidən buxarlanan ləpələrə baxmışam və buludlu, şehli bir yaz səhərində nəmli qumsallıqda dənizin qoxusunu ciyərlərimə çəkmişəm. Mən dənizi hər fəsildə sevmişəm.

Bu sakitlikdə dənizə gedər, kitab oxuyardım, ya da nələrsə qaralayıb içimi tökərdim ağ vərəqlə dənizin vəhdətinə. Bəzən də qumlu sahilində oturub, səssizcə coşğun dalğalar üzərində xəyallarımı səhnələşdirərdim. Sadəcə dənizə açardım içimi...

Belə günlərdən birində samovar qaynadan və mənə həmişə bir stəkan limonlu çay gətirən yaşlı bir kişidən başqa kimsə yox idi dənizdə. Susaraq dənizlə danışırdım, üşüsəm də ovucumda sıxdığım çay stəkanınının istiliyi vücuduma yayılırdı. Anidən yanımda birinin olduğunu gördüm. O qədər dalmışdım ki, bir az irəlidə dayanan maşını və maşından düşüb yanıma qədər gələn adamın varlığını hiss etməmişdim.

Salam verib həyəcanlı baxışlarla üzümə baxdı. Niyə yalnız oturduğumu soruşdu. Mən isə: "yalnız deyiləm, burada görüdüyünüz nə varsa, hamısı mənimdir - dəniz, qum, rüzgar və arabir düşən yağmur damlaları..." - dedim. Yanımda - qumların üzərində oturdu, o, gənc bir oğlan idi. Bir az təlatümlü idi. Sanki heç vaxt yalnız, dənizi izləyən bir qız görməmişdi. Yerdə əyləşəndən sonra bir az həyəcanı keçmişdi.

O gün üç saat üçümüz söhbət etmişdik. Dəniz, adını bilmədiyim gənc oğlan və mən... Adını heç sonra da bilmədim, çünki onu bir daha görmədim. O söhbət mənə həyatımda ən maraqlı, ən rahatlıq verən, ən şirin söhbət olmuşdu. Bir-birimizin haqqında heç nə bilmədən, sadəcə dərdləşmişdik o gün.

Bəlkə də, tanışlığımız olsa, adlarımızı, yaşımızı, kim olduğumuzu bilsəydik, o günün sehri itəcəkdi. Bu gün o gözəlliyi bu cür sehrli xatırlamayacaqdıq. Bilinən tək şey məkan idi - Novxanı...

Bir gün mütləq heç tanımadığınız biri ilə söhbət edin və heç vaxt o adamla qarşılaşmadan, tanışmadan o söhbətin sehrini özünüzlə daşıyın!

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye