Həftənin 8 günü, günü 25 saatı...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 19:53 21 iyun 2015 tarixində əlavə olunmuşdur

...7 yaşım vardı. Ailədə yeganə uşaq idim. Bəzən nadincliklərimlə valideynlərimin qəzəbinə səbəb olsam da, onları çox sevdiyimdən onlarsız həyatımı təsəvvür edə bilmirdim. Amma bir gün...

...Payızın ortaları idi. Məktəb binasında çıxarkən məni gülər gözlərlə gözləyən anamı görmədim, qonşumuz Reyhan xala gəlmişdi. Məni görcək tələsik nəmli yanaqlarını qurulayıb zoraki təbəssüm etdi. Ondan anamı soruşanda bildirdi ki, anam xəstədir. Əlindən tutub yolboyunca anamın niyə xəstələndiyinin səbəbləri haqqında Reyhan xalanı sorğu-suala tutdumsa, yarımçıq cavablarından heç nə anlaya bilmirdim. Səsi titrəyirdi, sanki mənə dəhşətli xəbər verməkdən çəkinirdi. Məhəlləyə çatdıqda həyatın dayandığını sezdim. Hər kəs mənimlə göz təmasından qaçırdı. Reyhan xalanın əlindən qaçıb pilləkanları necə dırmaşdımsa özümü qapının qabağında tapdım. Qapı bağlı deyildi. Yarıaçıq vəziyyətdə içəridən səslər gəlirdi. Heç sezilməyən addımlarımla dəhlizə, zala girdim. İki uzun qutu. Digər qonşumuz Fariz əmi məni kandarda görüncə təlaşlı səsi ilə adamlara məni burada uzaqlaşdırılmasına əmr verdi. Ayaqlarım getmək istəmirdi. Hiss edirdim ki, nəsə pis hadisə baş verib. Sadəcə uşaq ağlımla bunun nə olduğunu tam dərk edə bilmirdim. Qışqırırdım, mənə uzanan əlləri yumruqlayırdım, “ata, ana, hardasınız?” deyə səslənirdim onlara. Nəhayət, Fariz əmi özü yaxınlaşıb dizlərini döşəməyə qoydu, boğazını arıtlayaraq mənim getməyimi xahiş etdi. Gözlərim qıpqırımızı qızarmışdı. Reyhan xalagildə qaldım 3 gün. Evdən çıxmağıma, atamla anamı axtarmağıma icazə vermirdilər. Günlərin birində evdə məndən başqa heç kim yox idi. Uşaqlar məktəbə, Kamran əmi işdə, Reyhan xala mağazada. Yenə qapıya yaxınlaşdım. İnanılmaz idi sadəcə. Reyhan xala qıfıllamağı unutmuşdu deyəsən. Yaranmış fürsətdən istifadə edərək qaçdım. Qapını döydüm, səsləndim, ağlayaraq yalvardım, nəticəsiz qaldı. Pilləkanlarla aşağıya sürətlənib məhəlləy düşdüm. Orada da tapmadım, digər məhəllələrə keçid etdim, yenə də tapa bilmədim. Artıq qorxmağa başladım, göz yaşlarım yanaqlarımı yandırırdı. Məni atıblar? Məni sevmirlər artıq? Qaçdıqca qaçırdım. Haraya doğrulandığımı özüm də bilmirdim. İnsanlara dəyirdim, onların nalayiq sözlərini eşitmirdim. Axşam düşüncə bir skamyada əyləşib məndən yaşca böyük-kiçik uşaqların ata-anaları ilə necə gəzdiklərini, onlara alınan şirniyyatları gördükcə valideynlərim yadıma düşürdü. İncik idim onlardan. Axı niyə məni atıblar? Nəyi səhv etmişəm? Elə skamyada yuxuya getdim...

...Mənim uşaqlıq taleyim artıq atasız, anasız idi. Ac qalmamaq üçün digər uşaqlara qoşulub dilənməyə başladım. Sayımız 15-dən çox idi. Binaların dəhlizlərində, liftlərdə karton üzərində yuxulayırdıq. Bizə dəyib toxunan olmasa da, pula görə əlimizi açarkən ya kobud söz, ya da iyrənc baxışlarla rastlaşırdıq, polisin fit səsinə dərhal oradan uzaqlaşırdıq. Yeməkdən savayı geyim də oğurlayırdıq. Məcbur idik. Yaşamağa məcbur idik. Atamla anam yuxularıma girirdilər, özümü ağlamaqdan saxlaya bilmirdim, onlara qızğın idim, amma sevməkdən vaz keçə bilmirdim...

...Soyuq qış günlərindən biri idi. Səkilərin birində əyləşib əlimi açmışdım. Ovcuma qar dənələri yığılırdı. Yenə də xatirələrim oyandı. Atamı, anamı xatırladım. Gözlərimdən biixtiyar yaş səpələnməyə başlandı. Və kiminsə iri, yekə əlini çiynimdə hiss etdim birdən. Başımı çevirəndə bir polisi görcək cəld qaçmağı düşünsəm də, məni sürüyə-sürüyə maşına saldı. İçəridə məndən savayı daha bir neçə uşaq vardı. Qapılar örtüləndə içəri qaranlıq idi. Ancaq gözlər parıldayırdı. Bir-birimizə qorxu ilə baxırdıq. Sanki satqınlıq edirmiş kimi vicdan əzabından günahkar idik. Mən küncdə əyləşib dizlərimi qucaqlamışdım. Maşın yırğalana-yırğalana getməkdə idi. Qapının açılması isə gözlərimizi qamaşdıran gur işıqdan qorunmaq məqsədi ilə əllərimizi çətir halına gətirdik. “Cəld! Enin maşından! Tez olun!” bağırtısı altında hamımız maşından çıxdıq. Qarşımızda 3 polis və bir qadın dayanmışdı. Buranın isə bizim kimi uşaqların məkanı olduğunu öyrəndik...

...Əsl kabus başlandı. “Şvabra”lar kürəyimizdə gəzirdi, “karser”ə salınırdıq, nəzarət üçün qorxu filmləri izlədirdilər bizə. Sərt qayda-qanun hökm sürürdü. Hamı bir nəfər kimi səhər tezdən oyanmalı, əl-üzünü yumalı, səhər yeməyini təmiz yeməli, məktəbə getməli, dərslərini hazırlamalı, “film” izləməli, yatmalı idi. Cəzadan qorxurduq. Müdirə heç birimizə rəhm etmirdi. Onun gözü qarşısında döyülürdük. Yalvarırdıq, amma nə tərbiyəçilər, nə də müdirə səsimizi eşitmirdilər. Hətta məktəb pedaqoji şurasının üzvləri belə bizləri görməməzlikdən, eşitməməzlikdən gəlirdilər. Üz-gözümüzdəki yara, göyərmə izlərini veclərinə almayaraq sərt tələbkarlıqla davranırdılar. Eyni rəftarı digər uşaqlardan da görməyə məhkum idik təəssüf ki...

...Artıq oranı tərk etmişəm. 21 yaşım var. Fəhləliklə, satıcılıqla, ofisiantlıqla qazanc əldə edib həyata davam edirəm. O illər heç vaxt yaddaşımdan silinməyəcək. Həftənin 8 günü, günün 25 saatı idi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0282 saniye