Sən hələ çox gəzəcəksən misralarımın arasında,
bənd-bənd, cümlə-cümlə, hərf-hərf keçəcəksən ürəyimdən
Qafiyələrdə görünüb sükutumda itəcəksən,
elə biləcəksən, toxuna bilmirəm sənə…
Mənsə ruhuna axıram hər dəfə vəcdə gələndə
Hər bədahət gələndə əllərindən tuturam, sən hiss etmirsən,
Gözlərində yüzlərlə arzu bəsləmişəm,
qarşılaşsaq təsadüfən,
mənə baxanda yerinə yetsin deyə…
Saçlarında ruhumun bir hissəsi dolaşır daim,
sığal çəkir onlara sən yuxuya gedənəcən,
saçların dağılır hərdən ağlım səndə qalıb həsrətim uçuşanda,
küləkdən deyil, küləkdən deyil,
sənə elə gəlir...
Hələ çox gəzəcəksən misralarımın arasında,
dolanbac hisslərimdən keçəcəksən mənsiz, təkbaşına
Mən hərflərdən yollar quracağam sənə gedən
hamısı da ünvansız, mənzilsiz...
Asan deyil yol salmaq və hər gün çətinləşir sənə doğru yol almaq da
Başqa hərflərin başlatdığı sözlərdən,
yad və sənsiz cümlələrdən yorulmuşam
Bax elə bu səbəbdən bəzən lal olmaq da,
susmaq da istəyirəm birdəfəlik.
Heyf ki, biz ı və ğ hərfləriydik,
iki sözü başladıb bir cümləyə çevrilə bilmədik...