Nə qədər Günəş var, yaşayar insan.
İnsan öz ömrünü son edə bilməz!
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
Heçdən heç yaranmır, heç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, dünya nizamsız qurula bilməz!
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? - bu ola bilməz!
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstü də,
Heçdən yaranmayıb, heç ola bilməz!
* * *
Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!!!!
18.10.1996 / Bakı