Sənsiz ürəyimdə heç təpərim yox,
Ataların söylədiyi , düşmənlərə
bir göz dağı, çəpərim yox.
Sən baharda gül - çiçəyim,
payızda barım - bəhərim,
qışda bəyaz qarım idin.
Tanrıdan ən şirin payım,
dövlətim,
sərvətim,
varım idin.
Sən mənim arxam, dayağım,
fəxrim- iftixarım,
Vüqarım idin.
Bir anım da sənsiz deyil,
yoxluğuna inanmıram.
Xəyalınla danışmaqdan
yorulmuram,
usanmıram.
Sözümün əvvəlində,
sonunda varsan.
Sənsiz vurmur sanki qəlbim,
gülmür üzüm,
qurtarıbdır elə bil ki,
aşıb - daşan
təbim - sözüm.
Yaxşı bilir,
bilir Rəbbim.
Bilə - bilə ki
dönüşün yox,
hər gün səni gözləyirəm.
Bu yolları,
cığırları
gah ümidlə,
gah ümidsiz,
səni görmək həsrətilə
izləyirəm.
Bu ayrılıq bitən deyil. bilirəm.
Ayrılığın sonu yoxdur,
yoxdur, yox.
Tanrım verən
bu həsrətlə yaşayıram,
ürəyimdə ağırlığı bilinməyən,
heç kəslə bölünməyən,
nə boyda dərd daşıyıram.