***
bu aralar çox sərxoş oluram,
gündüzü gecəyə,
gecəni musiqiyə qatıram.
bu aralar yaman darıxıram,
min doqquz yüz doxsan üçüncü ildə
atamın qış əlləri üçün.
yadıma gəlir
ilk dəfə" ana" sözünü,
mənə gözəl yazmağı
o ,
öyrətmişdi.
o zaman evimizdə işiq yox idi,
soba da sönmüşdü.
mənsə yeddi yaşında uşaq,
soyuqdan,
qaranlıqdan qorxub,
səliqəsiz yazmışdım "ana" sözünü.
onda atam çox əsəbləşmişdi.
"ana" sözünü bahar gələndə gözəl yazmağa başladım,
mənim uşaq əllərimə,
atamınsa əsəbi gözlərinə,
istilik gəlmişdi.
indi amma iki min on beşinci ildir,
atam ölüb,
anam xəstə.
mənsə ,
iyirmi doqquz yaşlı bir adam,
hər gün sərxoş,
şeirlə ahəstə.
bu aralar yaman darıxıram.