Hər səni xatırlayanda
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 11:09 01 aprel 2019 tarixində əlavə olunmuşdur

Hər səni xatırlayanda
günəşə toxunmaq keçir içimdən...
Bunun üçün depressiv tramplinlərim də var mənim.
Bilirsən axı,
başım daşa dəyməmiş əl çəkə bilmirəm bu həvəsimdən
bilsəm də ki, yüksələn hər şey düşür əvvəl-axır...
Sən axırını lap başından görmüşdün,
əvvəl tənqidlərin işə düşdü,
ardınca narahatlığın
və nəhayət, ittihamların...
Hələ də anlamırdın ki,
heç bir əzab ya ittiham qorxuda bilməz şairləri...
Sən məndən çox özündən qorxurdun bəlkə də
və bərk-bərk sıxmışdın ürəyində
gülüşünün ardında gizlədiyin sirrləri...
Halbuki, qorxulacaq ən son adam idi
imanı sevgi,
tanrısı insanlıq,
doğması tənhalar,
vətəni isə dünya olan,
cəhənnəmə belə inanmayan
şair ruhlu bu sərsəri...
Çox arzu-istəyi yoxdu,
bircə ikiüzlü allahdan qaçmaq idi fikrindəki,
bir də səni heç olmasa,
hərdən görmək dərdi-səri...
İnan, yüküm ağır deyil, içimdə sən varsan deyə...
Sadəcə, bu ünvansızlıq taqətdən salır ruhumu,
bəzən də soruşuram özümdən;
'aranızda keçilməz bir divar hörən
o səbrsiz acı dilin
de görüm, məmnun oldumu?!'
Sənə gedən bir yol vardı,
səmti bəlli, yönü bəlli,
hər an açıq, sevinc dolu.
Nə bir kədər, nə iztirab, nə həsrət bağlamazdı onu,
mən isə özündən qaçıb keçmək üçün dirəndiyi coşqun və dərin çaydan
əlinə keçən hər bir şeyi düşünmədən o çaya atan
çılğın bir məhbus kimiydim...
bircə zamanı dondursam,
həmin günə dönə bilsəm,
qıra bilsəm əllərimi,
susdura bilsəm od püskürən hisslərimi...
Mən susqun baxışlarımla zillənsəm gözlərinə,
sən isə sakitcə yolun açıq olsun desən mənə,
ünvan filan istəməzdim,
həsrəti yola salardım o ünvansızlığa
və səni görmək üçün dediyin yolla gedib-gələrdim daimi...
İndisə boş baxışlarla boylanıram keçmişin ardınca,
yorulur göz qapaqlarım,
həsrətin əldən salınca,
ən zəif silahdaşım - yaddaşım bulanıqlaşır,
tükənir xilas olmağa çalışan güc istəyim də
və baş vurur son çarəyə,
inandırmağa çalışır, guya qara basıb məni,
şüurum və duyğularım oyun qurublarmış mənə,
guya hər şey yalan imiş, sən əzəldən yoxsanmış...
Sinəmə ağırlıq çökür, sevinirəm ki, yanılmışam,
görürəm, ürəyimdəsən,
sənə deyəcəklərimdən
sənə gedən yol tıxanmış...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0211 saniye