İnsanlarımızın reallıqlardan qaçmaq, onu görməzdən gəlmək, hər şey mükəmməl imiş kimi davranmaqları çox banal və aciz görüntü sağlayır. Sanki bu cəmiyyətdə yaşamır, heç nədən xəbəri yoxdur, bütün problemlər həllini tapıb, hər şey müdhiş bir gözəllikdədir.
Adam həkimdir, adı-sanı bir tərəfə, yaşına hörmət edirsən, düşüncəsinə baxırsan bayaqkı hörmətindən utanırsan.
"Anaların eqoistcəsinə oğul sevgisi" yazımı paylaşmışam, deyir belə bir məsələ müzakirə olunmaz, analar müqəddəsdir, ana müzakirəyə çıxarılmamalıdır. Adamın fikrinin cılızlığına baxın: "Ana balasını qısqanmaz, bu cəfəngiyatdır".
Ay ağsaqqal, sən bu cəmiyyətdə yaşamırsan? Sən hər şeyi mükəmməl görürsən? Ailə dağıdan qadınlar, oğluna sevmədiyi halda öz bacısı-qardaşı qızını alanlar, gəlinə gün verib işıq verməyənlər, yoldaşı ilə gəzməyə çıxanda niyə gedirsiniz deyib qanqaraldan, gəlini atası evinə getməyə qoymayanlar, bu əsarətdən daxilində bir məmunluq duyan, sevinən qadınlar, oğul evlənib ayrı evə çıxmaq istəyəndə ətəyindən yapışıb "səni mən böyütmüşəm, yedirtmişəm, geyindirmişəm" kimi etdiklərini qabağına qoyub minnətli həyat yaşadanlar, həyatı zindan edən analar yox mu? Bu qədər gözəldir hər şey? Heç belə qadınlar yoxdur yəni? Bəs, onda kimdir bu ailələrə ədavət salan, hətta boşanmalara gətirib çıxaran insanlar?
Siz görməzlikdən gələ bilərsiniz, amma biz reallıqları görürük və deyirik. Bu, sizə ağır gəlirsə, siz mükəmməl, xəyal dolu həyatınızdan kənara çıxmayın, lütfən! Amma başqalarının işinə və müzakirəsinə də qarışmayın!
Bir də, hər yazı bir situasiya üzərində qurulur. Yazını oxuyub gəlinlərin etdiklərini misal gətirənlər, müzakirə bacarığı olmayanlardır. O məsələnin başqa bir tərəfidir. Bu yazıda önə çıxarılan məsələ, ananın oğluna bağlılığının övladın gələcəyini pərçimləməsi mövzusudur.
Sayğılarla...
Aysel Abdullazadə