Hər şey pis olmayacaq
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 20:08 30 iyul 2016 tarixində əlavə olunmuşdur

“Hər  şey  yaxşı  olacaq!”. Bu  cümləni  çox  eşitmisiniz. Amma  bu  cümlə  həqiqəti  əks  etdirmir, baxmayaraq  ki, bizi  sakitləşdirmək  üçün  işə  yarayır. Əslində  isə  Hər  şey  yaxşı  ola  bilməz. Eyni  zamanda  Hər  şey  pis  də  ola  bilməz. Ona  görə  bu  cür  demək  lazımdı: Hər  Şey  Pis  Olmayacaq!

   Orxan  yenə  lənətə  gəlmiş  dərs  kitabları  ilə  məşğuldur. Çürümüş  sistemin  ölü  kitabları! Hazırlıqlar, testlər, tapşırıqlar, konspektlər... Eyni  şeyləri  dəfələrlə  təkrarla, daha  çox  test  həll  elə -budur  ali  məktəbə  qəbula  gedən  yol. Daha  çox  oxumaq, gecəyə  kimi,  yuxun  gələnə  kimi. Ali  məktəbə  daxil  olmama  qorxusu  da  əlavə  üstəlik. Dərs  vəsaitlərindən  öyrəndiklərin  yalnız  ali  məktəbə  qəbul   olana  kimi  lazımdır, ondan  sonra  kitabları, konspektləri, hər  cür  zir-zibili  tulla  qırağa! Bizə  öyrədilənlərin, ya  da  öyrəndiklərimizin  boş, mənasız  və  yalan  olduğunu  biləndə  artıq  ömrümüzün  yarısını  yaşamış  oluruq. Otuz  ildə  yığdığımız   zibillə  ömrümüzün  qalan  hissəsini  yaşamalı  oluruq.

   Orxan  yaxşı  başa  düşürdü  ki, bu  dərslər, 5-6  ilin  materiallarını  təxminən  2  ildə  mənimsəmək  və  sonra  unutmaq, bu  qaydalar, sürüyə  qoşulub  getmək... bunlar  səfehlikdir. Universitet, əsgərlik  nəyə  lazımdır? Öz-özünə  fikirləşirdi  ki, niyə  ali  məktəbə  hazırlaşmalıyam, niyə  əsgərliyə  getməliyəm? Bunlar  mənimçün  deyil  axı, mən  yaratmamışam. Niyə  bunlar  həyatımda  var? Niyə  bunlardan  qorxuram? Axı  bunlarsız  da  yaşamaq  olar!

   Artıq  bir  ili  qalmışdı  ali  məktəblərə  qəbul  imtahanlara. Hazırlıqlara  getməkdən  yorulmuşdu, 3-cü  qrupa  aid  fənnləri  oxumaqdan  zəhləsi  gedirdi. Bir  tərəfdən  atasının  təzyiq  dolu  münasibəti  və  şirin  vədləri, digər  tərəfdən  də  əgər  imtahandan  istənilən  nəticəni  toplamasa, qəbul  olmasa   biabırçılıq, “mənəvi  intihar”.

   Qeyd: “Bunlardan  necə  yaxa  qurtarmaq  olar? Hamı  dəxli  oldu-olmadı  işimizə  qarışır, həyatımıza,  seçimlərimizə,  düşüncələrimizə  müdaxilə  edir. Ailə, cəmiyyət, dövlət, din. Hərəsi  öz  qanunlarını  diqtə  edir. Təkcə... təkcə  Tanrı  qarışmadı  həyatımıza. Bizə  şəxsən  demədi  ki, İSTƏDİYİM  KİMİ  OL. Dedi  ki, (şəxsən  olmasa  da) İSTƏDİYİN  KİMİ  OL, YAŞA. Buna  görə  Allahı  hamısından  çox  sevirəm”.

   Orxan  artıq  yaxşı dərk  edirdi  ki, onun  ali  məktəbə  qəbulu  valideynləri  üçün  prestij  məsələsidir. O  istəyirdi  ki, valideynləri  onunla, onun  uğurlarıyla  yox, əksinə, Orxan  istəyirdi  ki, özü-özüylə  fəxr  etsin. Başqalarının  səni  görmək  istədiyi  kimi  yox, özün  olmaq  istədiyin  kimi  olmalısan. Heyif  ki, bunu  nə  məktəbdə  dərs  kitablarından, nə  də  müəllimlərdən  öyrənmək  mümkün idi.

   Nəhayət, çox  oxumaqdan  ürəyi  sıxıldı  və  çölə,  hava  almağa  çıxıb  bir  az  gəzməyi  qərara  aldı. Anasına  bunu  dedi. Anası  cəld  soruşdu:

   -Dərslərini  oxudun?

   -Hə, artıqlamasıyla. Hətta  lazım  olmayanları  da, -Orxan  zarafat  etdi.

   Anasının başı  mətbəxdə  yemək  bişirməyə  qarışdığından, zarafatı  anlamadı:

   -Yaxşı, çıx. Amma  axşam  evdə  ol. Atan  gələcək.

   Orxan  bir  anlıq  fikirləşdi  ki, atası  da  hələ  onu  “imtahana”  çəkəcək. Və  bundan  ürəyi  sıxılıb  özünü  evdən  çölə  atdı.

   Yalqız  küçələri  gəzməyə, yaşadıqları  ilə  bağlı  düşünməyə, beyninin  içində  öz-özüylə  danışmağa  başladı: “ Bezmişəm. Çox  sıxılıram. Çox  sıxırlar  məni. Hər  şeyə  icazə  olmalıdır  onlara  görə. Universiteti, əsgərliyi  çıxardanın  var-yoxunu... Sən  başqa  cür  yaşamaq  istəyirsən, amma  həyat  sənin  necə  yaşayacağını  artıq  planlaşdırıb. Standart  insanlara  çevrilmişik. Bu  imtahana  görə, evdən  bayıra  güc-bəla  ilə  çıxıram. Bu  gedişlə  hara  gedirəm? Heç  nə  dəyişməyəcəkmi? Niyə  öz  həyatımızla  bağlı  qərarları  özümüz  verə  bilmirik? Öz  həyatımızı  kiməsə  satmamışıq  ki, istədiyi  kimi  istifadə  etsin! 60  il  yaşayacağıq  ya  yox, onu  da  hissələrə  böldülər, parçaladılar. Həyatımızın  üçdə  biri  təhsilə  gedir  ki, özümüzə  bir  gün  ağlaya  bilək, dövlətin  dilənçi  puluna  möhtac  olmayaq. Təhsilə  bu  qədər  pul  tök, ancaq  xərclədiyin  pulların  yarısının  yarısını  qaytara  bilmirsən. Böyük  labirint  adlı  tələnin  içindəyik. Sistemi  elə  qurublar  ki, ondan  qıraqda  mövcud  ola  bilmirsən. Burada  yalnız  çarxı  fırladanlar  və  fırlananlar  var. Bizə  şüşə  qabdakı  çarxda  fırlanan  qurbanlıq  balaca  ağ  siçanıq. Biz  nə  baş  verdiyini  bilməyən   düşüncəsiz  məxluqlarıq. Əslində  həyatımızda  mütləq  deyilən  bir  şey  yox  idi, mütləqləşdirdilər. Mütləq  universitetdə  oxumalısan, sonra  hərbi  xidmət  səni  gözləyir, mütləq  evlənməlisən, mütləq  yaxşı  yerdə  işləməlisən, mütləq  pul  qazanmalısan. Bu  mütləqlərin  içində  batıb  gedirik. Bu  gedişlə  mənim  də  axırım  yaxşı  olmayacaq”.

   Küçələri  çox  gəzməkdən  yorulub  dayanacaq  oturacağında  oturdum. Ətrafa  boş-boş  və  maraqsız  baxırdım  ki, qarşımda  33  nömrəli  avtobus  dayandı. Avtobusun  üstündə  yazılmışdı: “Hər  şey  pis  olmayacaq!”Gözlərimə  inanmadım, göz  qapaqlarımı  tez-tez  qırpdım. Və  birdən  yazı  yox  oldu  və  33  getdi.

   “Deyəsən, hallisunasiyalar  başladı, -öz-özünə  dedi. – Hamısı  çox  oxumaqdandır. Bu  dərslərdən  dincəlib  hərdən  erotik  yuxular  görməsəydim, şifozren  olmuşdum”.

   Nə  isə, Orxan  buna  o  qədər  fikir  verməyib  “olur  belə  şeylər” dedi. Stress, gərginlik, yorğunluq, bir  tərəfdən  ailə  təzyiqi. Normaldı  belə  şeylər. Daha  bu  haqda  düşünmədi.

   Yavaş-yavaş  günəş  batmağa  doğru  gedir, utanıb  qızarırdı  və  axşam  düşürdü. Evə  qayıtmaq  istəyəndə  Orxan  yolda  tanış  qızla  rastlaşdı. “Salam, necəsən? Burda  neynirsən? Dərslər, hazırlıqlar  necə  gedir? –bu  kimi  “havalı” söhbətlər. Orxan  qızın  elə  hey  güldüyünü, yaxşı  əhvalda  görüb  qıza  birlikdə  kapuçino  içməyə  təklif  etdi. Qız  başqa  yerə  getməli  olduğunu  deyib  imtina  etdi. Orxan  dərhal  etdiyi  təklifin  peşmanlığını  çəkdi. Sonra  yadına  düşdü  ki, qızı  bir  dəfə  bir  oğlanla  əl-ələ  görüb, yəqin  sevgilisiydi. Ona  görə, başqa  biriylə  görünmək  istəməyib. Və  beləcə  sağollaşıb  ayrıldılar.

   Orxan  nədənsə  arxaya  çönüb  qıza  baxdı  və  təəccübləndi: qızın  geydiyi  uzun  ağ  idman  köynəyinin  arxasında  “Hər  şey  pis  olmayacaq” yazılmışdı. Orxan  yavaş-yavaş  deyəsən  ağlını  itirirdi. Evə  tələsdi.

   Yolda  marketə  girdi. Susamışdı. Birdən  telefonuna  mesaj  gəldi: “Şvartsmanın  “Hər  şey  pis  olmayacaq”  hekayəsini  oxumaq  istəyirsizsə, 6669-a  boş  sms  göndərin”.

   Orxan  əsəbləşdi:

   -Bu  nə  deməkdi? Əsəblərimi  korladı  bu  lap! Hər  şey  pis   olmayacaq, - ağız  əyib  təkrarladı. – Onsuz  da  imtahan  stressi  bir  yandan, burdan  da  deyir, hekayə  oxu. Mozqimi  çürüdüblər! Bu,  Şvartsman  kimdi  belə?!

   Aldığı  suyun  pulunu  verəndə  Orxan  satıcı  oğlandan  soruşdu:

   -Qaqaş,  səndən  bir  söz  soruşum: Belə  bir  şey  eşitmisən – Hər  şey  pis  olmayacaq?

   -Hər  şey  pis  olmayacaq? – arıq  satıcı  oğlan  dəqiqləşdirdi.

   -Hə.

   Satıcı  oğlan:

   -Yox, qaqaş, ilk  dəfədir. Hər  şey  pis  olmayacaq, -təkrarladı. – Qəribə  sözdü. “Hər  şey  yaxşı  olacaq”  eşitmişəm. Nəsə  bunu  kim  deyibsə, yəqin  zarafatdı.

   -Elə  mən  də  o  cür  düşünürəm. Özü də axmaq  zarafatdı, -Orxan  dedi  və sağollaşıb  marketdən  çıxdı.

   Qeyd: “Evə  çata-çatda  yolu  keçirdim  ki, maşın  yoldan  keçən  qızı  vurdu. Qız  elə  bil  uçdu. Camaat  toplaşdı. Qız  al  qan  içindəydi. “Təcili  yardıma”  zəng  edilmişdi, yoldaydı  artıq  yəqin  ki. İzdihamı  yarıb  can  verən  qıza  yaxınlaşıb  başını  bir  az  qaldırdım  ki, deyəm: Hər  şey... Hər  şey  pis  olmayacaq. Ağzımdan  istər-istəməz  bu  sözlər  çıxdı. Bu, ən  dürüst  və  yalansız  cümlə  idi. Ölmək  üzrə  olan  zavallı  qıza   “Hər  şey  yaxşı  olacaq” demək  nə  etik, nə  də  məntiqi  idi. Heç  bu  həqiqətə  uyğun  deyildi. Onu  heç  olmasa  son  saniyələrində  aldatmaq  istəmədim. Ona  başqa  cür  kömək  edə  bilməzdim. Qız  da  yaxşı  bilir  ki, son  nəfəsini  verir. Və  mən  onun  qaralmaqda  olan  gözlərinə  baxıb  yenə  son  dəfə  dedim: “HƏR  ŞEY  PİS  OLMAYACAQ!” Qız  üzümə  gülümsədi  və  öldü”.

   Orxan  nəhayət  evə  çatdı. Zəngi  basmaq  istəyirdi  ki, gördü  qapı  açıqdı  nədənsə. Düşündü  ki, evə  oğru  girib. Evə  səssizcə  girdi. Hər  tərəf  səssiz  və  qaranlıq.

   -Mama... ata.. hardasız? Bacı...

   Səs  yox  idi. Qonaq  otağına  girdi  və  birdən  işıqlar  yandı.

   -Ad  günün   mübarək! Ad  günün  mübarək!...

   Təəccüblənmiş  və  ad  gününü  unutmuş  Orxan  onlara  baxa-baxa  ürəyində   dedi: “Hə, bir  də  deyin. Xəstədilər  nədilər! Doğrudan  e, deyəsən  mənim  ailəm  psixi  xəstədi! Dünya-aləm  veclərinə  deyil. Hələ  bir  atama  bax. Tosqun  sifətinə  gülümsəmək  heç  yaraşmır. Həyatı  boyu  o  qədər  ciddi  olub  ki, gülmək  üçün  lazım  olan  ağız  əzələlərini  məcbur  edir. Hətta  gücənir. Anam  da  mənə  axmaq  pozitiv  enerji  vermək, guya  imtahan  və  dərslərin  stressindən  xilas  eləmək  istəyir. Bacım  isə  sıxıntıdan  bilmirdi  neyləsin, ad  günü  onunçün  bəhanə  oldu”.

   Nə  isə...

   Orxan  gülümsədi, özünü sevinmiş  kimi  göstərdi. Təbrikləri, hədiyyələri  qəbul  edib  otağına  keçdi  və  qapını  arxadan  qıfılladı. Heç  narahat  etməsin  deyə. Və  gündəliyinin  13-cü  səhifəsini  açıb  yazmağa  başladı:

   ““Hər  şey  yaxşı  olacaq!”. Bu  cümləni  çox  eşitmisiniz. Amma  bu  cümlə  həqiqəti  əks  etdirmir, baxmayaraq  ki, bizi  sakitləşdirmək  üçün  işə  yarayır. Əslində  isə  Hər  şey  yaxşı  ola  bilməz. Eyni  zamanda  Hər  şey  pis  də  ola  bilməz. Ona  görə  bu  cür  demək  lazımdı: Hər  Şey  Pis  Olmayacaq!”

   P.S. Oxucu  bilmək  istəyəcək  ki, Orxan  ali  məktəbə  qəbul  oldu, ya  yox? Yox, qəbul  olmadı. Amma  buna  görə  təəssüflənməyin. Çünki  o, hər  şeyi  1  il  əvvəldən  qurub. Oxudu, ancaq  imtahana  girmədi, gizlicə  qaçdı. Öz  həyatını  yaşamağa  qaçdı. Onu  artıq  maraqlandırmayan   qalan  xırda-xuruş  məsələləri  ailəsinin  üstünə  atdı. Orxan  istəyir, sizə  çatdırım  ki, hər  şey  yaxşılığa  doğru  dəyişir, həmçinin  onun  da  həyatı. Hər  şey  pis  olmayacaq – o, buna  inanır.

16  avqust  2014


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0336 saniye