Hər zaman qəhvə
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:06 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Müştərilərin qəhvə sifarişlərini yerinə yetirməkdən məmnunluq duyuram. Onların gülümsəmələrini görmək, təşəkkürlərini eşitmək, rahatlıqlarını duymaq gözəldir.

Xaricdə təhsil alaraq hər gün dostlarla şəhəri gəzib dolaşırdım. Düşünürəm ki, insan təhsil aldığı şəhəri mütləq və mütləq tanımalıdır. Hansı obyektin harada yerləşməsini, filan küçənin istiqamətini bilməlidir. Hər gün də vətənimdəki doğmalarımla skayp əlaqəsi qururdum. Amma tələbəlik həyatım nədənsə sıxıcı gəlirdi. Oxumaqla, istirahətlə kifayətlənə bilmirdim. Soyuq qış günlərinin birində dostlarla kafedə ləzzəti damağımda qalan kofe içə-içə diqqətim rəfiqələrimdə deyil, kafe işçilərində idi. “Evrika” olsa-olsa, bu olar. İdeya sadəcə möhtəşəm idi. Dosdoğma vətənimdə qızların kafelərdə çalışmasına əxlaqsızlıq kimi baxılırsa, Avropada belə deyildi.

Part-time üçün CV-mi verərkən içimdə bir az narahatlıq vardı. Narahatçılığım əbəs yerə deyilmiş. İlk vaxtlarda qəhvə növlərini ayıra bilmirdim. Hətta bir dəfə istəmədən müştərini aldatmağa da çalışdım. Düşünürdüm ki, “haradan biləcək?”. Amma yanıldım. Bircə qurtum bəs idi ki, fincanı mənə qaytarsın. Getdikcə təkmilləşirdim. Artıq espressonun - hamının bildiyi əsil qəhvə olduğunu, amerikanonun - espresso və su qarışığından, makiatonun - espresso və südlü köpük qarışığından, ou layın - südlü qəhvə olduğunu, lattenin - qəhvə, süd və südlü köpükdən ibarət olduğunu, mokaçinonun - qəhvə, süd, kakao və südlü köpükdən ibarət olduğunu, kapuçinonun - qəhvə, süd, südlü köpükdən ibarət olduğunu, isti şokoladın- kakao və süddən ibarət olduğunu adım qədər bilirəm.

Bu məkan, bu insanlar-işçilər və müştərilər mənə doğmadır, müvəqqəti işim qədər doğmadır. Müştərilərim mənə qəhvədən də çox şey öyrədiblər. Onların simalarına nəzər salmaqla kimin hansı qəhvədən içəcəyi kimi. Bir ilim qalıb. Sonra buranı tərk edib vətənimə qayıdıram. Ailəmdən ötrü darıxıram. Amma bu şəhərdən ötrü də darıxacağam. Tez-tez buralara gəlmək, keçmiş günlərimi geri qaytarmaq, yenə tələbə olmaq, yenə qəhvə üzrə peşəkarlaşmaq istəyəcəm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0376 saniye