Qocalar evində qadınlar günü,
Hamı təbrik alır yaxınlarından.
Amma ki,bir tənha, qoca qadının,
Kimsə görünməyir yaxınlarında.
Tozlu pəncərədən baxır küçəyə,
Xəyalı dolanır doğma evində.
Tənhalıq yerini daraldır onun,
Milyardlar daşıyan dünya evində.
Beş il bundan öncə o tənha qadın,
Görmüşdü oğlunu sonuncu dəfə.
İçində bir ümid bəsləyib deyir:
" Bəlkə xatırlayıb gələr bu dəfə."
Oğlu gəlməsə də gözləyir onu
Əlində rəsmi var, dilində adı.
Baxır pəncərədən yorğun baxışla,
Gözləri həsrətin yollarındadı.
Beş ildir durmadan ağlayan qadın,
Niyə gözlərinin yaşı bitməyir?
Bəlkə də belədir- bahar gəlsə də,
Həsrət yollarının qışı bitmıyir.