Şəhər bombalanırdı. Əfsanəvi şəhəri xarabalıqlara döndərən düşmən təyyarələri səmadan bombalarını atmağa davam edirdilər. Onsuz da insan həyatından az əsər-əlamət qalmamışdı. Mühasirədə ikən aclığa, hava dəyişkənliyinə, uşaq ölümünə tab gətirə bilməyən neçə-neçə şəhər sakinlərindən çoxu dünyasını dəyişmişdilər. Mühasirənin yarılıb düşmənin içəriyə soxulması ilə qətliam başlanmışdı. Düşmən uşaq-qadın-qoca demədən amansızcasına qətliamını həyata keçirirdi. Yeraltından gizlənənlər isə gecə-gündüz növbə çəkərək bir-birlərinin yaşamlarına dəstək olmağa çalışırdılar. Bir parça çörək, bir qurtum su belə onları diri saxlamağı bacarırdı. Qəlblərində kiçicik ümid vardı. Gec-tez düşməndən intiqam alınacaq. Yeraltında hamilə gənc qadın vardı. Uşağı abort etmək təklif olunsa da, qəzəb və göz yaşları içində rədd etmişdi. Ən çox onun durumu sakinləri narahat edirdi. Halsızlaşırdı, gücdən düşürdü. Öz paylarını ona verməklə həyata bağlamağa çalışırdılar, çoxları onun öləcəyini düşünsələr də, hər dəfəsində yanılırdılar. Ondakı güclü yaşam eşqinə çoxları həsəd aparırdı.Gecələri sayıqlayırdı, həlak olmuş həyat yoldaşını səsləyirdi...
Bəstəkar isə yeraltında deyil, 3 mərtəbəli evin zirzəmisində gününü keçirdirdi. Divara söykədərək quru çovdar çörəyini dişləri arasında parçalayırdı. Yanında 5-6 altı şüşə viski vardı. 3-ü boşaldılmışdı. Tərli, tozlu halı ilə gəncliyini pozan müharibəyə lənət oxuyurdu. Qıvrım saçlarına qonan tozlar sayəsində bozumtul rəng almışdılar. Barmaqları piano dillərinə həsrət idi. Üzü, saçları, boynu tər içində tez-tez xəyalına piano gətirərək barmaqlarını çaldırırdı. Gözlərini açmazdı bu sehrli anlarda. Bütün varlığı ilə, hüceyrələri ilə özünü canlandırırdı. Budur, neçə-neçə insan onun barmaqlarından süzülən piano dilimlərindəki sehrdən məst olmuşdular. Artıq neçə həftə idi ki, barmaqları piano görmürdü, ruhu özünü kasıb tapırdı. Amma bugün qərara almışdı. Nə olacaqsa, olsun. Zirzəmidən çıxınca gözü xarabalıqlara sataşdı. Ürəyi ağrıdı. Gözlərinin yaşını tozlu əlinin tərsi ilə silərək yavaş-yavaş pilləkanları çıxmağa başladı. Evin bir tərəfi uçurdulmuşdu. Qapı qulpunu burub içəriyə addımını atdı. Pianosu sağ idi. Əyləşərkən barmaqlarının titrədiyini gördü. Çalmağa başladı. “Həyat əbədidir” deyərək işğalçılara ultimatium göndərirdi. Nə qədər çaldığı özünə bəlli deyildi. Ruhən burada deyildi. Qələbənin ağuşuna atılmışdı. Sədalarını gücləndirərkən təyyarə uğultularının səsi getdikcə yaxınlaşmaq idilər. Bütün varlığını ortaya qoyaraq müharibəyə acı kinayə göndərirdi. Öz yaşamı ilə qürurunu düşmənə göstərirdi. Bomba səsi ilə sehr pozuldu. Qanlar süzülən başı piano dilimlərinə sürüşdü...