Şiddətlənən küləyin uğultusu. Solğun günəş. Bozumtul görüntüyə malik şəhər...
Alnındakı tər pulcuqlarını barmaqları ilə silib masaya dirsəkləndi. Barmaqlarını vaxtından əvvəl ağarmağa başlayan saçlarına keçirdib sıxmağa başladı.
Həkimin dedikləri hələ də qulaqlarında əks-səda verirdi. “5, ya da 6 ay”
Ona zillənən sual dolu baxışları, səslənmələri eşidə bilmirdi. Anidən nəfəsi kəsiləcəkmiş kimi oldu. Tələsik qalstuku boşaldıb köynəyin boğaz qisminindəki düymələri açdırdı. İş kreslosuna yayxanaraq gözlərini tavana zillədi. Dərin boşlyq vardı gözlərində. Əbədi qaranlığa həbs olunmuş kimi...
İnsanlar hər zamanki kimi müəyyən edilmiş qəliblərə, normalara uyğun yaşamlarını davam etdirirlər. “Qocalar Evi”ndə gözləri yol çəkən ağsaqqal, uşaqların səs-küyündən dərsini keçə bilməyən müəllim, oxuduğu kkitabı sevgi ilə vərəqləyən gənc qız, tez-tez qol saatına baxaraq əlindəki gül buketini iyləyən gənc oğlan, yeganə övladı olan qızının saçlarını sevgi ilə darayan fahişə, az sonra abort masasında göz yaşları ilə uzanmalı olacaq gənc qadın, işarə dili ilə bir-birləri ilə əlaqə quran orta yaşlı iki qadın, rüşvət alaraq kefi kök halı ilə məmnun olan daz başlı müdir, ali təhsilli olmasına rəğmən fəhləlik edərək xəstə anasını düşünən gənc oğlan...
Yox, daha belə davam edə bilməz. Kəskin hərəkətlə masa arxasından qalxıb uzaqlaşmağa başladı. Sürətlə pilləkanları enməyə başladı.
Beynini əsir edən sözlər onun bütün varlığını titrədərək dəhşətə gətirirdi.
Mədə xərçəngi!
Şirkət binasından çıxıb əllərini belində cəmləşdirdi. Havanı acgözlüklə ağciyərlərinə ötürdü.
Ağxalatlının yaxasından yapışıb qəzəblə gözlərinə baxaraq bunun bir “eşşək zarafatı” olmasını eşitmək istəmişdi. Amma həkimlər dəyişilsə də, nəticələr dəyişilmək bilmirdi.
Sükanı boğarcasına bərk-bərk sıxırdı. Gərginlikdən qurtula bilməyən bədəninin nişanələri əllərində qabarmış qan damarlarında özünü daha açıq şəkildə göstərirdi.
Axı necə desin? Ata-anasına, həyat yoldaşına, uşaqlarına necə desin? 5-6 aydan sonra öləcəyini, tprpaq altında çürüyəcəyini necə desin?
Oğlu Əlfinin 15 yaşı tamam olacaqdı, qızı Zülfiyyə məktəbi bitirəcəkdi, amma sonrasını görmək ona nəsib olmayacaqdı...
Qarşıda gələn maşını görsə də, sükanı kənara çəkmək kimi fikri yox idi hələ ki. Beynini işağl edən dumanlı görüntülər onun acılarına du basaraq incidirdi. Gözlərindən yanaqlarına süzülən isti göz yaşları qaynar yaranın içinə daxil olaraq yandırıcı effektini göstərirdi.
Və sükanı kəskin sürətlə kənara çəkdi. Alnını sükana dayayıb bu vaxta qədər içində əsir tutduğu hayqırışlı göz yaşlarını sərbəst buraxdı.
Bom skamyada əyləşib bir-birləri ilə oynayan uşaqları, söhbətləşən insanları izləyirdi. Və anidən yadına salmağa başladı. Maliyyə çatışmazlığı bəhanəsi ilə rədd etdiyi möhtəşəm lahiyə, narkotik bəlasına tutulmuş qonşu uşağına yardım əlini uzada bilməməsi, küçədə dilənən uşaqların gözlərinə baxmaması...
Telefonu dayanmadan zəngini çalırdı. Ekranda həyat yoldaşının adı görünürdü. Bir xeyli baxdıqdan sonra telefonu söndürüb skamyadan aralandı. Yaxınlıqdakı kafeyə girdi.
Əyləşib isti çay sifariş etdikdən sonra ətrafa nəzər saldı. Gözünə bir nəfər sataşdı. Saqqallı cavanın yaşıl gözlərindən yağan hiyləgərliklə əyri təbəssümü necə də bir-birini izləyirdi. Bir az soyuq baxışla baxdıqdan sonra gətirilən çaydan qurtumunu aldı.
Üçüncü çay sifarişi gətirilən zaman gözü yenə o adama sataşdı, amma bu dəfə təktərəfli deyildi, çünki qarşı tərəf də ona qıyqacı gözlərlə baxırdı artıq. Başını bulayıb gözünü ondan çəkən zaman adamın yerindən qalxaraq ona tərəf gəldiyini gördü.
-Əyləşə bilərəm?
Çiyinlərini çəkdi cavablamaq əvəzinə. Saqqallı gənc stulu çəkib üzbəüz əyləşərək qollarını stola qoydu.
-Danışın, dinləməyə hazıram.
Bir az əsəbi, bir az boş gözlərlə bu gəncin rahatlığını izləyərək əllərini yumruqlayıb boşaltdı. Təbii ki, bu, saqqallı gəncin gözlərindən qaça bilməzdi. Kinayəli gülümsəmə ilə davamını gözləməyə başladı.
Əli ilə ofisiantı çağırıb hesabı ödədikdən sonra ayağa qalxdı. Saqqallı gənc rahat şəkildə qollarını sinəsində çarpazlaşdırıb diqqətlə bu adamı izləməyə başladı. Pencəyini geyinib kafedən çıxışını etdiyini izləyən saqqallı gənc başını buladı...