Həzin melodiyalar...
(hekayə)
Sabah günəşi və ən az onun qədər möhtəşəm idi dalğaların qumlu sahili yuması... Bir anlıq sanki fonda bir piano da çalmağa başladı öz həzin melodiyası ilə bu əsrarəngiz gözəlliyə rəng qataraq...
Ancaq sabahın 7-sində sırf dənizi seyr etmək və qarma-qarışıq ruhuna dərin bir sakitlik və hüzur gətirmək üçün çıxan cütlüyün bu həzinliyin, bu əsrarəngizliyin arxasındakı çılğın hadisələrdən hələ ki xəbəri yox idi. Bilmirdilər ki, bu gün belə gözəl başlayıb belə də bitməyəcək... Bəlkə də ədəbiyyatda tez-tez işlənən və artıq ümumişlək ifadə olmuş “fırtına öncəki səssizlik” məhz indi buraya uyğun idi. Bəli. Eşqin, gözəlliyin tərənnümü olan bu özəl mənzərəyə...
Sahildə bir barakda qalan bu gənc cütlüyü isə indi heç nə maraqlandırmırdı. Bir tək ayaqlarını yalayan mavi dənizin sakit suları və baxdıqca həzz aldıqları səhər günəşinin əvəzsiz gözəlliyini seyr etməkdən başqa... Nədəndir bilinməz, amma bir-birinə olduqca saf və möhkəm hislərlə sarılmış olan bu cütlük bir neçə anlıq da olsa, hər şeyi: bütün problemlərini, həyat qayğılarını, bütün keçmişləri, düşündükcə insanı dərin bir kədərə boğmağa çalışan dünənləri unutmaq istəyirdilər. Sanki bütün “gerçək” adlanan hər şeydən uzaqlaşmaq və bir-birinin ağuşunda xoşbəxt anlar yaşamaq istəyirdilər sadəcə. Bəli. Dərin və saf məhəbbətin dadını çıxarmaq, sadəcə...
Ancaq dünənlər bu günü, bu gündəki bu gözəl cütlüyü rahat buraxmayacaqdı deyəsən. Məhz ona görə, hal-hazırda yaşadıqları bu özəl anların bitməsini istəmirdilər, əsla...
Gəl gör ki, həyat nə qədər zalım idi. Bu gözəlliyi bir göz qırpımında bitirəcək, hər şeyi bütün gözəlliyi məhv edəcək qədər... Bəli. Belə həyata ancaq bu adı vermək olardı: “zalım”...
20 yaşınızı əgər təzə adlamısınızsa və sizdən başqa hər kəs sizi deyil, üzərinizdə qurduğu planları, məqsədləri düşünürsə, bundan ötrü ağlasığmaz hər şeyə “hə!” deyirsə, o zaman içində yaşadığınız bu həyatın adı ancaq “zalım” ola bilər...
Dəniz kolleci yenicə bitirmişdi və bir tək arzusu vardı: hələ 2-ci kursda oxuduğu zaman özü də bilmədən, anidən aşiq olduğu, ondan ikicə yaş böyük olan Günəşlə evlənmək... Ancaq fələk Dəniz qədər sadə arzulara malik deyildi və qətiyyən onun xoşbəxtliyini düşünmürdü ki, Dənizin olduqca varlı ailəsini ona qarşı qoymuşdu... Ortayaşlı, həyatını ancaq mənasız maddiyyata həsr etmiş olan ata və heç bir zaman onun sözündən çıxmayan, həyatı yalnız ərinə sadiqlikdə və kölə kimi onun hər arzusuna “baş üstə!” deməkdə görən ana idi zalım fələyin vasitəçiləri. Və onlar bircəcik oğulları üçün çox bəsit və onların diliylə desək “qarantlı” həyat yolunu xəyallarında bir vərəqə cızmışdılar...
Günəşin Dənizdən heç də fərqli həyatı yox idi. Sadəcə maddiyyatın azlığı fərq sayıla bilərdi, əgər bunun bir mənası vardısa... Günəşin də valideynləri qızları haqqında Dənizinkilər kimi düşünürdülər: bir varlı ailənin oğluna ərə vermək, onun vasitəsilə “qırx ilin səfalətindən” beləcə qurtulmaq...
Dənizin atası böyük bir “holdinq”-in başçısı idi və oğlu haqqındakı düşüncələri vaxtilə atasının onun haqqında düşündükləri ilə eyni idi: özündən sonra bir varis, tanış biznesmenin qızıyla izdivac, “elitan” cəmiyyətin yeni bir nüfuzlu üzvünü meydana gətirmək və s... Amma Dəniz sahib olduğu kiçik rəsm emalatxanası, daim əlaqə saxladığı sənətkar dostları və aradabir qatıldığı müsabiqələrlə xoşbəxt idi, həm də atasının əsla hiss etməyəcəyi qədər çox...
Sırf ona görə, Dəniz də, Günəş də valideynlərinin onlara biçdiyi bu “kiflənmiş” kaftanı geyinmək istəmirdilər. Ataları, babaları və onlardan öncəkilər kimi boğulmaq istəmirdilər miskinliyin, mənasızlığın zalım bataqlığında...
Dəniz atasının istədiyi deyil, tamamən fərqli bir kollecə imtahan verən zamandan atası ona təzyiq etməyə başlamışdı. Özü də heç uzun-uzun düşünmədən, ən çox bildiyi bir üsulla: təhsil haqqını və gündəlik xərcini verməməklə... Dəniz məhz xoşbəxt olduğu və özünü bu dünya cənnətində hesab etdiyi bir tanış rəsm emalatxanasında işləməklə qəpik-quruş da olsa, öz alın təriylə qazanırdı təhsili boyunca ona lazım olan pulunu. Bəzənsə pul çatmır, axşamlar dərsdən çıxıb emalatxanaya gedəndə nə qədər yolu piyada getməli olurdu. Ancaq bu əziyyətə, atasının ona rəva gördüyü pulsuzluğa hər şeydən müqəddəs sənəti və oxuduğu zamanlarda tanış olduğu, təhsili bitirdikdən sonra evlənmək istədiyi gözəl, şirin qız olan bəstəboy Günəşə görə...
Günəşin də həyatı təhsil aldığı zaman fərqli keçmədi. O da təbii olaraq maddiyyat sıxıntısı çəkirdi... Anası, atası bir idarənin yeməkxanasında işləyirdi. Az da olsa, qazanırdılar. Ciddi bir çətinlikləri də yox idi. Amma Günəşə bəzən “lazım olandan” çox pul gərək olurdu. Bunu onun atası deyirdi: “sən lazım olandan çox xərcləyirsən!”. Amma yazıq qız bəzən evdən yemək yeməmiş gedirdi dərsə və kollecdə bufetə düşməyə belə üzü gəlmirdi cibində pulu olsa da. Çünki o çox qürurlu qız idi. İstəmirdi rəfiqələri arasında bəziləri ona “ata, anan pulu min əziyyətlə qazanır, sənsə burda nə qədər pul xərcləyirsən!” desin... Niyəsə bəzən öz həyatından narazı olanlar və ya həyatın ləzzətini onun-bunun şəxsi həyatına qarışmaqla duyanlar məhz belə mənasız, çürümüş fikirlərlə boğurlar bizi...
Hər şey bir yana, Dənizlə tanışlığı ona əsl xoşbəxtlik gətirmişdi. Bəli. Buna məhz belə demək olardı: xoşbəxtlik... Yaxşı yadındadır, 2-ci kursun bitməsinə az qalırdı. İmtahanlara hazırlaşmaq üçün tez-tez getdiyi kollec kitabxanasında qarşılaşdı onunla. Ani bir hadisə: (şablon olsa da) Günəş bir masaya oturub dərslərini hazırlarkən oxumağa bir maraqlı kitab seçən və kitabın sehrindən ayıla bilməyən Dənizin onu görmədən onunla toqquşması... Hər şey çox sadə olsa da, çox gözəl idi Dəniz və Günəş üçün... İndi xatırlayanda dərin xəyallara dalan və saf məhəbbətin həzzini duymaqdan yorulmayan bu cütlük üçün o günün önəmi çox böyük idi... Yazıq qız az qalmışdı masaya uzansın, Dəniz son anda vərəqlədiyi kitabın sehrindən ayıldı və sadəcə qısa səslə “bağışlayın, bilmədən oldu!” deməsi və iki cüt qəhvəyi gözlərin təması... Budur indi onlar sadəcə bir-birinə mənəvi saflıqla, ilahi eşqlə gülümsəyirdilər...
Son gün... Kolleci bitirən ikili bir parkda görüşdü. Bütün hislərini, baş verən hadisələrin qısa xronikasını və valideynlərin qəddar qərarlarını bölüşdülər: Günəşin ailəsi onu tanış bir rayon icra başçısının oğluna ərə vermək, Dənizin ailəsi isə atasının dostunun həyasız, həyatı ancaq bahalı mağazalardan alver etmək və hər getdiyi “nüfuzlu” yeməkxanada sifariş verdiyi (çox vaxt yemədiyi) xarici mətbəxin yeməkləriylə şəkil çəkdirib dərhal Instagram profilində paylaşmaqda görən ruhsuz, həyatın gerçək gözəllikləri qarşısında aciz, bədəncə çəlimsiz bir qızla evləndirmək... Və s...
Və bir-birinə dəlicəsinə aşiq olan bu cütlük axır ki, qərarlarını verdilər. Qaçmaq... Uzaqlara, hər şeydən, bütün sıxıntılardan, ailələrinin və cəmiyyətin mənasız fikir və planlarından uzaq bir yerə... Həm də həmişəlik...
Dənizin işləri son zamanlar çox yaxşı gedirdi. Uzun sürən əziyyət bir fayda vermişdi. Qonşu ölkədə tezliklə böyük bir festival keçiriləcəkdi və Dəniz ora dəvət almışdı. Sevincinin həddi-hüdudu yox idi. Yox ki, bu festival onun üçün böyük əhəmiyyətə malik idi, ona görə ki, canından çox sevdiyi Günəşlə buralardan uzaqlaşmağa bir bəhanə yaranmışdı. Bəlkə də Tanrı sevə-sevə yaratdığı bu iki cütlüyü axır ki həqiqi xoşbəxtliyə çatdırmaq istəyirdi. Məhz ona görə sonra baş verən bütün hadisələr onların xeyrinə oldu: Dənizin atasının işləri artdı və oğluna vaxt ayırmağa, onunla “məşğul olmağa” imkanı olmadı. Günəşin valideynləri isə daha fərqli bir iş rejiminə keçdilər. İşlədikləri idarə böyüdü və onların qazancı da, iş saatı da artdı. Beləcə cütlük rahatca buralardan getmək üçün imkan qazandılar...
Dəniz festivalda 3-cü yerə çıxdı. Sonralar ard-arda bir neçə sifarişçi ilə işləməli olduğu və onsuz da Günəşlə geri qayıtmaq istəmədiyi üçün tez-tez görüşməyə başladıqları bir dəniz sahilində kiçik də olsa, sadəcə bir barak görkəmi olan evə köçdülər. Bəli. Yaşadıqları yer elə bəlkə də bir barak idi. Amma artıq bunun önəmi yox idi. Çünki cütlük həqiqətən də indi çox xoşbəxt olmuşdu. Günəşsə yalnız bu xoşbəxtliyini tezliklə rəsmi nigah bağlamağa hazırlaşdığı oğlanın ağuşunda deyil, eyni zamanda yaxın kənddə işləməyə başladığı kiçik bir musiqi məktəbində tapmışdı... Bəli. Hər şey beləcə sadə və möhtəşəm idi gənc cütlük üçün...
Ancaq hekayənin başında bildirdiyim kimi, hər şey belə bitməyəcəkdi. Zalım fələk öz çirkli oyununu sona saxlamışdı... Günəşi hələ kollec zamanından bəyənib sevən bir başqa, üçüncü şəxs də vardı: Əhməd adlanan bu oğlan ata-ana tərbiyəsi görməmiş, uşaqlıqdan bütün yaşam qaydalarını, “təhsili” küçədə almış, indi bir gecə kafesində işləyən, xasiyyətcə sərt, düşüncə tərziləsə Dəniz və Günəşin valideynlərindən fərqlənməyən oğlan. Bəli. Tale, qismət, həyat – nə adlandırırsınız, adlandırın ancaq bu şəxsin varlığının törədəcəyi o məlum hadisəyə haqq qazandıra bilməzsiniz!...
Aşiqlər dəniz sahilində gün səmaya tam varana qədər qaldılar. Bu özəl, gözəl, möhtəşəm anları isə bir-birinin nurlu üzünə baxmaqla, bir-birinin xoş ətrini duymaqla və bütün vücudları ilə bir-birinə toxunmaqla keçirdilər. Hər şey o qədər gözə idi ki... Ahh... Günəşin al, olduqca əsrarəngiz şüaları altında sevişmək... Qulaqlarındakı həzin piano və saksofon səsi də elə bil bu möhtəşəmliyə daha çox rəng qatırdı... Hər şey onların eşqini, saf məhəbbətlərini dəstəkləyirdi. Bir tək anidən peyda olan Əhməddən başqa...
Gün səmanın ortasına doğru çatanda aşiqlərin eşqi al qana boyandı: Əhmədin əlindəki ucuz, köhnəlmiş, artıq bəzi yerləri pas tutmuş olan silahdan çıxan xain qurşunun gəncləri anındaca yerə sərməsinə baxmayaraq, onların əsrarəngiz eşqi, o eşqlə alovlanan bədənləri, üzlərinə düşən günəşin nurlu şüaları və yanlarını yalayan çılğın dalğaların rəqsi heç nəyi bitmiş hesab etmirdi, barışmırdı bu zalım və iyrənc həyat oyunuyla... (baxmayaraq ki Günəş Əhmədi tanısa da, ona heç vaxt ümid verməmiş və onu heç bir insan kimi də dəyərləndirməmişdi, ancaq ruhən fahişə olan Əhməd öz aləmində Günəşin nişanlısı sayırdı özünü və Günəşin hazırkı durumunu xəyanət kimi qiymətləndirmişdi.)
Əhməd hər bir sadə qatil kimi sonradan peşmançılıq hissi keçirmədi. Sadəcə içində yenə özünə haqq qazandırmağa çalışaraq uzaq bir üfüqdə qeyb oldu... Dəniz və Günəşsə can verərək hələ də bir-birinə saf eşqlə baxıb gülümsəyirdilər... Dənizin qulağında saksofon, Günəşin qulağında həzin piano səsi...
Hələ Dənizgil bu ölkəyə yenicə gəldiyi zaman qarşısından qol-qola keçdikləri musiqi alətləri mağazasından eşitdikləri o eşsiz, həzin melodiyaların gözəlliyini bir daha xatırlayıb duyduqları özəl hislərin varlığından həzz almağa çalışırdı bu məsum ikili... Və o vaxtkı festivalda iştirak edən rəsmin məzmunu da, adı da məhz belə idi: həzin melodiyalar...
Qeyd: duyduğumuz hər hansı həzin bir melodiyanın ancaq gözəl və müsbət hadisələrin nəticəsi olduğunu düşünsək də, bəzən bu belə olmur. Ancaq yaranan hər gözəl melodiyanın tarixçəsində bu hekayədə olduğu qədər bir saf eşq gizlidir, məsum bir çocuğun gülümsəməsindəki şirinlik qədər...
ELŞƏN İSMAYIL
YAZAR və REJİSSOR