Bu dünyanı başdan-başa şər tutub,
Qalmayıbdır zərrə xeyirdən əsər.
Bir yerdəki haqq mizanı pozulub,
Gör, o yerdə nələr çəkir bu bəşər!!!
Öz yurdunda dilənçitək dilənən,
Məzlumların hesabı yox, sayı yox.
Yad ölkədə öz yurdutək kef çəkən,
Misterlərin, cənabların tayı yox.
Xilaskartək göz boyayan filanlar,
Adillikdən, ədalətdən danışır.
Vətənini, millətini satanlar,
Vətən eşqi-məhəbbətdən danışır.
Qoyulubdur qoyun yerinə millət,
Canavarla çoban ortaqlıq edir.
Yalan sözlər alqışlanır, bu dəhşət,
Yal üstündə hər kəs yaltaqlıq edir.
Şeytanların dilindədir bu xəbər:
“Müsəlmandır yalnız günahkar olan.”
Bu nə hikmət? – diqqət eyləsən əgər,
Öldürən müsəlman, ölən müsəlman.