Yenə başda təbin yelidir əsən,
Ruhum sənlə dolub-daşır, deyəsən
Ürəyimi sənə açıb-tökməsəm,
Məni sarsıb incidən bir hüzün var
Duymamışdım belə bir hiss bu adda
Təb gələndə nələr olmur həyatda?!
Bir də gördüm, mənə yönəldi Budda,
Dedi, eşqin fitrətində dözüm var
Bir həsrətim olur hər axşam iki,
Öz-özünü əritməkmiş şamınki...
Gülüşünçün elə darıxmışam ki,
Hara getsəm, qulağımda səsin var
Həyatdan hər qopduğumda gəlirsən,
Bir az sevinc, bir az da qəm verirsən
Ruha məlhəm, sağlığıma zərərsən
Sənin mənim sağlığımda gözün var?!
Bir ölüm var, qismət ola gecindən,
Nəyim qalıb ki, yolunda keçim mən?!
Girib məni axtararsan içimdə,
Görəcəksən, orda sənin özün var