İFFƏT
Gülnarə Sadiq tərəfindən "Hekayə" bolməsinə 15:36 18 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Saat yeddi tamam idi. Sona gözlərini açdı. Yana çevrilib şirin yuxuda olan üç körpə balasına baxdı. Ev soyuq idi. Uşaqlar üşüdüklərindən bir – birlərinə sarılmışdılar. O isə evdə olan cəmi bir yorğanla uşaqların üstünü bərk – bərk örtmüşdü... Ayağa qalxmaq istədi soyuqdan hər tərəfi tutulmuşdu. Bir təhər qalxıb mətbəxə keçdi. Dolabı açdı –  boş idi, çörək qabına baxdı – qurumuş  bircə dilim çörək vardı. Artıq ağlamağa belə taqəti yox idi. Otağa qayıtdı, uşaqlar hələ yatırdı. Əynini geyindi, hər gün olduğu kimi axşamdan araq qoxan bakallar, kirli boşqablar, kül qabıları, iyrənc dəsmallar restoranda onu gözləyirdi. Əkbər yuxudan qalxdı.

-         Ana, işə gedirsən? – uşaq yuxulu soruşdu.

-         Hə balam, bacılarında müğayət ol. kədərli səslə dilləndi.

-         Ana dünən müəllimə dedi ki dərsə formasız gəlmə. – uşaq asta səslə dilləndi.

-         Bilirəm oğlum, sən bu gün get dərsindən qalma, de ki anam alacaq.  Göz yaşlarını güclə saxladı.

Axı artıq iki aydı ki sən hər dəfə alacam deyirsən? – Uşaq demək istədi ancaq anasının kədərli olduğunu görüb susdu.

         Sona güzgünün qabağında dayandı. Uzun qəhvəyi saçları kürəyinə yayılmışdı. Əlinə darağı aldı, istədi ki saçlarını səliqəyə salsın yadına restoran müdirinin şeytani baxışları düşdü. Darağı kənara atdi. Saçalrını qarışıq toplayıb boz rəngli şal örtdü. Əyninə öz bədən ölçüündən iki dəfə böyük ölçüdə olan üstü ləkələnmiş və bozarmış bir don geydi. O işə getdi. Ayaqları o iblis yuvası olan restorana getmək istəmirdi. Amma bir azdan uşaqlar oyanacaq və yemək istəyəcək. Qapıdan girən kimi müdirin harın səsini eşitdi:

-         Ay qız, mətbəx səni gözləyir, heç bilirsən gecə nə qədər müştəri olub? Bu gün sənə beş manat artıq verəcəm.

Beş manat artıq, bu ana üçün böyük pul idi. Onun ürəyinə sevinc gəldi. Həvəslə qabalrı yudu. Bütün mətbəxi təmizlədi. Iblis qoxuyan içki şüşələrini və başqa zibilləri yığışdırdı. Saat artıq 12 – i keçirdi. Uşaqlar indi acından ağlayırdı. O tələsik önlüyü çıxarıb yerinə qoydu. Müdirə yaxınlaşdı.

-         Sakit müəllim mən işimi bitirdim. – məsum bir tərzdə müdirin üzünə baxmadan dilləndi.

-         Hə, canım mənim. Lap yaxşı.

 o cibindən on beş manat çıxardı, uzatdı. Sona əlini uzadanda azca aşağı əyildi və pıçıldadı:

-         Bax, sən gəl mən deyənlə razılaş. Heç bilirsən işə gecə gəlsən nə qədər qazanarsan? Həm də mən şad olaram. - Müdir yenə ona şeytani hisslərlə baxaraq dedi.

Sona, sərt baxışlarla ona baxdı. Cavab vermədi. Kirmiş yoluna düzəlib getdi. Müdir yardımçısı müdirin yanına gəldi.

-         O çox gözəldi. Mən uşaq deyiləm, bilirəm ki, o bura özü qəsdən belə geynib gəlir. Yoxsa o bir qadın kimi çox gözəldi...

Müdir yanına gələn yardımçıya dedi. Ana gözdən itənə qədər ona baxdı.

         O evə gəldi. Yoldan çörək, az kartof, azca pendir, bir neçə yumurta, şəkər almışdı. Kişik Aylinin üç yaşı vardı. O anasının qucağına qaçıb ağlamağa başladı.

-         Ana, qardaşım mənə yemək vermədi. Məsum ifadə ilə anasına şikayətləndi.

-         Eybi yox qızım, axı qardaşın yemək bişirməyi bilmir?

Körpə Aylin anasına sığınıb sakitləşdi. O uşaqlara çay qoydu. Onları yedirdi. Özü lap azca yedi. O biri otağa keçdi. Cibindən qalan pulunu çıxardı. O bu “maaşla” düz bir həftə dolanmalı idi. Aldığı ərzaqlara on manat iyimi qəpik xərcləmişdi. Hələ qaz pulu, işıq pulu ödəməli idi ki, işıqları yansın, qazları yansın. Uşaqlar gecələr soyuqdan əsirlər. Bəs sabah qar yağsa necə olacaq? Divanda oturub düşünürdü ki, birdən qapı döyüldü. Durub qapıya getdi. Gələn yan qapı qonşusu idi. O qonağı gülər üzlə içəri dəvət etdi. Gələn qonşu qadının simasında qəzəb vardı. Onun gözlərindən həyasızlıq və acgözlülük yağırdı.

-         Bax Sona, sənin o oğlun dünən həyətdə oynayarkən mənim oğlumun topunu cırıb. Mənə bax hamı pulu əziyyətlə qazanır. Ərim polisdə hər gn itin – qurdun dalıyca düşmür ki. Qazandığı pulu mən sağa – sola səpim. Xahiş edirəm topun  pulunu ver. Yoxsa yaxşı olmaz...

-         Al bu pulu və get! – o acıqlı halda qadının sözünü kəsdi. – uşağınıza deyin ki, o polis oğludu mənim oğlum isə qəbrdə olan fəhlənin oğludu. Onunla dostluq etməsin.

-         Ay xanım niyə inciyirsiz? Mən nə dedim ki? – həyasız sifətli qadın istehzalı danışdı.

-         Xahiş edirəm narahat olmayın mən uşaqlarımın cəriməsini çəkərəm!

Qonşu qadın həyasızcasına üç manat pulu alıb getdi. Ana yorğun baxışlarla divana qayıtdı. əlni cibinə atdı. Bir manat neçə qəpik pul qalmışdı. Dərindən ah çəkdi. Gecəyə qədər yerindəcə donub qaldı. Uşaqlar oynadıqca ürəyi paralandı. Ümidsizlik onu bürümüşdü. Gecəni gözü açıq açdı. Səhər saat yeddidə yola çıxdı. Restorana yollandı. Uzun yollar gözlərində qısaldı. Işə necə çatdığını bilmədi. Bir də ayıldı ki, müdir qarşısında dayanıb.

-         Sabahınız xeyr!

-         Sabahın xeyr, necəsən?

-         Yaxşıyam sağolun. – utancaq halda başını aşağı saldı.

-         Bu gün çox gərginsən? Nə olub? – müdir təəcüblü soruşdu.

-         Heç, sağolun. Mən işimə gedim. – o tez müdirdən uzaqlaşmaq istədi. Getdi mətbəxə qabları yudu, oraları təmizlədi. Günorta isə önlüyünü çıxarıb yerinə asdı. Qapıdan çıxarkən müdir qabağını kəsdi.

-         Gəl otağıma, oranı təmizlə. Pulunu ayrıca verəcəm.

Əvvəl tərəddüt etdi. Sonra isə qışı düşündü. Evdə istilik yoxdu. Uşaqlar üşüyür, acdı, paltarları yoxdu. Bunları düşündü.

-         Yaxşı gəlirəm. O otağa gəldi. Təmizlədi, sildi süpürdü. Müdir otağa gəldi, ətrafa baxdı, tər – təmiz idi. Cibindən əlli manat çıxardı. Qadın pulu görüb diksindi.

-         Bu çoxdu. Mən bu qədər iş görmədim.

-         Qoy qalsın eybi yox, çətində olduğunu bilirəm. Deyərək pulu onun əlinə basdı. Qadın qeyri – ixtiyari olaraq ağladı. Özünü toplaya bilmədi. Üzr istəyib çıxdı. Evə gəldi. Əynini dəyişib qaz pulu ödəməyə getdi.

Nəhayət, uşaqlar bu gecə isti yatacaqdılar. Sevincək oğluna məktəb forması aldı. Işıqlar hələ yanmırdı. Amma eybi yox bir müddət də şam yandırarlar. Səhər o həmişəki kimi işə getdi. Qabları yudu, günorta isə evə gəldi. Bir neçə gün beləcə davam etdi. Bir gün günorta evə gedəndə müdir onu çağırdı.

-         Bura gəl.

-         Buyurun.

-         Otağı təmizlə! Müdir bir az sərt dedi.

-         Baş üstə.

O sakit otağa keçdi. Başladı təmizləməyə. Bitirməyə az qalmış müdir içəri girdi. Keçdi oturdu. Diqqətlə onu süzməyə başladı. Sonra bir az gəzindi.

-         Mənə bax, ərin niyə öldü? –

-         Qəzaya düşdü.

-         Çox sevirdin onu?

-         Biz sevib ailə qurmuşduq.

-         Bəs ailəniz? Valideyinlərin hanı? Ya yolaşının valideyinləri?

-         Mənim anam yoxdu. Atam isə ikinci ailə qurub. Bizi istəmir. Qaynanam isə yaxın gəlmir, oğlunun ölümü ona pis təsir edib. Nəsə Sakit müəllim mən işimi bitirdim. Icazənizlə gedim.

O qapının ağzında dayandı. Müdir sakit ona baxdı. Yaxınlaşdı. Qapını bağladı. Qadının üzünə qorxu çökdü.

-         Nə edirsiz? Açın qapını gedim. Heç nə istəmirəm sadəcə gedim. -  o aciz halda dilləndi.

Müdir onun qollarından yapışıb düz gözlərinin içinə baxdı. Onun gözləri parlayırdı, sanki quduz olmuş itin baxışlarını oğurlamışdı. O qorxdu, titrədi. Var gücü ilə onun qollarından qaçmağa çalışdı. Amma nafilə, gücü çatmırdı.

-         Bax, gəl sən mənim ol. Səni bu dilənçilikdən qurtarım. Dünyanı sənə qul edim.

Müdir son həddə çatmışdı, gözü dönmüşdü.

-         Baxın mənə pul lazım deyil, mənim iffətim mənə puldan önəmlidi. Buraxın gedim.

Birdən müdirin üz ifadəsi dəyişdi. Onu buraxdı. Üzünü çevirdi. Füsətdən istifadə edib otaqdan çıxdı. Müdirin son sözü:

-         Bir də səni görməyim!  - oldu

O qaçdı var gücü ilə ordan uzaqlaşdı. Hara getdiyini bilmirdi. Yollara baxmırdı. Artıq insanlara baxa bilmirdi. Hamı onun gözlərində vəhşiləşmişdi. Bütün kişilər müdirə bənzəyirdi. Bütün qadınlar qonşu qadın kimi həyasız idi. Bütün uşaqlar isə evdə ac ana yolu gözləyən yetim qızı kimi köməksiz idi. Üzünü dənizə tutdu. Dəniz sakit idi. Anasını xatırladı. Uşaq ikən necə də xoşbəxt idi. Sevgilisini xatırladı. Ilahi necə də böyük bir sevgi yaşamışdı. Indi isə o sevginin paklığını harın müdir araq şüşəsi ilə səhv salmışdı deyəsən. Artıq ağlamırdı. Dəniz onu kiritmişdi. Diqqətlə ucsuz – bucaqsız sulara baxıb rahatlamışdı. Evə getdi. Uşaqları yedirdi. Divanda dincəldi. Gecə oldu. Yatmadı. Səhər evdən çıxdı. Bir neçə yerə iş üçün getdi. Əli boş döndü. Axşama kimi ətrafdakı bütün xırda və böyük müəssələrə yaxınlaşdı...Nəticəsiz! Hətta bəziləri açıq şəkildə ona iffətsiz təkliflər edirdi. Onu dəhşət bürümüşdü. Evə gəldi, bir neçə gün keçdi. Əlindəki son iyimi qəpiyi verib çörək aldı. Uşaqlar onu qarşıladı. Son çörəyi də yedirdi. Iki gün ac qaldılar. Balaca qızın ağlamağa halı belə qalmamışdı. Sonanın ürəyi tab gətirmədi. Şalını götürüb evdən çıxdı. Bir baş əvvəl işlədiyi restorana getdi. Qapını döymədən müdirin otağına girdi.

-         Baxın mən bu işə geri dönməliyəm. Lütfən uşaqlarım var mənim. – o bir az qürurlu və eyni zamandada aciz bir tərzlə dilləndi.

Müdir üçün gözlənilməz idi. O bir anlıq çaşdı. Sonra isə edebsiz tərzdə gülümsəyərək:

-         Gəldinmi? Bilirdim gələcəksən. Vaxtında mən deyəni etsəydin indi bu qədər çətinin olmazdı.

-         Baxın mən namusumla qazanmaq istəyirəm. - ərkli bir tərzdə dilləndi

-         Namus? Bu gün bu dünyada namusu ilə yaşayan var ki? Namusluyam deyənlər elə başda gedən namussuzlardı. Sən də mənə namus fəlsəfəsi oxuma.

-         Mənim üçün namus fəlsəfə deyil – mənlikdi, vicdandı!

-         Ay gözəl xanım, axı mən sənə nə deyirəm ki, bu qədər inad edirsən? Sənə demirəm ki gəl qonaqlarımı yola sal. Deyirəm ki sadəcə mənim ol! Səni də uşaqlarını da xanlar kimi yaşadım

-         Hə anladım,- o əsəbi halda dilləndi.- sağolun, kaş gəlməzdim.

-         Bax peşman olacaqsan haaa...

O getdi. Arxasına baxmadan getdi. Evə çatdı. Aylin halsız uzanmışdı. Oğlu və ikinci qızı Ayşən də bir təhər idi. Əkbərin hətta halı olub dərsə belə gedə bilməmişdi. Beləcə üç gün daha keçdi. Aclıqdan uşaqlar bir dəri bir sümük qalmışdılar. Sadəcə su ilə qidalanırdılar. Körpə qız artıq demək olar ki can üstə idi. Yarı huşsuz halda uzanmışdı. Sona özündə son gücü toplayıb əynini geydi. Oğluna dediki heç kimə qapı açmasınlar. Düz üz tutdu restorana. Bu dəfə müdir qapının ağzında idi.

-         Yaxşı, mən sən deyənlə razı. Amma birinci uşaqlara yemək almaq lazımdı. Artıq dayana bilmirlər.

Müdir təəcüblü baxışlarla ona baxdı. Qadın bu neçə günü necə də solmuşdu. Gözləri çuxura düşmüşdü. O əlində bütün işini atıb Sonanı maşına dəvət etdi

-         Buyur gedək!

Onlar maşına əyləşdilər, bu yollar Sonaya yaman uzun gəldi. Sanki hər gün işə gəldiyi yol deyildi. Maşının güzgüsündən özünə baxdı. Gözləri onu qınadı, axı o bir azdan ən dəyərli varlığını İFFƏTİNİ qurban verəcək. Dayanmaq, qaçmaq istədi, amma uşaqlar ac idi. Aylin artıq huşunu itirmiş halda idi. Əkbər, Ayşən tamam solmuşdular. Sona maşının dayanmasını istəmirdi. O özünü mühakimə edirdi. Taleyinə hirslənirdi. Sonanın qəlbində vulkan püskürürdü. Müdir yəni SƏXAVƏTLİ KİŞİ yoldakı super marketlərin birinin önündə saxladı. O ki var bazarlıq etdi. Maşını doğru evə sürdü. Amma evə çatarkən o gözlərinə inanmadı. Qonşular hamısı onlara yığılmışdı. Iki təcili yardım maşını var idi. Təcili yardım işçıləri əllərində iki qara torbaya bükülü meyit çıxarırdılar. Böyük oğlan isə küncdə durub ağlayırdı.  O anasını görcək ona tərəf gəldi.

-         Ana mən heç nə edə bilmədim. Gücüm çatmadı.

O donmuşdu. Heç nə demədi. Irəli gedim torbaları açdı. Biri beş, digəri isə üç yaşında olan balalarını öpdü əzizlədi. Sonra isə onlarla vidalaşdı. Camaat dağılışdı. Qonşular oğlanı sakitləşdirdilər, gec də olsa uşağın ac olduğunu anladılar. Evdə yığışmış qonşu qadınlar ağı deyirdilər. Sona hamıya sakit qulaq asırdı, amma ağlamırdı. Sanki bu dünya, ətraf mühitlə bağını kəsmişdi. Birdən yuxudan ayılan kimi gözü oğlunu axtardı. Uşağı bağrına basdı. Sonra qonşulardan getmələrini xahiş etdi. Oğlu ilə tək qaldı. Əkbər ona hadisənin danışdı.

-         Ana, çay qoymaq istədim. Bacım üşüyürdü. Dedim bəlkə isti su içə rahat olar. Elə bu anda başım hərləndi. Harasa yıxıldığımı bildim. Bir də gözümü açanda  başımın üstündə həkimlər vardı.....- ağlayırdı, uşağın ürəyi yerindən çıxırdı- çaydan qaynayıb daşıb, qaz evə dolub.

Uşaq ağlaya – ağlaya anasının qucağında yuxuya düşdü. Amma ana yatmadı. O düşündü – müdiri, balalarını, sevdiyin ömür yoldaşını, itirdiyi anasını. Səhər qızlarını torpağa tapşırdı. Baş sağlığına gələn üç – beş qonşunu yola saldı. Yan otağa keçdi, əlinə bir dəftər qələm aldı.

“ Canım oğlum, artıq dayana bilmirəm. Mən atana gedirəm. Sən bu məktubu oxuyanda artıq yekə kişi olacaqsan. Həmişə başın uca olsun. Ömrün işıqlı və nurlu olsun. Sənə miras olaraq yalnız bu qədər zülmün yanında yeganə itirmədiyim iffətimdi. Ən son anda isə iffətimi bacıların öz ölümləri ilə qorudular. Sağ qalsam yeganə mirasımı itirməkdən qorxuram. Amma sən bu həyata inad böyü, oxu, böyük adam ol. Əlində olanları harama qurban vermə. Böyük adam ol ki, yanında ac uşaq qalmasın. Harda səni kimi yetim görsən onun başını sığalla. Heç vaxt içki içmə, qumar oynama. Bilirəm, mən indi cəhənnəmə gedirəm. Amma iffətsiz yaşamaq cəhənnəmdən pisdi. Böyü – sən böyü ki, bu dünya kiçilsin, ayağının altının tozuna çevrilsin. Əlvida mənim balam!”

        O məktubu qatladı. Oğlunu da yanına alıb uşaq evinə üz tutdu. Balasını ora təhvil verdi. Uşaq evinin hüquq məsləhətçisi ilə birlikdə imza ilə məktubu yalnız on yeddi yaşı olarkən ona vermələrini xahiş etdi və balasını Allaha sonra isə ordakı müəllimələrə tapşırdı. Balası, canı, nəfəsi ilə vidalaşdı. Ona möhkəm olmağı tapşırdı. Uşağın fəryadına baxmayaraq arxasına baxmadan uzaqlaşdı. Düz dənizə üz tutdu. Uzun müddətdi ki, səliqəsiz saxladığı o gözəl saçlarını açdı. Külək onun saçlarının dənizin dalğalarına bənzətdi. Qışın soyuğu idi. Amma buz kimi su onu üşütmədi. O başını dik qaldırdı

-         Canım qızlarım, saf mələklərim nə yaxşı getdiniz. Nə yaxşı ki məni qoruduz. Siz əsl evlad oldunuz mənə...

Bu onun son sözləri oldu. Bayaqdan dənizə bənzər uzun gözəl saçlar indi dənizə qarışdı. O ağrı hiss etmədi. Nəfəsi darıxdı, ürəyi sıxıldı. Gözünü və ağzını bərk – bərk yummuşdu, çırpınırdı. Son bir hərəkət qalmışdı ünvana catmağa. O əllərini açdı, gözlərini açdı, ağzını açdı, su ciyərlərinə işlədi – bununla da son bir cəhd və hər şey tamam. Artıq o ana ruhu və mənəviyyatı kimi tər – təmiz sulara qərq oldu. Artıq o iyrənc restoran mətbəxi, mənəviyyatsız müdir, həyasız qonşular yox idi. Yalnız o və dəniz var idi...Su və Sona – SUSONASI var idi...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0304 saniye