Adım Məryəmdir. Həyatımın bütün olaylarını deyil, ən vaciblisini danışmaq niyyətindəyəm. Lütfən, dinləyin məni.
Bir oğlum var. Adı Mikayıldır. 11 yaşı var. Yeganə övladım serebral iflicindən əziyyət çəkir. Uşaqlıqdan keçirtdiyi sarılıq xəstəliyinin nəticəsidir. Oğlum yaşıdları kimi hərəkət edə bilmir, təhsil ala bilmir, hətta normal şəkildə qidalana da bilmir.
Təkcə bununla yekunlaşmır.
Mikayıl adlı mələk dünyaya göz açdıqdan sonra mənim daha hamilə qala bilməyəcəyim ortaya çıxdı. Oğlum xəstə olduğundan atası zalimcəsinə hərəkət edərək bizi tərk etdi.2 ildir ki, boşanmışıq. Hələ ailəli olduğumuz vaxtda uşağı heç bir həkimə aparmırdı. Laqeyd münasibətin ən dəhşətli təzahürü-"Onsuz da sağalan deyil. Boşuna pul xərcləyirsən!" Hətta qayınanam da onu dəstəkləyirdi. "İynə vuraq, ölüb getsin də"-deyirdi dayanmadan. Dözməyə taqətim qalmadı
Aliment alıram, amma yetmir. Valideynlərimlə yaşayıram. Onun iynə-dərmanlarına çox pul gedir. Tək bir əməliyyatla bitmir bu iş. Terapiyalar bir deyil, iki deyil, üç deyil. Davamlı həkim nəzarətində olmalı, masaj və digərləri.
Əvvəllərə nisbətən indiki dirçəliş var. Əgər əvvəllər nəinki yeriməyi, danışmağı, çeynəməyi belə bacarmadığı halda, qohumlarımın maliyyə yardımı sayəsində Nevroloji Dispanserdə və Uşaq Bərpa Mərkəzində müalicə sayəsində ən azından otura bilir, ağzındakı qidanı çeynəyir, fikrini qısa ifadələrlə bildirir.
Dövlət qurumlarından bircə yerli icra hakimiyyətinə müraciət etmişik. Bir dəfə 30 manat verdi, sonrası isə unudulub getdik.
Mənim balamın əqli qüsuru yoxdur. Yaşıdlarına baxarkən əzab çəkir. Onlar kimi qaçmaq, oynamaq istəyir. Amma sinirləri iflic olduğundan beyin bədəni idarə edə bilmir.
Əməliyyat böyük məbləğ tələb edir. Hələ ki yaşama şansının 90 faizlik olduğu bəllidir, amma müalicə gecikdirilsə şans azalacaq...