İki aləm
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:38 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Adəm övladı nizam-intizamı qarışqalardan,zəhmətkeşliyi arılardan örnək alsaydı,bu dünyamız tamam fərqli olardı.Bəli,insanın təbiət qoynunda onunla paralel yaşayan digər canlılardan nümunə götürməli olduğu çox nəsnələr var.Bir müftəxoru əməyə bağlı arı ilə müqayisə etmək,bir intizamsızı nizamından çıxmayan qarışqa ilə eyni tərəziyə qoymaq,bir tənbəli hər əzaba qatlanan ulağa tay etmək haqsızlıq olmazmı? Təbii ki,olar,həm də,böyük bir haqsızlıq olar.

           İnsanlardan başqa bütün canlılar,

           Qənaət evində tutmuşdur qərar.

Böyük mütəfəkkir Nizami Gəncəvinin əsrlər öncə qələmə aldığı,bu misralardan bir daha əyan olur ki,Adəm övladları ilə təbiət qoynunda qərar tutmuş canlılar arasında bütün zamanlarda fərqliliklər mövcud olmuşdur. İnsanlar və heyvanlar aləmində baş verən proseslər zahirən bir-birindən çox uzaq görünsə də,gerçək təhlil edilən zaman bir-birinə olduqca bağlı olduğuna şahid oluruq.İnsanın həyat tərzi yer üzərindəki bütün canlı və cansız hər nə varsa,hər biri ilə vəhdət təşkil edir.Bütün nemətlər Allah tərəfindən yaratdıqlarına təmənnasız bəxş edilən sərvətdir.Bu sərvətlərin canlılar tərəfindən dəyərləndirilməsinə nəzər saldıqda,çox zaman üzücü mənzərə ilə qarşı-qarşıya qalırıq.Bir tərəfdə yer üzünün əşrəfi sayılan Adəm övladının israfçılığı,digər yanda qənimətə qənaət edən heyvanlar aləmi...

-Bəzi nankorlar kimə xatir çörək tapırlar,ay nənə?

-Dilsiz-ağızsız köpəklərə xatir.

-Necə yəni?

-Sevgili yavrum,rəvayətə görə,bir zamanlar taxıl zəmilərindəki sarı sünbüllər alp ərənlərin boyu uzunluğunda olub.Günlərin birində,bir qadın müqəddəs saydığımız nemətlə agıl almaz şəkildə rəftar edərək Allahın qəzəbinə tuş gəlib.Yaradan yaratdığının nemətə qarşı etdiyi nankorluğu cəzasız qoymamaq üçün torpağın bərəkətini çəkməyə,sarı sünbülləri yox etməyə qərar verir.Vəziyyətin vahimliyini hiss edən köpəklər başlarını göyə qaldırıb uluyaraq Yaradana acizcə yalvarırlar.Onlar sanki, “Adəm övladının nankorluğu üzündən bizləri də ac buraxma”deyə,Allahdan son bir aman istəyirlərmiş. Allah bağışlayan və əfv edəndir.Yaratdığı heç bir məxluqata əziyyət etməz,ta ki,onlar özlərinə etməyincəyə kimi.Beləcə,Yaradan dilsiz yaratdıqlarının yalvarışlarını diqqətə alır və hökmü dəyişir.Fəqət,Adəm övladının nankorluğunu da,görməzdən gəlmir.Alp ərənlərin boyuna-boy verən sarı sünbüllər kiçildilərək köpək boyunacan endirilir.

-Çox ibrətamiz rəvayət idi.

-Zəmilərin saralıb yığım ərəfəsində olduğu zaman,o sahələrin yanından ötüb-keçən köpəklər olarsa,o zaman,o səmtə diqqətlə bax və onda görəcəksən ki,sarı telli sünbüllər köpək boyunu aşmır...

Nənəmin dilindən eşitdiyim,bu rəvayətin nə qədər doğru,nə qədər yanlış olduğunu deyə bilmərəm,ancaq bildiyim olan bir gerçəklik var ki,o da,hər gün zibil qutularının içinə,yan-yörəsinə atılan çörək qırıntılarını gözlərimlə görməyimdir.Belə acınacaqlı mənzərədən sonra içimdən bir səs mənə sual edir: Görəsən,bu zamanda bizlər kimin üzünə çörək tapırıq ???


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0214 saniye