İki doğma şəhər
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:45 10 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Lalə mətbəxdə səhər qəlyanaltısını hazırlayırdı. Masa gözəl şəkildə bəzənmişdi. Əyləşib əlini çənəsinə dayaq verərək xəfifcə gülümsədi. Masadan ayrılıb vanna otağına yaxınlaşdı. Qapı açıq idi. Kandarın divarına söykənib qollarını sinəsində çarpazladı. Atası üzünü qırxırdı. Aynadan qızının halını görüb üzünü ona tərəfə çevirdi.

-Nəyin var, qızım?

-Heç...Darıxdım birdən...

Arif kişi kədərli təbəssüm edib üzündəki əməliyyata davam etdi.

Dəstəyi burub yataq otağına daxil oldu. Uşaq çarpayısına səssizcə doğrulandı. Körpəsi mışıl-mışıl yatırdı hələ. Nəfəsini içəri çəkib Toğruluna tamaşa elədi. Öz çarpayısında əyləşib tumbanın üstündəki çərçivəni əlinə aldı. Oradakı şəxsə baxarkən ixtiyarsız olaraq yanaqlarında cığır açan göz yaşlarını durdura bilmədi...

...Lalə Moskvada biologiya üzrə oxuyarkən müəlliminə vurulmuşdu. Amma heç kimə bu barədə bircə kəlimə də demədi. Sevgisini öz içində yaşatdı. Kirayədə 3 qızla birgə yaşayırdı. Biri tacik, biri türkmən, biri isə gürcü qızı idi. Arada Lalənin kefsizliyini müşahidə etsələr də, ondan bir söz qoparda bilmirdilər. Lalə gecələri ağlamırdı. Sadəcə gözlərini tavana zilləyərək müəlliminin portretini oradaca canlandırıb kiçicik inamla gülümsəyirdi. Ya da kitab oxuyarkən sətirlərin arasında onun baxışları...Musiqi dinləyərkən onun səsi...

Həsənin evli olduğunu, aralarında 15 yaş fərqini, gözəl arvadının şəhərdəki moda evlərinin birinin sahibəsi olduğunu, 2 oğlan uşaqlarına sahib olduğunu...daha nələr, nələr...bilirdi, hamısını yaxşı-yaman bilirdi. Amma nə olsun?! Bilməyinin elə də bir faydası yox idi təəssüf ki!

Ali təhsilini başa vuranda ona müqaviləli iş təklif olundu elmi laboratoriyada. Ailəsi ilə danışıb bir qərar qəbul etdi.Mikrobioloq işləməyə başladı. Ətrafındakı əks-cins nümayəndələrinin ona isti münasibətindən hər nə qədər xoşhal olsa da, Həsəni yaddaşından silib ata bilmirdi.

Yağışlı payız günlərinin birində qarşısını maşın kəsdi. Sükan arxasındakı adamın Həsən olduğunu görcək özünü itirdi. Müəllimi maşın salonundan çıxıb qarşısına keçərkən onun üzüntülü halı qızın nəzərindən qaçmadı. Arvadı ilə münasibətləri korlanmışdı. Bir kafedə isti qəhvə sifariş edərək içdilər. Həsən qızın ona necə baxdığını son anda sezib günahkarlıq duyğusu ilə başını yırğaladı.Sonra qızı evə buraxmağa qərara aldı. Bütün yol boyu maşında susqunluq hökm sürdü. Həsən Laləni qapıya qədər təqib edib sağollaşaraq pilləkanlarla aşağıya doğru sürətləndi.Gecəni yata bilməyən Lalə sonda çarpayıdan qalxıb açıq eyvan çıxdı və gözlərinə inanmadı.Həsən maşına söykənib onun eyvanını müşahidə edirdi.

Qapının açıb müəllimini içəri buraxdı. Sonrası isə...

Hamilə olduğunu öyrənəndə tələsik Moskvanı tərk etməyə qərar verdi. Cəmi-cümlətani bir gecə və uşaq. O gecənin ayrıntılarını güclə xatırlayırdılar hər ikisi. Və bir daha görüşüb eləmədilər. Lalə özünü yarı günhakar, yarı xoşbəxt sayırdı düzü.

Bakı. Anası qızının hamiləliyini eşitcək ürəyi xarablaşdı və 3 gündən sonra komada dünyaya əlvida dedi. Evli qardaşı onu bacılıqdan çıxartdı. Bir tək atası qızına arxa çevirmədi. Bütün deyilənləri qulaqardına vurub qızını depressiya bataqlığından çıxartdı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0822 saniye