İki şəhərin üç fərqi
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:29 19 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gecələri al-əlvan,gündüzləri kahkəşanlı paytaxtda dinamik həyat öz axarı ilə davam etməkdədir.24-saat fasiləsiz fəaliyyətdə olan restoranlar,gecə klubları, əyləncə mərkəzləri imanını itirmiş imkanlı dədələrin müftəxor balaları üçün “qüsursuz” xidmət verməkdədir. Cürbə-cür içkilərin düzüldüyü masalarda əyləşən(bəzən səviyyəsiz şəkildə sərilən) cavancıqlar dədəciklərinin beytül - mal mənimsəməklə onlara aldığı son model arabaların möhtəşəmliyindən bəhs edir. Burada harınlıq sərhəd tanımır. Onlara görə,bu natamam həyatda bütün nəsnələr onlar üçün daimi və əbədidir. Bu,gödəncə yekə, beyincə cücə danqalaqlara görə,onların mənəviyyatı məzlumlardan qamarlanan sərvətdə,şərəfləri təməli yetimin haqqı ilə tökülmüş zəngin saraylarında,ləyaqətləri idarə etdikləri bahalı maşınlarda mövcuddur.

Mərkəz şəhəri əyalətdən fərqlənirən önəmli üç fərq var: Mənəviyyat, Maddiyyat və Səmimiyyət.Bunların hər birini ayrı-ayrılıqda qısaca şərh etmək yetərlidir ki,bütün məsələlər gün üzü kimi aydınlığa çıxsın.

Mənəviyyat

Zəngin olmaq,firavan yaşamaq,xoşbəxt həyat tərzi günahdırmı?Xeyr,təbii ki,yox! Zənginlik paylaşılarkən,xoşbəxtlik bədbəxtliklər üzərində qurulmadıqda,firavanlıq natamam olmadıqda heç bir sıxıntı baş verməz.Əfsuslar olsun ki,bunları müasir dövrdə görmək mümkünsüzdür. Mümkünsüzlükləri mümkün etmək isə,yenə də,Adəm övladlarının öz əllərindədir.Mənəviyyiyat dedikdə, dəyərlərə sayğı,ənənələrə bağlılıq,mənəvi zənginlikləri özündə ehtiva edən hər nə varsa,hər birinə ayrı-ayrılıqda önəm vermək ilk sırada dayanır.Dünyanın bir-çox yerlərində,bu dəyərlər mərkəz şəhərlərdən fərqli olaraq əyalətlərdə daha yaxşı qorunur.Paytaxtlarda mövcud olan geniş imkanlar,böyük hərəkətlilik,qələbəlik çox zaman dəyərləri arxaya atır.İmkanlar artdıqca iştah şahə qalxır,səmimiyyət əlil arabasına oturur.Hərəkətlilik nəfslə paralel addımlayır.Qələbəlik əksər hallarda qəribləşməyə doğru aparır.Qarmaqarışıq izdihamlar içərisində birlik deyil,etinasızlıq və soyuqluq önə çıxar. Paytaxt insanı üçün bir-birlərindən uzaqlaşma, qütbləşmə,bölgələşmə hissləri daha tez baş qaldırır.Əyalətlərdə qaygılar çox olsa da,qütbləşmə mövcud deyil.Hələ ki,bir işığın ətrafına toplananlar,sevincini və kədərini paylaşanlar var.Köklü nəsillər nizamlı olaraq,dədələrindən miras qalan dəyərləri özlərindən sonrakılara aşılaya bilirlər.Qohumluq sevgisi,qonşuluq haqqı,dostluq etibarı miras dəyərlərin içərisindəki ən qiymətli nəsnələrdir.

Maddiyyat

Bir içki düşkününü müalicə edərək yenidən cəmiyyətə reabilitasiya etmək mümkündür.Narkoman da,möhkəm iradə göstərib sağlam həyatına qayıtmağa müvəffəq ola bilər.Qumarbaz var-yoxunu itirdikdən sonra həyatın ona verdiyi dərslərdən ibrət alıb tövbəkar olur.Beytül-mala qənim kəsilən sərvət düşkünlərinin düzəlməsi isə,təəssüf ki,imkansızdır.Böyük şəhərlərdə,böyük vəzifələr tutan,böyük adamların,bivec övladlarının islah olunması çox mürəkkəb məsələdir.Haram sərvətə bərk-bərk sarılanlar dünyanın maddiyatı ilə kəbin kəsdirərlər.Sərvət mənəvi dəyərləri üstələdiyi zaman verilən nəsihətlər,yazılan məsləhətlər havadan asılı qalar...

Səmimiyyət

Böyük şəhərlərdə səmimiyyət aramaq heç də asan olmur.Belə şəhərlər insanları çox dəyişir.Firavanlığın və rahat həyat tərzinin təminatı üçün,çox zaman səmimiyyət deyil,yalan və fırıldaq dövriyyəyə girir.Aldadanlar və aldadılanlar,amansızlar və günahsızlar böyük şəhərlərin daimi oyunçularıdır.Bu cür vəziyyətdə,ikincilər nə qədər müdafiə olunsa da,hücum edən imansızların həmləsindən qurtula bilmirlər.Səmimiyyət,bu şəhərlərə görə deyil.Əyalətdə isə,hələ ki,səmimi münasibətlər mövcuddur. ”Üz-üzdən utanar”,”dost-tanış nə deyər”,”qonşuluğa,dostluğa xatir” kimi məsəllər əyalət insanları üçün hələ də dəyərlidir.Səmimiyyət sözlə deyil,əməllə təsdiqini tapar.Səmimiyyət-sözdə nə qədər yumuşaq səslənsə də,əməldə insandan böyük cəsarət,böyük iradə tələb edər...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0321 saniye