İkinci əl kitab oxumağı sevən məşhurlar
Aysel Məhərrəmova tərəfindən "Məşhurlar" bolməsinə 10:25 02 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Seyid Əzim Şirvani (Azərbaycanlı maarifçi, şair) – Dahi mütəfəkkirlə bağlı tarixi mənbələrdə yazılır ki, Seyid Əzim camaatda olan kitabları özü üçün yığarmış. Oxumaqdan uzaq olan və təsadüf nəticəsində əlinə kitab keçən camaat kitabların vərəqlərini cırıb məişətdə istifadə edərmiş. Bu da Seyid Əzimi narahat edərmiş. Ona görə, Seyid Əzim həmin kitabları yığar, oxuyar və şəxsi kitabxanasında saxlayarmış.

Fyodor Dostoyevski (Rusiyalı yazıçı) – Çoxları Fyodor Dostoyevskinin daha çox ikinci əl kitablar oxuduğunu bilir. Buna səbəb kimi Dostoyevski bəzi mənbələrdə qeyd edir, “Mənə kitabdan daha çox onun içərisində unudulmuş və nələrsə qeyd edilmiş kağız parçaları lazımdır. Bu, məni yeni hekayələrə ruhlandırır”.

Devid Rokfeller (Amerikalı milyarder) – Amerikalı milyarderin pulu başından aşır. Hətta onun evində yeni kitablarla dolu böyük kitabxana var. Lakin Rokfeller köhnə kitabları oxumaqdan zövq alır. Müsahibələrinin birində, “Kitabı nə qədər çox insan oxusa, bir o qədər dəyər qazanır”, - deyən Rokfeller, “Yeni kitablarla müqayisədə köhnələr özündə daha çox xatirələr saxlayır: həm öz hekayəsini, həm də oxuyanların xatirəsini...”

Zlatan İbrahimoviç (İsveçli futbolçu) – Zlatan İbrahimoviç azsaylı futbolçulardandır ki, kitab oxumaq üçün vaxt ayırır. Onun hətta öz həyatından bəhs edən kitabı da var. Futbolçu kitab oxumaqdan zövq alsa da, kitab almaq üçün dükanlara gedə bilmədiyini deyir: “Mən oxumağa kitabı dostlarımdan alıram. Özüm internetdə kitablarla maraqlanıram, bəyəndiklərimi dost-tanışdan soraqlayıb əldə edirəm. Bir neçə dəfə kitab almağa getmək istədim. Amma oradakı insanlar mənlə şəkil çəkdirməyə başladırlar və mən vaxtımı kitablara baxaraq yox, şəkil çəkdirərək keçirməli oldum. Yaxşısı, ikinci əl kitab oxumaqdır”.

Fidel Kastro (Kubalı siyasi lider) – Fidel Kastro siyasi ideyalarının kitablar nəticəsində formalaşdığını deyir. Gəncliyini savadlanmağa həsr etmiş lider qoca yaşlarında da kitabı kənara qoymur. Ancaq o da daha çox ikinci əl kitab oxumağı sevir. Onun sözlərinə görə, kitabların tirajı az olmalıdır. İnsanlar növbə ilə kitab almış birisinin həmin kitabı oxuyub qurtarmasını gözləməlidirlər. Belə olan halda, həsrət həmin kitabı daha dəyərli və maraqlı edəcəkdir.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.022 saniye