İkinci varis
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:39 08 dekabr 2015 tarixində əlavə olunmuşdur

Anam məni doğub, atam məni qəbul etmir, qardaşım isə nifrət edir. Çünki atamın aşnasında doğulan 2-ci varisəm...

Uzaqlardayam, çox uzaqlarda. Ölkəmdən, “ailəm”dən sürgün olunmuşam. Dırnaqarası məni oxumağa göndəribdir, amma əslində məni rədd edibdir qardaşım. “Xarici dili mükəmməl səviyyədə öyrənmək, ya da təhsili davam etdirməkdən savayı istədiyin qədər orada qala bilərsən”-demişdi qardaşım. Qollarını sinəsində çarpazlaşdırıb soyuq baxışları ilə söyləmişdi...

Məndən qisas almağı qarşısına məqsəd qoymuşdu qardaşım. Əslində, haqsız da deyildi. 5 yaşında ikən atamız birisinə “ilişmişdi.” Anamla olan münasibətindən xəbərləri vardı. Bu isə ailə üçün, nəsil üçün, holdinq böyük təhdid, böyük biabırçılıq böyük zərbə idi. Amma ögey anam boşanmadı. Qisas planına başladı...

Mən “abort” olunmalı idim, olunmadım. Amma hələ ana bətnindəykən zərbə almağa başlamışdım. Atamın soyuqluğunu, laqeydliyini, bivecliyini hiss edirdim. Anam “aşna”, “o qadın” idi. Onun eqoistliyini anlamırdım. Mən bu qədər vacibəm yəni? Atamdan heç cür əl çəkmək istəmirdi. Gözləri kor, qulaqları kar olmuşdusa, dili lal olmamışdı. Sevgi qürursuzluğu onu “məhv etmişdi.” Atam istər səsini yüksəltsin, istər əl qaldırsın, yenə də “dəlicəsinə sevirdi.”

Bir tərəfdən atamla anamın münasibətləri, digər tərəfdən ögey anamla qardaşımın planları məni təqib edirdi. Atam anamla məni paparazzilərdən uzaq tutub gizlədə bilmişdisə, ölü olmaq istəyirdim. Ana bətnində yatan mən gələcəyimi hiss edirdim. Ögey anamın, atabir qardaşımın planlarından xəbərdar imiş kimi idim sanki. Atam hər gün adamları vasitəsilə bizi “təmin” etməyə çalışsa da, eqoist anama bu azlıq edirdi. Atamın özünü tələb edirdi. Amma hamiləliyi müddəti boyunca atam bircə dəfə də olsun gəlib bizə yoluxmadı. Özünü işə, ailəsinə həsr edirdi. Hər şey nəzarət altında idi. Atam aşnası ilə doğulmamış oğluna, ögey anam isə atama və qardaşıma nəzarət edirdi.

Məni anamdan alıb qardaşımla birgə qapalı şəraitdə “böyütməyə” başladı. Ögey anam etiraz etmədi, sadəcə qardaşımın saçına sığal çəkərək gülümsündü. Anamdan, ana südündən, ana laylasından, ana öpüşündən, ana sığalından əbədi məhrum olunmuşdum. Mən qardaşımın dayəsi sayəsində iməkləməyə, gəzməyə, dil açıb danışmağa başladım. Anam isə küçə həyatı yaşamağa, içməyə, narkotik qəbul etməyə, təcavüzə uğramağa başladı. Atam onu hərtərəfli təqib edirdi, qadağa qoymuşdu. Əvvəlcə atamın, sonra da mənim dərdim onu yavaş-yavaş öldürməyə başlamışdı.

2 yaşıma gəlincə cinsi yolla keçən xəstəliklə dünyasını dəyişdi. Atam isə onun onsuz da təqib edirdi, öldüyündən də xəbəri vardı. Amma onun məzar yerini heç vaxt mənə göstərmədi. Böyüdükcə qardaşımla oynamaq, atamı qucaqlamaq, ögey anamı öpmək arzularım cücərmiş solmağa başladılar. Ailəyə kənardan kimsə evimizə təşrif buyurarkən mən həmişə “ vəfat etmiş uzaq qohum uşağı” rolunu ifa etməli idim. Dayəmiz, sürücümüz, qulluqçumuz etibarlı kəslər idilər. Mənim əslində kim olduğumu bilirdilər. Atamın mənə qarşı soyuqluğu böyüdükcə daha da dərinlərə işləyərək məni öldürüb-dirildirdi. Mən susqun biri olaraq böyüdüm. Gözləmədim, soruşmadım, tələb etmədim, maraqlanmadım. Atamın sayəsində özümə qapandım, tənhalıq dostum oldu...

Qardaşımın oxuduğu, ancaq varlı övladların oxuya biləcəyi təhsil müəssisəsində ən yüksək nəticələr əldə etdimsə, sevinə bilmədim. Bir tək yaşlı dayəm mənim uğurlarımdan sevinirdi, ruhlandırırdı, əzizləyirdi. Bunları ailəmdən gözləyirdim halbuki. Qardaşım məktəbi bitirən kimi xarici universitetlərin birində oxumağa başladı. Onsuz ev mənə darıxdırıcı görünməyə başladı. Baxmayaraq ki, mənimlə soyuq davranırdı, məni bəzən “yox” sayırdı, suallarımı cavabsız buraxırdı, ağlamağıma qəzəblənib qışqırırdı, amma yenə də onun varlığı ilə azacıq xoşbəxt olurdum. Bilirdim ki, böyüklər aləmində tək deyiləm...

O qayıtdı, amma məni göndərdi...

Çünki mən bilinməyən 2-ci varisəm...

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0254 saniye