İlğım...
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:15 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                                  İlğım...

 

           ... Gecə yarıdan keçmişdi. Telefon zəng çaldı... Səs quyunun dibindən gəlirmiş kimi boğuq və uğultuluydu. Zəngin səsinə heç kəs yuxudan ayılmadı, elə bil, telefon heç zəng çalmırdı. Quşdan ayıq yatan həyat yoldaşı da, nədənsə, bu səsdən diksinmədi.

            Təkcə, Qasım müəllimin üçmərtəbəli xorultusu ani olaraq kəsildi və o, əvvəlcə yerində qurcundu, sonra isə mızıldanaraq dişlərini bir-birinə sürtüb xırçıldatdı. Deyəsən, telefonun səsini bircə o eşitmişdi. Əl atıb telefonu götürdü və həmin andaca qulağına tutub “alo” dedi.

         Telefonun o biri ucundakı adam, əvvəlcə boğazını arıtladı, sonra səsinin tonunu artıraraq:

- Qasım Həsənzadəyləmi danışıram?!

       - Bəli!.. mənəm... Kimdir, bu gecə vaxtı?

       - Əflatun Amaşovdur, Mətbuat Şurasının katibi. Tanıdınmı?!

       - Hə... Əlbəttə, tanıdım. Əflatun müəllim, xoş gördük sizi, bu gecə vaxtı xeyirdirmi?!

       - Xeyir olmamış nə olacaq? Zəng etdim deyim ki, sabah saat onda yanımda olarsan, səninlə vacib işim var.

         - Əflatun müəllim, nə işdir belə?!

         - Yaxşı işdir, gələrsən bilərsən.

         - Əflatun müəll...

         - Gözləyəcəyəm!- deyə, danışan şəxs onun sözünü ağzında qoydu.

           Telefon susdu...

         - Görəsən, nə məsələdir belə? - deyə o, fikirləşdi. Axı, Əflatun Amaşovla bircə dəfədə olsun görüşməmişdi, heç tanış da deyildilər. Yüz faiz bilirdi ki, Əflatun Amaşov da onu heç tanımır, olsa-olsa mətbuatda imzasına rast gələrdi, vəssalam. Bəs, onda səbəb nə idi ki, gecə vaxtı şəxsən özü zəng edib yanına çağırsın? Birdən yadına düşdü ki, bir neçə il bundan qabaq yaxın dostunun qəzeti reket qəzetlər siyahisina salınanda, o da Əflatun Amaşovun qarasınca bir-iki söz yazmışdı. Bəlkə, Aflatun müəllim indi bu məsələdən xəbər tutub onu tənbeh etmək üçün yanına çağırır? – Yox əşi, bu məsələnin üstündən gör nə qədər vaxt ötübdür, onun iş-gücü qurtarıb məgər, xırda bir məsələni bu qədər böyütsün?! Yox, burada nə isə özgə məsələ var, - düşündü.

            Vaxt işıqseli kimi bir anlıq ötüb keçdi. Səhərin açıldığını, necə evdən çıxdığını və nə vaxt gəlib Mətbuat Şurasına çatdığını xatırlaya bilmirdi. Onda gördü ki, müəllimin otağındadır və onunla üzbəsurat oturub söhbət edir.

         Əflatun Amaşov:

         - Neçənci ildən Jurnalistlər Birliyinin üzvüsən?

- Min doqquz yüz doxsan doqquzuncu ildən.

- Bəs, Yazıçılar Birliyinin?

  - İki min ikinci ildən.

         - Belə! – deyə, Əflatun Amaşov mənalı-mənalı onu süzüb əlavə etdi:

           - Yəqin ki, məlumatın var, hörmətli prezidentimizin sərəncamıyla jurnalistlər üçün tikilən mənzilin bölgüsü başlayıbdır. Mən sənin ehtiyacını və istedadlı bir yazar olduğunu nəzərə alaraq, adınızı bu siyahıya salmışam. Siyahı, artıq, yuxarı dairələr tərəfindən təsdiq olunub gəlibdir. Səni bura çağırmaqda məqsədim mənzilin orderini və açarlarını sənə təqdim etməkdən ibarətdir. Ona görə səni bura çağırmışam.

           Qulaqları uğuldadı. Sevindiyindən uşaq kimi ağlamaq istədi. Bu bir möcüzə idi, ağlagəlməyən möcüzə. Neçə illərdi ki, şəhərdə ev almaq arzusundaydı, amma heç cür imkan edə bilmirdi. Bir də, hardaydı onda o qədər pul ki, ev alsın. İndi isə, oturduğu yerdəcə şahlıq quşu özü öz əl-ayağı ilə gəlib qonmuşdu onun başına. Bu, doğurdan da, ağlagəlməz bir iş idi.

            Ayağa qalxdı və heç bilmədi ki, minnətdarlığını necə bildirsin. Dili söz tutmayıb kəkələdi.

            Əflatun müəllim mənzilin orderini və açarlarını ona təqdim etdi.

            Qasım müəllimin bədəni əsirdi, həyəcandan ayaqüstə zorla dayanırdı. Möhkəm tərləmişdi, bütün bədəni su içərisindəydi. Özünü itirdiyindən Amaşova nə deyəcəyimi, necə təşəkkür edəcəyimi də bilmirdi. Hansı sözü desəydi, necə təşəkkür etsəydi, yenə də ürəyi soyumayacaqdı. Özünü toplayıb, bircə bunları deyə bildi:

         - Bağışlayın, Əflatun müəllim, görünür mən sizi yaxşı tanımamışam. Haqqınızda bir müddət bundan qabaq qanqaraldıcı sözlər yazmışdım. İndi görürəm ki, nə qədər yanılmışam. Siz, görün necə də alicənab insansınız ki, xahişsiz, minnətsiz mənim də adımı bu siyahıya salmısınız... Sizə çox-çox təşəkkür edirəm. Mən... mən çox pis adamam... Mən lap... İstədi ki, özünü söysün, amma qüruru buna yol vermədi.

       Çaşqınlıqdan nə edəcəyini bilməyən Qasım müəllim bir qədər geri çəkilərək, əlini sinəsinə qoydu və şəstlə Əflatun müəllimin qarşısında baş endirdi. Elə həmin anda gurultu səsinə yuxudan ayıldı.  

         Səsə həyat yoldaşı və uşaqları da yataqdan dik atıldılar.  

     Həyat yoldaşı həyəcanla:

       - Ay Qasım, bu nə səs-küydü, ev uçdu ki, başımıza.

         Qasım körpə uşaq kimi zarıdı.

           Arvadı işığı yandıranda gördü ki, əri yatağın içində dizləriüstə oturaraq, başını tutub ufuldayır.

           Qasım müəllim yuxuda təzim edərkən başını çarpayının tindinə necə çırpıbsa, alnının ortasından toyuq yumurtası boyda donqar çıxıbdır.

           O gecə səhərə qədər ağrının təsirindən Qasım müəllimin gözlərinə birçimir də olsun yuxu getmədi. Səhəri dirigözlü açan Qasım müəllimin xəyalında, yan-yana tikilmiş binaların əksi dolaşırdı. Bu binalar, istinin təsirindən torpaqdan qalxan buğ kimi, gah itir, gah da yenidən görünürdülər, eynən ilğım kimi...

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye