İlk azərbaycanlı qadın teatr rejissoru - Ulduz Əliyeva Rəfili. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun “rejissorluq” fakültəsini bitirmişdir.
1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlmişdir. 1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor işləməyə başlayıb, teatrın baş rejissoru olmuşdur.
Atası Saleh Əliyev Ulduz doğulmamışdan əvvəl rəhmətə getmişdir. Anası ikinci dəfə ailə həyatı qurmuş, lakin çox yaşamır. Ulduz 13 yaşında həyata tək addımlamaq məcburiyyətində qalır. Böyük Vətən müharibəsinə qədər Moskvada yaşayan böyük bacısı Səmayə Rəfilinin yanında yaşamalı olur. Daha sonra Ulduz Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər Institutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiyada növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıdır və indiki Mədəniyyət və Incəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur. Təhsili ilə yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məsləhətçi və o zamankı kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.
Ulduz Əliyeva Rəfili 1972-1975-ci illərdə Gənc Tamaşaçılar Teatrında teatrın baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayaraq onlara quruluş vermişdir. O, 50-dən artıq tamaşaya «İkinci ailə» (1954), «Ayrılan yollar» (1957), «Durna qatarı» (1958), V. Hüqo «Qavroş» (1959), «Ümid nəğməsi» (1959), «Hünər» (1963), S. Qədirzadə «Şirin bala bal yığır» (1965), «Xoruz» (1965), X. Əlibəyli «Dovşanın ad günü» (1966), C. Məmmədov «Dan ulduzu» (1967), K.Haldoni «İki ağanın bir nökəri» (1968), M.Təhmasib «Rübailər aləmində» (1968), Anar «Keçən ilin son gecəsi» (1968), S. Sani Axundov «Qaraca qız» (1971), X. Əlibəyli «Aycan» (1973), Ə. Əylisli «Mənim nəğməkar bibim» (1975) və s. maraqlı quruluşlar verib. 1975-ci ildən fəaliyyətini Bakı Musiqi Akademiyasının opera hazırlığı kafedrasında davam etdirərək bu təhsil ocağının professoru kimi müəllim həmkarlarının və tələbələrin hörmətini qazanmışdır. Musiqi Akademiyasında çalışdığı müddətdə rejissor kimi S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”, F.Əmirovun “Sevil”, V.A.Motsartın “Fiqaronun toyu” və s. əsərləri uğurla səhnələşdirmişdir.
Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışmışdır. Yeganə övladları Həsən Əliyev isə səhiyyə sistemində işləmişdir. Kəşməkəşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru olan Ulduz Rəfili 2006-cı ildə Bakıda vəfat etmişdir.