Başlığın çox ciddi olduğunu özümdə dərk edirəm. Hətta o qədər ciddidir ki, facebookda dostluğumda olan bir neçə muhafizəkar şəxslər artıq məni öz friend listlərində saxlamaq istəmədilər. Səbəb axtarmaq kimi bir niyyətim yoxdur. Sadəcə öz təəssüratlarımı bölüşəcəm.
Bu gün (15.03.2014) İlahiyyat fakultəsinin IV kurs tələbələri ilə birlikdə Yəhudi icmasına məxsus sinaqoqa getmişdik. Səfərimizin əsas məqsədi dini icma, ibadət formaları ilə tanışlıq olsada çoxumuzun (müəyyən mənada məndə daxil olmaqla) məqsədi qiymət almaq idi.
Sinaqoq çox qeyri adi bir təəssürat bağışladı mənə. İlk dəfə idi belə bir yerdə olurdum və əvvəlcədən beynimdə fikiləşdiyim bir ibadət məkanından daha üstün idi (İlk dəfə öz gözlərimlə görmək istədiyim üçün googledə sinaqoq barədə məlumat və s. axtarmadım). Bizi çox yaxşı qarşıladılar, səmimi və gülərüz. Bizim dilimizdə axund deyəcəyimiz – Ravvin bizimlə söhbət etməyə çalışırdı və zənnimcə (xarici dil bilgilərim zəif olduğu üçün dəqiq deyə bilmirəm) bizə hansısa məlumatları verirdi. İçəri daxil olarkən Yəhudilərin adətlərinə uyğun olaraq başımıza “kippah” adlanan xüsusi papaq qoymağımızı xahiş etdilər və bunu hörmət əlaməti olduğunu qeyd etdilər.
Bəs niyə mən bu yazını belə radikal və yaxud sizlər necə deyirsinizsə elə “...” başladım?
Orada olanların hər biri İlahiyyat fakultəsinin IV kurs tələbləri idi və müəyyən mənada hər kəsin dini savadları da vardı. Bu məntiqlə düşünsən bizlərin – İlahiyyat tələbələrinin dini dözümlülüyü cəmiyyətin digər nümayəndələrindən daha güclü olmalıdır. Ancaq bu gün bunun əksinə olduğunu gördüm. Biz o insanların ibadətlərinə dözümlülük göstərə bilmədik, halbuki oraya getməkdə məqsədimiz sadəcə qiymət almaq idi... Qiymətimizi aldıq amma o insanlara qarşı, onların ibadətlərinə qarşı, onların inanclarına qarşı, onların qonaqpərvərliyinə qarşı sözün əsl mənasında hörmətsizlik etdik. Bəlkədə onları aşağıladıq...
Mənasını anlamadığımız halda ivrit dilində oxuduqları dualarına güldük, rişxənd etdik... Bəzilərimiz facebookda Yəhudilər burda mahnı oxuyur dedik... Amma onlar sadəcə Tanrıya(Yehovah) dua edirdilər...
Biz sözdə müsəlmanlar, onlar isə qeyri-müsəlmanlar... Onlar bizə qonaqpərvərlik göstərdilər, biz onlara qarşı rişxənd etdik. İndi mən yox siz deyin Allah cənnəti bizim kimi özlərinə müsəlman deyənlər üçünmü yaratdı?
(...ardı olacaq)