İllər sonra
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 00:59 22 iyul 2016 tarixində əlavə olunmuşdur

- Mən uşaq olanda, axşam düşən kimi nənəm bizi yanına çağırıb nağıl danışardı. Yay və ya qış olmağının fərqi olmazdı onun üçün. Təki nəvələrini başına yığsın, təki onlarla ürəyi istəyən qədər vaxt keçirsin. Düzünü desəm, başqa uşaqlar kimi deyildim - bu "nağıl danışma mərasimi" nə qədər əyləncəli və maraqlı olsa da nağıla qulaq asmaqdan ötrü "ürəyim getmirdi". O vaxtlar belə şeyləri çox düşünməzdim - nağıla qulaq asmaq mənim üçün uşaqlığın bir parçası kimi görünürdü sadəcə. Əslində ürəyimdə "nağıl olmasa da olar" deyirdim hər dəfə. 

Nağılların qəhrəmanları o qədər böyüdülürdü ki gözümüzdə... 

Nağıllarla bizi ələ ala bilirdilər: ağlayanda nağıl danışırdılar, kefsiz olanda nağıl danışırdılar, gecə yatmayanda nağıl danışırdılar. Uzun sözün qısası, uşaqlığımızı nağıllarla ələ keçirmişdilər. Kaş bu nağılları danışanda həyatın da elə bir nağıl olduğunu izah edəydilər. Amma eləmədilər. 

Uşaq olanda mənim üçün "çox əhəmiyyəti olmayan" nağıllar vardı. Axı onda nə biləydim ki, mən böyüyəndə həyatım özü elə bir nağıl olacaq... 

Yaş irəliləyirdi. Dörd yaşım olanda şəhərdə yaşadığımız ev satıldı, o ev ki, üç otaqda on nəfər yaşayırdı. Bir otaqda bizim ailəmiz, bir otaqda əmimin ailəsi, bir otaqda babam. Uşaq olanda bir evdə neçə nəfərin yaşadığı yox, o evdə necə yaşadığım maraqlı idi mənə. Binanın beşinci mərtəbəsində, o balaca otaqlarda on nəfərin necə yaşamağı mənim üçün əhəmiyyətli deyildi. Çünki iki qardaşım, iki əmim oğlu vardı. Onlarla birlikdə böyüyürdük, birlikdə oynayırdıq. Axı nə dərdimiz vardı? Ailə saxlamırdıq, uşaq böyütmürdük, evə qazanc gətirmək haqqında düşünmürdük - yəni, yeyib-içib,  oynayıb, sonra da yatmaqla keçirdi günlərimiz... 

Evimiz satılandan sonra təkcə doğma məhəlləmizdən yox, həm də heç nəyi vecimizə almadığımız uşaqlığımızdan ayrı düşdük. Babam əmimgilin yanında yaşamağa başladı. Biz isə Bakının kəndlərindən birinə, dayımgilin yanına köçdük. Kəndə köçdüyümüz gün Bakıda çox güclü yağış yağmışdı. Şəhərin küçələrini su basmışdı - maşınlar çətinliklə hərəkət edirdi yollarda. Uşaq ağlımla maşınımız su ilə dolan yollardan keçdikcə qorxurdum: elə bilirdim maşınımız suda batacaq, öləcəyik. Necə saf idik, qorxularımız da saf və təbii idi... 

Həyat davam edirdi. Zaman keçirdi. Məktəb həyatına qədəm qoydum. Əvvəllər çətin başladı hər şey. Dərs yazmaq nə deməkdir - bunu hardan biləydim axı? Məktəbə qəbul olunanda sual-cavab yolu ilə uşaqları yoxlayırdılar, mən sınaqdan yaxşı keçsəm də, həvəssiz başlamışdım. Xəttim çox çirkin, dərslərim uğursuz başlamışdı. Amma sonra hər şey dəyişdi. Mən sinfin əlaçılarından biri oldum. Hər dəfə fəalların sırasında adım çəkilir, şəklim şərəf lövhəsinə vurulurdu. Bir də sinfimizin bir adəti vardı: bütün dərslərdən "əla" qiymət alan şagirdlərin formasının yaxalığına  Azərbaycan bayrağı vurulurdu. Mən də bu şagirdlərdən biri olmağı bacarmışdım. Formamın ağ önlüyündə Azərbaycan bayrağı möhtəşəm görünürdü. Bu uğurlar məktəb illəri boyunca davam edirdi. Yuxarı siniflərdə məktəbin tədbirlərində, olimpiadalarda və müsabiqələrdə iştirak etmək üçün seçilirdim. Bu çox xoşuma gəlirdi. Məncə belə şeylər hamının xoşuna gələr. Kim istəməz ki, məktəbi təmsil etmək üçün ilk yada düşən adlardan biri olmasın? 

Yenə illər keçdi. Məktəbi başa vurdum. Son vaxtlarda dərslərim zəifləmişdi. Bir az da tənbəllik əlavə olundu və universitetə qəbul imtahanında zəif nəticə göstərdim. Bir il geri qaldım. Növbəti il yenə qəbul imtahanında iştirak etdim, bu dəfə arzuladığım ixtisas üzrə kollecə qəbul oldum. İstədiyim sahəni seçə bilmişdim, bunun sevinci hər şeyə bəs edirdi. Sevinc göz yaşlarının da ləzzəti başqa olurmuş. 

Üç illik tələbə həyatında da kollecin fərqlənən adlarından biri olmağı bacarmışdım. Müəllimlərin işlərinə kömək edir, "yaddaqalan tələbə" olmağa çalışırdım. Məncə bunu da bacarmışdım. Amma sonuncu kursda ilk ağır zərbəni aldım. Təhsil haqqını ödəyə bilməmişdim, buna görə ikinci dövlət imtahanına buraxılmadım. Yenə bir il geri qaldım. Amma  doğrusu, çox üzülmədim. Çünki bir sığınacağım vardı. İmtahana buraxılmamağımı da dərd etməyəcək qədər məni sevindirən bir kəsim vardı. Diplomum yox idi, amma HƏR ŞEYİM  var idi. 

Həyatımın ən maraqlı nağılı başlamışdı - sevdiyimin ömrümə gəlişi ilə. Bu real yaşadığım,  əslində isə bu günədək eşitdiyim bütün nağılları toz edən bir nağıl idi. İlk nağılım idi.

Ortaq dostlarımızdan biri ilə çəkilmiş şəkildən başladı təsadüfi tanışlığımız. Sonra eyni binada işlədiyimiz üzə çıxdı. Beləcə, bir tanış kimi münasibət yarandı aramızda. Çox qısa müddətdə çox mövzuların müzakirəsi ilə dost olduq. Lakin başıma bəla açan dilimin sayəsində arada soyuqluq yarandı. Düzünü desəm, kobudluq etmişdim. Bir insanın işinə, sənətinə hörmətsizlik etmək kobudluqdur, amma özümü haqlı hesab edib belə bir iş tutmuşdum. Beləcə münasibət pozulmuşdu. Təxminən bir neçə ay bir-birimizdən xəbər tutmadıq. Amma sonra yenə bir təsadüf nəticəsində köhnə dostlar yenidən bir araya gəldi. Bu dəfə ayrılmamaq şərti ilə. Münasibətlər o qədər irəliləmişdi ki, bir-birimizə şəxsi həyatımızla bağlı sirlərimizi də etibar edirdik. Nə olsa danışırdıq, bir-birimizlə bölüşürdük. O sevdiyi qızdan, mən də məni sevənlərdən danışırdım. O sevilməməyin əzabını çəkirdi,  mən təsəlli olurdum.  Amma onun əksinə, mən ona necə sevilməyimdən, arzulanmağımdan, əslində isə sevgisiz həyatımın çətinliyindən danışırdım. 

Biz çoxları kimi dostluğumuzu önə çəkmirdik. Əksinə, çalışırdıq ki, hər şey aramızda sirr qalsın.  Bizim hər şeyimiz gizli idi. Bəlkə də gizli olduğuna görə onda hər şey gözəl idi... 

Hər şey çox gözəl idi. 

Amma sonra daha gözəl oldu. 

Bir gecə gözləmədiyim anda gələn mesajla başladı nağılımız. Həmin gecə ikimiz də başa düşdük ki, bizim dostluğumuz sevgiyə çevrilib. Etiraflar, daha gizlətmək istəmədiyimiz sözlər - nə vardısa o gecə açıqladıq. Səhərə qədər yatmadıq. Doğrusu, o gecə yuxusuz qalmaq "vecimizə deyildi". Axı ilk dəfə bir-birimizi sevdiyimizi dilə gətirmişdik, belə anlarda yuxu yada düşərmi? Həmin gecə biz sevgili olduq. Çoxdan demək istədiyimiz, amma dostluğumuza görə çəkindiyimiz şeyləri danışmışdıq, bir-birimizdən xəbərsiz bir-birimizi necə sevdiyimizdən danışmışdıq. İkimiz üçün də ömrümüzün ən gözəl gecəsi idi o gecə... 

Həyatımızın ən gözəl nağılına başlamışdıq. O qədər gözəl başlamışdı ki, hər şey. Bu nağılı yaşadıqca dünyadan uzaqlaşmışdıq. Hamıdan, bizi incidən hər şeydən uzaqlaşmışdıq. Dedim axı, diplomum yox idi, amma hər şeyim vardı.

Biz çoxlarından fərqli idik əslində: eyni mahnıları sevmirdik, eyni filmlərə baxmırdıq. Düşüncələrimiz də çox mövzularda fərqlənirdi. Amma yenə də həyatımız bizə möhtəşəm bir nağıl yaşatdı. Xəyallar qurmağa başladıq. Evimizi, ailəmizi, uşaqlarımızı təsəvvür elədik. Hətta uşaqlarımıza ad seçdik. Xəyallarımızda evimizin ilki qız olacaqdı: atasının gülü, anasının bənzəri olacaqdı. Sonra bir oğlumuz da olacaqdı. Övladlar arasında fərq qoymaq olmaz,  amma biz nədənsə həmişə qızımızdan danışırdıq. "Sənə oxşasın" deyirdi... 

"Gözləri sənin kimi olsun, saçları səninkinə oxşasın. Sənin kimi gözəl olsun." 

Mən də "oğlumuz sənə bənzəsin" deyirdim. O da hər dəfə etiraz eləyirdi: "yox, ikisi də sənə oxşasın." 

Şirin mübahisələrimiz vardı bizim... 

Xüsusiyyətlərimiz eyni olmasa da, qorxularımız eyni idi: ikimiz də yaşadıqlarımızın yalan olmağından, yuxu olmağından qorxardıq. Bir-birimizi itirməkdən çox qorxardıq. Ayrılmaqdan, bir-birimizi görə bilməməkdən qorxardıq. 

Məsələn, mənə mane olmaqdan qorxardı. Gözəl səsim olduğunu deyərdi və səsimi gizli saxladığıma görə özünü günahlandırardı. Yolumu bağladığını düşünərdi. 

Məsələn, uşaqlıqdan arzuladığım sahədə işləməyimi istəməzdi. "Səni qısqanıram" deyərdi, "başqaları ilə paylaşmaq istəmirəm" deyərdi, "səsin sadəcə mənim olsun" deyərdi. Amma sonra yenə xəyallarımın önündə durmaqdan qorxardı. "Sənə mane olmaq istəmirəm" deyərdi. "Bəlkə mən olmasaydım daha xoşbəxt ola bilərdin" deyərdi. Mən də hər dəfə xoşbəxtliyimin onda olduğunu başa salmağa çalışardım. 

Təmiz idi hisslərimiz. Məsələn, gözlərinə baxmaqdan çəkinərdim. Heç doyunca baxa bilməzdim gözlərinə. Gülərdim hər dəfə. Halbuki xəyallarımda itərdim gözlərində. 

Dualarımda gizlədərdim onu. Qorxurduq - bizi ayıran olar deyə.

Sınadılar bizi. Ayrı salmaq istədilər. Amma hirs bürümüşdü gözlərini, başa düşmürdülər ki, sevgi dillərdə yox, ürəklərdə bitəndə başlayır ayrılıq... 

- Bəs sonra nə oldu, ana? 

- Biz məğlub olmadıq. Xəyallarımızı həqiqətə çevirdik. Bizi ayırmaq istəyən hər kəsə haqsız olduqlarını və bir-birimizi sevdiyimizi sübut etdik. Sən və qardaşın həyatımızın ən gözəl hədiyyələri oldunuz. Sizin sayənizdə biz bütün sınaqları, çətin günlərimizi unutduq. Sevgimizi qoruduq biz, qoymadıq bizi ayırsınlar. 

- Sizi həmişə o qədər xoşbəxt görmüşdük ki, ana, heç ağlıma gəlməzdi ki, siz birlikdə olmaq üçün çətin sınaqlardan keçmiş ola bilərsiniz... 

- Hər gözəl şey çətinliklə əldə olunur, qızım. Çətin əldə olunduğuna görə də dəyəri böyük olur. Sən və İlkin bizim həyatımızın ən dəyərli hissələrisiniz. Biz bir-birimiz olmadan tamamlana bilməzdik. Təki bütün ürəkdən sevənlər qovuşsun - bizim kimi ... 

Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+27=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0269 saniye