İmperiyalizm Xisləti
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 03:56 05 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Tarixi qaynaqlara nəzər salsaq İmperiyaların yaranışının daha qədimlərə uzandığını görərik. Cəmiyyətdə siniflərin meydana gəlişi (quldarlıq quruluşu) və bununla da,güclünün gücsüzlər üzərindəki hökmüranlığı İmperiyaların yaranışı üçün geniş zəmin yaratmağa başladı. Hun İmperatorluğu, Çin İmperatorluğu, Bizans İmperatorluğu,Roma İmperatorluğu və bizə də,doğma olan Osmanlı İmperatorluğu və.s. Bu İmperiyalardan  bəziləri  tamamilə yer üzündən silindi və tarixin yaddaşına yazıldı, bəziləri isə, kədərli sonluqla özlərindən sonra, o qədər də böyük olmayan dövlətlərlə yeni dünya xəritəsinin bir kənarında yerini aldı. Bir sözlə,böyük sələflərdən xələflərə qoyulan kiçik bir miras...

  Müasir dövrün italyanlısı, çağdaş zamanın türk bəy əfəndisi babalarının bir zamanlar qurduğu möhtəşəm İmperiyaların süqutu ilə çoxdan barışıb. İndi,onları modern dünyada bir dövlət olaraq necə önə çıxmaq, necə son tərəqqidən geri qalmamaq daha çox düşündürür. Əfsuslar olsun ki, bunu, bizimlə də, qonşu olan Rusiya haqqında söyləmək olmur. Üzü Pyoturdan bu yana, hələ də, rus təfəkkürü İmperiya xislətindən yaxa qurtara bilmir. Əslində, SSRİ-nin qurulması da, dolayı yolla İmperiyanın başqa adla saxlanılmasına xidmət edirdi. "Mətin addımlarla" sosializmnən üzü kommunizmə doğru gediş, "sosial bərabərlik" prinsipi, "ədalətli cəmiyyət",bütün bunlar yalnız və yalnız havadan asılı, mütləq həqiqətdən uzaq şeylər idi.

 Son günlərin siyasi gündəminə oturan Rusiya-Ukrayna münasibətləri, yenidən bəzi "rus patriotları"nı hərəkətə gətirib. Krımın ilhaqından sonra havalara girən və "qırmızı zəfər" ritminə əl-qol açan rus iqtidarı sələfi Pyotur dönəminə qayıtmaq eşqinə düşüb. Rusiyanın siyasi elitası,hələ də," güclüyəm,haqlıyam" prinsiplərindən əl çəkmir. Ukraynada problemləri həll etmədən Qazaxıstana barmaq silkələmə,açıq-aydın ondan xəbər verir ki,Rusiya yalnız bölgədə deyil,dünyada əmin-amanlığın bərqərar olunmasında heç maraqlı deyil. Artıq bir-neçə aydır ki,ardıcı, dayanmadan və elan edilmədən Rusiya və Ukrayna arasında şiddətli döyüşlər gedir. Ukraynaya yaxından bələd olduğum və orada təhsil aldığım üçün, baş verənləri siyasi təhlil etmək mənim üçün bir o qədər də,mürəkkəb deyil. Lakin bu haqda uzun yazmaq və təhlillər üzərində geniş şərh vermək fikrində deyiləm.Bu ayrı bir yazının mövzusudur. Yalnız bir məqamı qeyd etmək çox vacibdir. Baxın, bu gün, Rusiya Ukraynada nə əldə edə bildi? Donetsk və Luqansk vilayətlərində dağıdılan evlər,xaraba qalan dövlət müəssisələri və bunlardan geriyə qalan minlərlə ölü və yaralı insan. Rusiya  arzusunda  olduğu "imperiya"nı və ya, yeni "ssri" ni bu cür təməllər üzərindəmi bərqərar edəcək?..

 İnsanı böyük edən onun sağlam əməlləri, Dövləti əzəmətli və güclü edən isə,özündən zəif ölkələrə təmənnasız diqqət və qayğısıdır. Siyasət elmində   "böyük qardaş" termininə heç rast gəlmədim. Bu da, Rusiyanın siyası mühitindən qalan gərəksiz bir ifadə idi. Ən çox sovetlər zamanında istifadə olunardı. Fəqət indi,çağdaş dünyada belə savadsız cümlələrə yer qalmayıb. Təssüf ki, belə şeyləri  imperiya xislətindən qurtula bilməyən sabiq "böyük qardaş"ımız anlamaq istəmir və ya, anlamaqda maraqlı deyil. Cənab şovinistlər, önəmli olan zülm və zor üzərində imperiya qurmaq deyil, zəruri olanı digərlərinin seçiminə hörmət və ehtiramı əksik etməməkdir.


... dəfə oxunub
Qiymət: 10/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0557 saniye