İmpotent
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 01:42 20 sentyabr 2016 tarixində əlavə olunmuşdur

-Səni sevirəm. Amma...
-Amma nə?
-Mən səninlə ciddi münasibətə girə bilmərəm. Evlənə bilmərəm. Səni nə qədər çox sevsəm belə bunu sənə edə bilmərəm.
-Niyə? Nolub axı, Fuad?... nə baş verib, məni qorxutma...
-Mən impotentəm.
-Nə?!
-Hə, mən xədiməm, sonsuzam.Belə.
Sükut.
-Nə qədər müalicə olunsam da, bir şey çıxmır. Uşaqlıqdan beləyəm. Müalicəm hələ də davam edir. Qazandığım pulları həkimlərə tökürəm, amma bilmirəm nə vaxt nəticəsi olacaq. Dərmanlar da kömək eləmir.
-Niyə bunu əvvəlcədən demirdin mənə?
-Qorxurdum. Səni itirəcəyimdən qorxurdum. Həm də utanırdım. Ailəm də bunu hamıdan – qonşularımızdan, qohumlarımızdan gizlədirlər. Tanış-biliş anamdan soruşanda ki, bu oğlana da bir qız tapa bilmədiniz? Artıq iyirmi beş yaşı var, onun yaşıdlarının beş yaşlı uşağı var. Yazıq anam deyir ki, guya oğlum istəmir, subay olmaq xoşuna gəlir, cavandı da – və bu sözləri imkansızlığa bağlayır.
Yenə sükut.
-Hə, nə deyirsən, Ayka?
-Bilmirəm. Bunu heç gözləmirdim. Bağışla.
-Yox, yox, üzr istəmə. Sən bağışla ki, bunu sənə əvvəldən deməmişəm. Amma istəyirəm biləsən: mən səni aldatmaq və hisslərinlə oynamaq fikrində olmamışam. Səni sevmişəm və sevəcəm. Elə sevdiyim üçün də nə səni, nə də özümü bədbəxt eləmək istəmirəm. Əlvida!
Bu an gözlərim dolur və mən üzümü qızın təəccüb və heyrətdən ağarmış sifətindən çəkib gizlədirəm. Sürətlə oradan uzaqlaşıram. Bir xeyli gedib dayanıram və geri çönüb, yetim sifət çıxarıb kədərlə bir də qıza baxıram. Beləliklə, mənim hekayəm burda qurtarmır, elə burda başlayır.

Hə, ayrılıq bir az təsirli oldu. Amma mənə yazığınız gəlməsin. Mənim daha çox qıza yazığım gəlir. Mənim impotent olmadığımı bilmədən ayrıldı. Heyfsləndim. Məni sevmirmiş. Bəlkə də özünəməxsus şəkildə - penisimə görə sevirmiş. “Motorum” işləmədiyinə görə, özünə yaxşı motorlu “maşın” tapacaq. Məni tez sevdiyi kimi, tez də unudacaq. Başqasını tapacaq. Mən ondan ayrılıb gedəndə heç arxamca səslənib demədi: “Qal, getmə!Mən səni sevirəm, şeyini yox! Bu bizim sevgimizə əngəl deyil. Ən yaxşı həkimlərə gedərik, mütləq hər şey yaxşı olacaq”. O, bunları demədi, yalnız və yalnız susdu.
Amma yox. Fikirləşib öz-özümə deyirəm. Mən bir az eqoistlik elədim. Axı kim istər sonsuz biriylə yaşamaq? Mən isə onun hərəkətindən, xarakterindən bilirəm ki, o, ehtiraslı, gələcəyə ümidlə baxan və gözəl və komfortlu həyat qurmaq istəyən adi istəkləri olan qızdı. Bəlkə də mən də onun yerində olsaydım, onun kimi edərdim. Bəlkə də... Bəlkə də hə,bəlkə də yox. Kim bilir, bəlkə də nə vaxtsa birini dərindən, ürəkdən özüm kimi sevmiş olsaydım bu riskə gedərdim. Siz bu riskə gedərdiz? Evlənmək istədiyiniz qızın və ya oğlanın sonsuz olduğunu bilsəydiz, bu riskə gedərdiz? Hə?
Bəli, mən yalançıyam. Gəzdiyim qızları belə aldadıram. Deyirəm ki, cinsi zəifliyim var, ümid yoxdu, məni tərk etsin. Bununla nə qazanıram? Əzab! Başqasına əzab verməklə bərabər özüm də əzab çəkirəm. Sevdiyim qızlardan bir-bir ayrılıram. Artıq altıncı dəfədi. Bilirsiz mənim kimi yalançı və vicdansız üçün necə çətindi! Həm də bu yalanla onların sevgilərinin həqiqiliyini ölçürəm. Məni penisimə görə sevən, qoy sevməsə daha yaxşıdır.
Bu impotent yalanını qızlarıma deyəndə onların gözlərindən, mimikalarından, reaksiyalarından , tərəddüdlərindən başa düşürəm ki, bu sevgidə ilahi, mənəvi heç nə yoxdu. Elə qışın qarlı soyuğunda axırıncı dəfə dediyim soyuq yalanı da, sevgi günəş kimi isidib məhv etmədi.
Nə isə. Söhbət çox uzandı. Ayrıldığım axırıncı qızla söhbətə başım qarışdığından özümü ətraflı təqdim etməyi unutdum. Deyim ki, supermarketdə satıcıyam. Bir beş ay iki həftə olar ki, işləyirəm. Rutinləşmiş həyatım var. Səhər tezdən dururam, əl-üzümü yuyub dişlərimi fırçalayıram,təraş oluram. İsti qəhvə və əynimi geyinib işə gedirəm. İş rejimimdə də elə bir maraqlı bir şey yoxdu. Hərdən uşaqlarla zarafat, deyib-gülmək olur və həmin anda da boş və yüngül zarafatlar olduğundan unudulur. Hərdən maraqlı müştərilər gəlir. Görürsən, qarnıyoğun,yöndəmsiz kişinin yanında füsunkar, incə-mincə qadın olur. Ər-arvaddılar. Mənim baxdığım içki şöbəsində seçim üçün şərablara baxırlar. Qadına baxıb düşünürəm ki, bu cür gözəl qadın bu ayını hardan tapıb. Yoxsa cavanlığında bu ayı yaraşıqlı olub? Heç inandırıcı deyil. Amma onları bir yataqda sevişən təsəvvür eləmək ümumiyyətlə heç inandırıcı deyil, təsəvvürə sığmır, sığsa da gülməli sığır. Eh...
İçki şöbəsində işləməyimə baxmayaraq içən deyiləm. Bir dəfə Yeni ildə ucuz şərab içmişəm. Araqdan zəhləm gedir. Araq deyəndə sərxoş ruslar yadıma düşür. Mən bizə uzaq olan fransızlar kimi şərab içməyi üstün tuturam, nəinki ruslar kimi pis gündə, yaxşı gündə içməyi. Bu estetik zövq məsələsidir. Hər halda şərab dinimizdə haramdı, qadağandı. Amma mən içirəm. Əgər şərabı içib meymunluq eləmirəmsə, küçədə qadına sataşmıramsa, əxlaqsızlıq etmirəmsə, şərab qadağan deyil. Şərab elə bunlara görə qadağan olunub. Şərab içib tək-təhna yaşadığım bu bir otaqlı evimdə yuxuya gedirəm. Səhərsə məni fərqli heç nə gözləmir.
Hə, bir otaqlı şəxsi evimdə tək yaşayıram. Tək dururam, tək yaşayıb, tək yatıram. İlk əvvəllər tənhalıq kabusum idi. Tək yaşamaq ürəyimi sıxsa da, tək ölmək-məni qorxudurdu. Heç kimin xəbəri olmadan yalqız, yetim kimi ölmək. Elə rəhmətlik anam kimi.
Doğrudan e, sizə danışmamışam. Yeniyetmə olanda atam rəhmətə getdi. Ailənin tək uşağıydım. Atamdan sonra anam yatağa düşdü. Anam bir zaman keçdikcə özünə gəldi, ağlamaqdan göz yaşları da artıq bitmişdi. Problemlər həmişə olurdu. Pulla bağlı. O vaxtı işləmirdim, oxuyurdum. Bir gün özüm də istəmədən anamla bərk dava elədim pula görə, öz həyatımdan, taleyimdən şikayət elədim, atamın vaxtsız bizi tərk etməsinə lənət oxudum. Qapını çırpıb evdən getdim. Axşama evə qayıtdım, anamı döşəmədə huşsuz vəziyyətdə gördüm. Ürəyi tutmuşdu və əlində valerianka. Çatdıra bilməmişdi...
103 –Təcili yardım, həkimlər-filan. Heç nə kömək etmədi. Anam üçün artıq gec idi. Mən buna inanmaq istəmədim. Anamı yavaşca silkələdim, adını çağırdım, “Mama oyan” dedim. Heç nə olmadı. Donub qaldım. Atamçün tökmədiyim göz yaşlarını anama tökdüm. Üsyan etmədim, sadəcə, divara söykənib səssizcə ağladım anamın yanında. Anam məni gözü yaşlı görsəydi çox kədərlənərdi. Kim bilir, görməsə də, bəlkə hiss eləyir.
Belə. Deyəsən, çox kədərli oldu. Bunları yaddan çıxardaq. Onsuz da heç nə dəyişməyəcək. Günahkar mənim idim. Səhvlərim tənhalığın səssizliyinin ağırlığı kimi ürəyimə çökür. Anamdan sonra düşünmyə başladım. Hər şəy haqda. Həyat haqqında, ölüm haqqında, xoşbəxtlik haqqında. Bu sözlərin qarşısında böyük sual işarələri vardı.
Həyat. Həyatım düzənli, rahat deyildi. Necə gəldi yaşayırdım. Nə bir məqsədim, nə bir planım vardı.Həyatımda gediləsi işim vardı, tanışıb söhbət etdiyim kaprizli qızlar, bişiriləsi yeməklər və yuxu. Və  bir  gün bir  kitabla  həyatım  dəyişdi.

Necə? Bildim ki, həyat mənasız deyil, biz mənasızıq. Ölüm qorxulu deyil. O, həyat ağacımızdan sonuncu qurumuş yarpağı qoparan həzin küləkdi. Məni üşüdən soyuq ölüm deyil, ürəklərin buzlaşdığı heykəl insanlardı. Bildim ki, Allahı sevsəm sufi olaram, qadını sevsəm dəli. Bildim ki, özümə kilometrlərlə uzağam, Allaha necə yaxın olum? İnsan həmişə özündə olmayan bir şeyə can atır.
Xoşbəxtlik. Hamı bir-birinə bunu arzulayır. Amma bu arzu bizi xoşbəxt eləmir. Xoşbəxtlik nədi axı? Bəlkə də xoşbəxtlik nə isə mənəvi, təbii bir şeydən zövq almaqdır, məmnunluqdur. Məsələn, Bethovenin “Ay işığı” sonatasından zövq almaq, İlahi və əbədi sükut adasına çatmaq üçün Şubertin “Ave Maria”sının musiqi dalğalarında üzmək və sübh tezdən bir Azan səsiylə ruhunun dərinliklərində itmiş Allahını tapmaq kimi şey. Indi bilirəm ki, yaşamaq gözəldi, sadəcə, mən qədrini bilmədim.
Qaranlıq otağımda bunları fikirləşirdim. Səssizlik və qaranlıq. Borca görə evin işığını söndürüblər ona görə qaranlıqdı. Dövlət belədi də. Amma Allah belə deyil. Ona o qədər bəndəlik borcumuz var, amma o bizim içimizdəki mənəvi işığı söndürmür, əksinə sönən çırağı yandırmağa çalışır. Yetər ki, sən çırağın içinə kerosin qoy. 

-Hə, indi nə qərara gəlirsən, Seva? Mən sənə hər şeyi danışdım. Səni aldatmaq istəmədim. Qərar sənindir.
Qız cavab vermədi. Mənə baxıb susdu. Dediklərimdən təəccüblənmişdi. Bilmirdi nə desin. Mən gözlərimi yerə dikib başımı tərpədərək bu susqunluğun nə qərar olduğunu heyifslənib təsdiqlədim. Və yavaş-yavaş arxaya baxmadan ordan uzaqlaşdım və yolun o biri tərəfinə keçdim.
-Fuad!-birdən səs gəldi. – Mən sənə dedim get!? Məni qoyub, Hara gedirsən? –çevrilib Sevaya baxdım.
İkimizdə maşınların şütüdüyü qarlı yolu keçməyə çalışırıq, elə hey mənasız –mənasız ucadan gülüb, karlar kimi bərkdən danışırıq.
Qışqırıb deyirəm ona: -Dayan keçmə, maşın vuracaq. Gözlə, mən gəlirəm. Qayıt geri!
Qız dayanıb gözlədi. Yolu keçib yanına çatdım. Məni qucaqladı.Dedim ki, ölmək istəyirdin, az qala maşın vuracaqdı. “ Yox, ölmək istəmirdim, səni itirəcəyimdən qorxurdum”–deyib məni qorxub atasına sığınan balaca qızcığaz kimi bərk-bərk qucaqladı. Mən özümü qızını qoruyan ata kimi hiss elədim. Və anladım ki, SEVGİ mənəvi axtarışdı. Özündən bir parçanı birində tapmaq, başqa birinin bir parçasını özündə tapmaq kimi bir şeydi.

1 yanvar 2014


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0282 saniye