Taksi sürücüsü maşınını bir kənara sürüb dayandırdı. Arxa oturacaqda əyləşən gözəl qıza ayna vasitəsilə baxıb özünü rahatlaşdırdı. Yaşlı olmasına baxmayaraq qızı yaşındakı birinə özünü sırımaq istəməsi açıq-aşkar görünürdü.
Nəcibə bu adama vecsiz nəzər salaraq başını buladı. Yol haqqını ödəyib maşın salonunu tərk etdi.
Onun gözəgəlimli vücudundan acgöz nəzərlərini çəkmək bilməyən sürücü qızı bank girişinə qədər təqib etdi. İçəriyə daxil olmaqla izini itirdi. Sürücü sükanı boğacaqmış kimi bərk-bərk sıxaraq kürəyini zərblə arxaya çırpdı. Dodaqlarını gəmirməyə başladı. 5-ci dəfə idi ki, qızı banka buraxmaqdan ötrü digərlərini rədd edirdi. Söyüş-məsləhətləri bir qulaqdan alıb digərdən buraxırdı.
"Səndəki gözəllik şeytanidir! Ah!..."
Ağzını bircə dəfə açıb bir söz soruşa bilməmişdi bu vaxtadək. Qorxurdu. Onun feminist olduğunu yaxşı bilirdi. Məhz eşitdiklərinə göə ona sürücülük etməyə qərar vermişdi.
Nəcibə pilləkanları çıxa-çıxa hər kəslə salamlaşıb hal-əhval tuturdu.
Gəlib masa arxasına keçid edərək əyləşdi. Bütün gözlər Nəcibəyə zilləndi. Hər nə qədər bu durumdan məmnun olsa da, özünü soyuq göstərərək büruzə vermirdi. Heç bir əks-cinslə işdən kənar söhbətləri etmirdi. Düzünə qalırdısa, çoxları buna təəccüb edirdilər. Bankda digər qızlar onların xoşlarına gələn oğlanların diqqətini cəlb etmək üçün nə edəcəklərini bilməzkən, Nəcibə heç nə etmədən yaş fərqi qoyulmadan bütün kişiləri özünə dəlicəsinə aşiq etmişdi. Bunu özü də başa düşürdü. Hər dəfə qarşılaşdığı kişilərin ona baxarkən özlərini necə zorla tutub saxladıqlarını sezsə də, vecinə almırdı. Hətta müdirin özünə belə laqeyd münasibəti şok effekti yaratmışdı. Dazbaş müdirin necə məharətli ovçu olduğunu bilməyən az olardı. Amma bir feministin qarşısında qələmi sındıra-sındıra, vərəqləri yumruqlayıb zibil qutusuna ata-ata, pəncərələri açıb özünü sərinlədə-sərinlədə və digər durumlarda qalması ilə özünü alçalmış hesab edirdi.
Qapını açıb evə daxil oldu. Anası mətbəxdə mahnı oxuyurdu. Üstəlik gözəl şirniyyat ətri yayılırdı. Gülümsəyib paltosunu asdı. Dikdabanları çıxardıb mətbəxə keçdi. Anasının yanaqlarından öpdü. Əl-üzünü yuyub zala girdi. Divanda əyləşməsi ilə jurnal masasına səpələnmiş məktubları görməsi bir oldu. Hər gün ona yazırdılar. Amma imzasız. Eşqi-elanlar. Gözəlliyini tərif edənlər. Ərə getməsini məsləhət görənlər. Və digərləri...
Nəcibə hamısını bir-bir oxuyub gülümsədi. Məktubları zibil qutusuna atdı...
Anası ilə mətbəx stolunun arxasında əyləşərək şam yeməyini nuşi-can etməyə etməyə başladı. 15 ildən artıq olardı ki, ana-qız bu evdə yaşayırdılar. Evin kişisi Moskvada 2-ci ailəsinin yanında kef çəkirdi...