“İnanıram ki, Qarabağımızın işğaldan azad olunması münasibətilə hələ bundan sonra bir-birindən gözəl filmlər çəkiləcək.” - İBRAHİM HƏSSAS
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 17:27 30 sentyabr 2021 tarixində əlavə olunmuşdur

 “İnanıram ki, Qarabağımızın işğaldan azad olunması münasibətilə hələ bundan sonra bir-birindən gözəl filmlər çəkiləcək.” - İBRAHİM HƏSSAS

 

Saytımız xəbər verir ki, gənc rejissor ELŞƏN İSMAYILın yeni Qarabağ filmi “TARIN SİRRİ” artıq çəkilişlərini tamamlamış, montaj mərhələsindədir. Filmdə 2-ci Qarabağ müharibəsinin bir sıra sosial, psixoloji məsələlərini izah edilməyə çalışılmış, xüsusilə müasir dövrdə Vətən qavramının, inanc və namus məsələlərinin dərin psixoloji tərəfləri işlənmişdir.

İndi isə sizə, iki dildə - Azərbaycan və İngilis dillərində təqdim olunması planlaşdırılan filmin aktyoru İbrahim Həssasın filmlə bağlı müsahibəsini təqdim edirik:

 

İncəsənətlə ilk bağınız?

-        İncəsənətlə ilk bağlılığım yaxın zamanlarda Qarabağ mövzusunda çəkilən "Tarın sirri" filmi ilə başlayıb. Və bu mənim üçün ilk uğurdur, bəlkə də. Hesab edirəm ki, kino sahəsində növbəti uğurlu addımlara imza atacağımı düşünürəm.

Sizin üçün kino nə deməkdir?

-        Ümumiyyətlə, mədəniyyətin sahələri, növləri çoxdur. Kino özü də bir mədəniyyətdir. Millətin, xalqın mədəniyyəti, həyat tərzi kinoda öz əksini tapır. Cəmiyyət öz yaşadıqlarını və yaşayacaqlarını kinoda görür, istər-istəməz təhlil etmək, mühakimə etmək, lazım gələrsə haqq qazandırmaq zorunda qalır. Jan Lük Qodar demişkən, "Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək".

Həyat və kino arasında oxşar və fərqli cəhətlər?

-        Bayaq dediyim kimi oxşarlıq ondadır ki, həyatın özü eynilə kinoda öz əksini tapır. Həyatda başımıza gələnlər kinoda bədiiləşmiş şəkildə cərəyan edir. Fərqə qalanda həyatda konkretlik var, kinoda isə bu olmaya da bilər. Həyatda hər şey göz qabağındadır. Lakin kinoda biz düşünməyə, bəzən hadisələrin sonluğunun necə olacağını araşdırmağa, təhlil etməyə məhkumuq.

Müasir Azərbaycan kinosu haqqında fikirləriniz?

-        İyirminci əsrin ortalarından tutmuş sonuna qədər bizdə öz dövrünə uyğun yaxşı kinolar çəkilib. Əgər axır dönəmləri nəzərdə tutursunuzsa, son 30 ildə Azərbaycanda Vaqif Mustafayevin çəkdiyi filmlərdən savayı könül oxşayan film çəkilməyib. Teleserialların içində az da olsa, Azərbaycan cəmiyyətini əks etdirən seriallar var, ancaq kinomuzda bayağılaşma, mənəvi cəhətdən kiçilmə aydın şəkildə hiss olunur.

Dünya kinosunun ən çox sevdiyiniz aktyor və ya aktrisaları. Dünya kinosunun bəyəndiyiniz cəhəti?

-        Dünya kinosunun daha çox sevdiyim və yadımda qalan aktyor və aktrisalarını, məncə, film həvəskarlarının hər biri sevir. Bunlardan Amerika kinoaktyoru Bred Pitt, Ceyson Beytmən, Con Travolta, hind aktyoru Shahrukh Khan, Avstraliya-Amerika əsilli aktyor Mel Gibson, Avstraliyanın Oskar mükafatlı film aktrisası Nicole Kidman, Amerikalı aktyor Uill Smit, Tom Kruz, Al Paçino, ingilis aktyoru Ceyson Stethem, Afrika və Amerika aktrisası Şarliz Teronun adlarını çəkə bilərəm. Hadisələri və insan həyatını canlı, inandırıcı ampulada təqdim etmək, tamaşaçını düşündürmək dünya kinosunda ən çox sevdiyim cəhətdir.

Vətənpərvərlik ruhunda çəkilmiş filmlər haqqında düşüncələriniz, arzularınız?

-        Söhbət Azərbaycandan gedirsə, inanıram ki, Qarabağımızın işğaldan azad olunması münasibətilə hələ bundan sonra bir-birindən gözəl filmlər çəkiləcək. Ancaq indiyə qədər çəkilən filmlər arasında daha çox yanğımızı, təəssübkeşliyimizi, millət olaraq, xalq olaraq vətənə olan bağlılığımızı əks etdirən "Fəryad" və "Dolu" filmləridir. Olmayan yerdən bu filmlərin varlığı qənaətbəxşdir.

Bu film haqqında düşüncələriniz?

-        Məncə, özümün də baş rolda çəkildiyim "Tarın sirri" filmi 44 günlük müharibədən sonra qələbə qazanmağımız münasibətilə Qarabağ mövzusunda çəkilən gözəl bir film olacaq. Hesab edirəm ki, biz bu filmdə bütün nüanslara toxunmuşuq. İstər milli-mənəvi dəyərlərimizin, istərsə də dini-əxlaqi keyfiyyətlərimizin elementləri var bu filmdə. Alman alimi və filosofu Humboldt deyib ki, "Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır". İnanıram ki, biz məqsədimizə müəyyən qədər də olsa, çatmışıq.

Obrazınız haqqında düşüncələriniz?

-        Mənim üçün filmdə rol oynamaq ilk dəfə olduğuna görə çox çətin idi. Baxmayaraq ki, mən daimi ədəbiyyatla maraqlanan, yaradıcılıqla məşğul olan biriyəm. Ancaq film tam başqa dünyadır. Xüsusən də, şəhid atası rolunu icra etmək həm kədərli, ürəkağrıdıcı idi, həm də qürurverici və məsuliyyətli idi. Filmdə müharibədə oğul itirən ata obrazının hiss və duyğularını, keçirdiyi daxili gərginlik və sarsıntılarını yaşamaq, hiss etmək lazım idi. Bilmirəm bu işin öhdəsindən gəlmişəm, ya yox, ancaq film arxası normal adi həyatdan ayrılıb obraza girərək belə ağır, dərdli rolu oynamaq mənim üçün asan deyildi. Az müddət ərzində planlaşdırıb filmin çəkilişlərinə başlamağı və ilk dəfə iştirakımı nəzərə alsaq, zənnimcə, ürəkaçan gözləntilər olacaq. Pis odur ki, yoxdur, var olan hər şey yaxşıdır.

Filmin komandası haqqında düşüncələriniz?

-        Texniki heyətdən tutmuş aktyor heyətinə qədər hər kəs öz üzərinə düşən işi məsuliyyətlə yerinə yetirdi. Müəyyən çətinliklərin olmasına baxmayaraq hərə öz növbəsində təmənnasız şəkildə bacarığını nümayiş etdirdi. Bu mənada istər fiziki yorğunluğun, istərsə də psixoloji gərginliyin olması komandanın həvəsini və məsuliyyətini azaltmadı. Əksinə daha da fəallığın artmasına səbəb oldu. Sanki komanda üzvləri oynamaq istədiklərini oynadılar. Luis Bunuelin belə bir sözü var: "Kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir".

Yaradıcılıq planlarınız?

Fikirləşirəm ki, gələcəkdə şeirlə, nəsrlə yanaşı kino sahəsində də öz bacarıqlarımı lazım gəldikcə təqdim edim. Müxtəlif mövzularda ssenarilərim var. Onların səhnələşdirilməsini, film halına gətirilməsini istəyərdim. Əvvəlcədən heç nəyi planlaşdırmıram. Zaman-zaman hər şey öz yerini tapacaq. Uilyam Folkner deyib ki, "Yazmağa başlayın. Özünüzə imkan yaradın. Pis ola bilər, amma bu yaxşını yaratmağın tək yoludur". Bizim də işimiz yazmaqdır, yazırıq ki, ortalığa heyranedici nəsə çıxara bilək. İnşAllah bu yolda geriyə dönmək yoxdur! Sizə də öz işlərinizdə uğurlar arzulayıram. Yeni layihələrdə görüşənədək!

 

 

Filmin afişası:

 

Filmin anonsları:


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0306 saniye