Demək olar ki,hər gün eşitdiyimiz, oxuduğumuz, gördüyümüz intihar deyilən bir mərəz artıq adi hal alıb.Banka borcu olan bir kişi özünü asdı,ismətinə yenik düşən bir qadın özünə qıydı,övladlarına ruzi gətirə bilməyən ata çıxış yolunu ölümdə gördü,işsiz gənc həyata küsüb canına qəsd etdi,aldadılan qız özünü binadan aşağı atdı və daha nələr,nələr...
Fərqinə varsaq da,varmasaq da,ətrafımızdan uzun bir intihar karvanı üzü axirətə doğru yan almaqdadır.Allahın bəxş etdiyi-can dediyimiz bu qiymətli əmanətə xəyanət,bu qədərmi dəyərini itirib?Doğrudanmı çarəsizlik,yoxsulluq,işsizlik,xəyanət,biganəlik yolun sonudurmu? Adəm övladı çoxmu usanıb həyat missiyasından? Suallar çox olduğu qədər,bu suallara cavablar da müxtəlif və fərqlidir.İntihar,psixoloq rəyinə görə ağılsızlıq, eyş-işrətdən başı açılmayan zəngin boynu yoğun üçün əhəmiyyətsiz,zahid və abid nəzərində böyük günah,çağdaş ziyalının düşüncəsiylə cəmiyyətin faciəsidir.Bütün hallarda,ətraf mühitə etinasız zümrə istisna olmaqla,hər kəs üçün bu üsul qəbul edilməz və təəssüf verici bir hal hesab olunur.Heyif ki,bu məqamda təəssüfün içərisindən başqa bir təəssüf meydana çıxır.Cəmiyyətin intihara qarşı təəssüflənib üzərindən keçdiyi bu acını həyata bəxş edən də,elə çox zaman cəmiyyət özüdür.Son zamanlar daha geniş vüsət alan laqeyidlik,biganəlik və bunların timsalında ortaya çıxan fərdiyyəçilik əhatəsini sürətlə genişləndirməkdədir. Məktəblinin sinif yoldaşlarından daha çox şəxsi planşetinə bağlılığı,gənclərdə yaranan kompüter və son model telefon bağlılığı,ailə daxilində mövcud olan virtual asılılıqlar-dizilər,kompüter oyunları və.s.Bütün bunlar cəmiyyətdəki ailələri,fərdləri bir-birlərindən uzaqlaşdıran səbəblər deyilmi?Bəli,fərdiyyəçilik hökm sürdüyü mühitdə intihara meyllənmə qaçılmazdır.Dərdlər paylaşmadıqda,qayğı hiss olunmadıqda,çevrədə yaranan boşluq çox zaman özünü çarəsiz hiss edəni intihar karvanına qoşur.Yaradanın yaratdıqlarında görmək istədiyi ən gözəl olanı paylaşmaqdır ki, xoşbəxtlik məhz onunla təcəlla edər.Paylaşmaq yalnız məzluma verilən maddi yardımla tamamlanmaz. Bəzən kədərli çöhrələri məmnun edəcək xoş bir söz,qəlbdən gələn gerçək bir sevgi,dəyərli nəsihət bütün maddi yardımların üstündə dayanar.Yanımızdan,həm də çox yaxınımızdan ötüb gedən intihar karvanını dayandırmaq hər birimizin çiyinlərinə düşən yükdür.Anlatmaqdan öncə anlamaq vacibdir. O kəsləri ki,onların anlatmağa daha çox ehtiyacı var.İntihar karvanlarından uzaq,qayğısız və xoşbəxt həyat diləyi ilə Allaha əmanət olaq...