İntihar
Elnur Soltanoglu tərəfindən "Hekayə" bolməsinə 20:41 08 dekabr 2014 tarixində əlavə olunmuşdur

İNTİHAR

O, ümidsiz baxışlarını batan Günəşin ayrılıq qorxusundan saralmış üzünə dikmiş, əsən xəfif küləyin səsinə qulaq asaraq xəyala dalmışdı. Gənc yaşından mənəvi sarsıntı keçirən bu insan qəzəb və nifrət əlində əsir düşərək hər kəsə, hər şeyə üsyan edirdi. Dünyanın ondan üz çevirdiyini, tənha qaldığını, ümumiyyətlə yararsız bir varlıq olduğunu düşündükcə, sanki beyni dartılır, nəfəsi daralır, əsəbindən dişlərini sıxır, bacardıqca ucadan qışqırmaq istəyirdi. Bütün bu hislər onu qəzəbdən titrəyən dodaqlarında yalnız bir sözdə –cavabsız bir sualda düyünlənirdi: “Niyə?”

Daxilində tüğyan edən hislər, beynini sıxan fikirlər, ruhunu əsir alan nifrət və qəzəbdən yaxa qurtara bilməyən bu insan çarəni qulaqlarında cingildəyən, şüuraltı dayanmadan danışan bir səsdə görürdü:

“Yaşamağa dəyməz, qurtar özünü, sadəcə, sadəcə bir an, bircə addım və azadsan. Qisas al hər şeydən; səni sıxan düşüncələrdən, səni anlamayan cəmiyyətdən, sevməyən ailəndən. Tələs, səni səndən başqası xilas edə bilməz.”

Düşüncələri altında əzilən Xəyal cəld ayağa qalxıb sürətli addımlarla binaya daxil oludu. İkinci mərtəbədə, yaşıl rəngli qapının qarşısında dayanaraq zəngi basdı. Tezliklə addım səsi və kildin cingiltisi eşidildi. Qapını anası açdı. O, heç bir şey demədən otağına keçib qapını çırpdı. Oğlunun bu hərəkətlərinə öyrəşmiş ana gülümsədi. “Yəqin sevdiyi qız ilə dalaşıb. Dəli balam.” “Hər yaşın bir hökmü var, uşaqlıq həvəsidi keçib gedər” – deyə düşünən və oğlunun mənəvi iztirabından xəbərsiz olan ana onun üzərinə getməməyi lazım bilib oğlunu tənha buraxdı...

Otağa daxil oldu, bir müddət üz üstə yatağında qaldı. Ağlamaq istədi. Qəzəb boğazında elə bir nifrət düyünü yaratdı ki, bədənini buz kəsdi, gözlərində yaş dondu, ağıl susdu. Titrək əllərini üzünə apardı. Özü öz toxunuşundan diskindi. Ayağa qalxıb aynaya yaxınlaşdı. Özünü tanımadı. Gözlər şişmiş, göz damarları partlamış, üz əzələləri əsirdi. Kipləşən dodaqları sapsarı olmuşdu. Ağzı zəhər dadırdı. Yumruğunu düyünləyib bacardıqca sıxdı, sıxdı və son qərarını verərək aynaya vurdu: “Bu həyat yaşamağa dəyməz.”

Bütün düşüncələrdən yaxa qurtarmaq gərəkdi. Sınan güzgü cingiltisi ətrafa yayıldı. Yerə düşən parçalardan birini götürən Xəyal ürəyinin döyüntüsünü beynində hiss etdi. Döyüntü səsi qulaqlarını cingildədirdi. Hər şeydən azad olmaq vaxtıdır – deyə düşündü. Gözlərinə baxa-baxa əlindəki parçanı sol biləyinə sıxdı. Əvvəlcə disgindi, bədəni ürpəşdi, sonra xırçıltı, daha sonra ağrı... Sanki ürəyinə iynə sancılır, beyni doğranırdı. Ağrıdan daha çox göynəlti hiss edirdi. Sürətlə ovcuna süzülən qana baxıb kövrəldi. Ağrıdan inildədi. Qan axdıqca əsəbi soyuyur, əzab çəkdiyi düşüncələrdən azad olurdu. Öncə başında və ayaqlarında soyuqluq, daha sonra keyiməyə başladı. Diz çökdü, bir qədər sonra da sağ çiyni üstə yerə yıxıldı. Ayaqlarından başlayan qıc olma başına qədər gəldi. Gözləri örtüldü və birdən-birə buz kəsmiş bədənində süstlük hiss etdi. Qulaqlarına səslər gəlirdi. Deyəsən qışqırıq idi. Ya da qapını sındırırdılar. Amma müəyyən etmək çətinləşir, sanki bir qüvvə onu qaranlığa sürükləyirdi. Şirin bir yuxuya bənzəyirdi bu qüvvə. Az sonra hər şey aydınlaşdı gözlərində. Ətrafa diqqət yetirdi. Bura haradır? Ən son binanın qarşısında oturduğunu xatırladı. Diqqətlə baxdı, bura onların küçəsinə bənzəyirdi. Amma sakitlik, kimsə yox idi. Addımlamağa başladı. Sanki yerimir, uçurdu. Səs eşitdi. Tanış bir səs. Hər gün duyurdu bu səsi. Hər sübh bu səs ilə oyanırdı yuxudan. Hər bu səsi duyduğunda qəlbində rahatlıq tapırdı. Səsə tərəf getdi. Getdikcə daha da aydın duyulurdu. Artıq tapmışdı. İçəriyə daxil oldu. Bu yer də ona tanış idi. Burada bir neçə dəfə olmuşdu. Amma indi tam fərqli idi və sükut hökm sürürdü. Qarşıda işıq gördü. Daha çox parıltıya bənzər bir işıq. Deyəsən, canlı idi.

- Eyyy, kimsən sən? Özü öz səsindən qorxdu

- Səninləyəm, duymursan məni? - Geri dönüb qaçmaq istədi.

- Dayan... – Mülayim bir səs otağa yayıldı.

- Xəyal qorxudan yerində qurudu. Geri dönüb: “Sən, sən kimsən axı?” – deyə qışqırdı. Mən bura niyə gəldim?. – düşünməyə çalışdı, xatırlamadı. – Niyə heç bir şey xatırlamıram niyə? – səs otağın bütün çevrəsində dalğalandı.

- İntihar etdin, xatırlamırsan?

- Xatırladım, amma mən məcbur idim. Elə dünyada – hər şeyin yalan olduğu bir dünyada yaşaya bilməzdim.

- Doğrular və yalanlar. – Səs onu diskindirdi. – Bunlar həqiqətin iki üzüdür. Bunlardan birini digəri olmadan təsəvvür etmək olmaz. Həqiqət varsa, yalan da, doğru da vardır demək. Hər kəs həqiqəti qəbul edər, amma hər kəs doğrunu seçməz. Yalan və doğru insanın öz seçimidir.

- Mən insanlıqdan uzaq düşən, qanlarına yalan yerimiş alçaq insanlardan uzaq olmaq istəyirəm.

-  Alçaq insan olmur, alçaq xüsusiyyət olur ki, bu da iradəsizliyin göstəricisi, ehtirasın ağıl üzərində qələbəsi deməkdir. Həyat sadəcə alçaq xüsusiyyətli insanlardan ibarət deyil.

- Bəs hardadır o dediyin mələk insanlar? Niyə mən görmürəm? Yoxsa bunun üçün xüsusi istedadım olmalıdır, hə? Necə fərqləndirəcəm ki?

- Əməl və söz insanın insanlıq təzahürüdür. İnsanlıq bu iki amilin nizamında qurulub. Əməli ilə sözü uyğunlaşmayan insandan uzaq durmaq gərək.

- Mən təkcə insanlara deyil, dünya da nifrət edirəm. Nə qazandırdı ki, bizə...?

- İnsan dünyaya gəldiyi an hər şeyi itirmiş olur. Dünya heç bir şey qazandırmır, insan öz iradə gücü ilə qazanır və qazanmalıdır da. Bizim “qazandıq” dediklərimiz belə, bizə əmanət kimidir. Əmanət dediyin şey günü gəlincə, sahibinə qaytarılmalıdır. Sahibi olmadığın bir şey üçün üsyan etmək ağılsızlıqdır.

- Qazanmaq hə? Harda idi, o bəxt, o qismət ki, nə isə də qazanam.

- Bəxt, qismət, tale... insan iradəsindən kənar, zamansız və məkansız formalaşar.Sənin bəxt, tale, qismət adlandırdıqların isə sadəcə insanların gözlərini örtmək üçün istifadə edilən pərdələrdir. Öz iradəsizliyini və bacarıqsızlığını zamanın hökmü kimi dəyərləndirmə. Özgələr göstərdiyi yolu deyil, bacardığın və inandığın yolu seç ki, uğursuzluq olmasın.

- Kim istər ki, belə olsun? Hər kəs xoşbəxt olmaq, xoşbəxt yaşamaq istər.

- Doğrudur, hər kəs nəsə istər, amma kimsə tam olaraq nə istədiyini bilməz. Həyatda xəyallar qurmaq kifayət etmir, xəyalı gerçəkləşdirmək üçün iradə və ağıl da gərəkdir.

- Mən bu düşüncələrə birdən-birə gəlmədim ki. Yaşamaqdan səbəbsiz üz döndərmədim ki. Məni məcbur edən də mühit və insanlar oldu. Kimsə başa düşsə, bir kimsə yol göstərsə idi, bəlkə də sizə haqq qazandırardım indi. Öz ailəm belə məni anlamaq istəmədi.

- Bəlkə də özün belə istədin...

- Məən? – Təəccüblə qışqırdı.

- Bəli. İnsanlardan uzaq qaçaraq kimsədən anlayış, qayğı, diqqət gözləmək mənasızdır. Sənin daxilin və düşüncələrin yalnız sənə məlumdur. Sən fikirlərini necə ifadə etsən, qarşındakı da elə anlayacaq. Danışmaq, “fikir ifadə etdim”, demək deyil. Əgər fikrindəki məna ilə sözündəki məna uyğunlaşarsa, kimsə səni yalnış anlamaz.

- Belə çıxır ki, hər şeyin tək səbəbkarı mənəm? Bu ki, haqsızlıq və ədalətsizlikdir.

- Sən səbəbkarsan amma günahkar deyilsən. Pis insan da deyilsən. Əgər qəlbində az da olsa, mərhəmət qalıbsa, insanlığını itirməmisən demək. İnsan olmaq yaşamaq üçün doğulmaq demək deyil, insan olmaq yaşatmaq üçün doğulmaqdır. İnsan olmaq ittiham edə bilmək demək deyil, insan olmaq ittiham etmədən öncə anlamaqdır. İnsan olmaq nifrət dolu yaşamaq demək deyil, insan olmaq sevgi dolu yaşamaq və sevgi yaymaqdır. Həyatda hər kəsin bir yolu var. Təbiətə bax, hər varlıq sadəcə özü və öz dünyası üçündür. Sən ətrafı gördüyün kimi qəbul edə bilmirsənsə, qəbul edəcəyin kimi gör. Dünyada xoşbəxt ola bilmirsənsə, özün üçün xoşbəxt ola biləcəyin bir dünya yarat. Hislərə aldanma. Heç bir hiss daimi deyildir. Başlanğıcı hər nə qədər xoşdursa, sonu da bir o qədər fəlakətlidir. Unutma, Həyat yaşanılacaq qədər gözəl deyil, yaşandıqca gözəldir.

Getdikcə görünməz olan bu varlığın son sözləri Xəyalın qulaqlarında təkrarlanırdı: “Həyat yaşanılacaq qədər gözəl deyil, yaşandıqca gözəldir.” Yavaş-yavaş ətraf aydınlaşdı. Sakitlik çökdü. Getdikcə bütün vücudunu hiss etməyə başlayan Xəyal arabir əlinə düşən damcılardan diskindi. Astaca gözlərini açdı. Anası onun əlini ovcuna almış, ağlayırdı.

- Ana!!! Güclə duyulan səsi daha çox xırıltıya bənzədi.

- Buyur oğlum, can ana. – Ananın yaşla dolu gözləri sevincdən parladı.

- Mən hardayam.

- Xəstəxanadayıq, oğlum. Şükr, Tanrı səni bizə bağışladı. Çox şükr.

- Məni bağışla, ana.

- Heç bir şey düşünmə, oğlum. Özünə əziyyət etmə.

- Məni bağışla, ana. – Xəyal bir neçə dəfə də bu cümləni təkrar edib, yuxuya getdi.


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0367 saniye