İşıqfor nə üçündür?
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:09 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

İşıqfor - öz rəngləri ilə nəqliyyatın təhlükəsizliyini təmin edən qurğu.

Gündəlik həyatımızın demək olar ki, ayrılmaz hissəsi olan bu qurğu və onun yaranma tarixi haqqında görəsən nə bilirik…

İlk dəfə küçədə işıqfor 1868-ci ildə Londonda , İngilis Parlamenti yaxınlığında quraşdırılıb. Onu ingilis mühəndisi Con Pik Nayt fikirləşib. Küçə işıqforunun prototipi dəmiryollarında işlədilən işıqfor olub. O zamana qədər dəmiryolunda bu cihazdan uzun müddət idi istifadə olunurdu. İngilis Parlamenti binasının önündə quraşdırılan ilk işıqfor mexaniki idi və kəmərlərin vasitəsilə əllə dəyişdirilirdi. Bunun üçün işıqforun yanında xüsusi polis nəfəri növbə çəkirdi.

İşıqfor işə salınmamışdan öncə hansı rəngin nəyə işarə olması barədə şəhər sakinlərini məlumatlandırmaq lazım olduğundan, işıqforun qaydaları London qəzetlərində çap olundu və şəhər sakinlərinin diqqətinə çatdırıldı. Bir müddət sonra cihaz qaz fənəri ilə təchiz olundu. Belə olduqda işıqforu gecə qaranlığında görmək imkanı yaranırdı.

Lakin bu yenilik ilk işıqforun taleyi üçün ölümcül faktor oldu. 2 yanvar 1869-cu ildə qaz fənəri partladı və yaxınlıqdakı polis nəfəri ölümcül yaralandı. O vaxtdan işıqforun tarixçəsində yarıməsrlik fasilə yarandı.

İlk avtomatik işıqforlar 1910-cu ildə Çikaqolu Ernst Sirrinom tərəfindən yaradılıb və patentləşdirilib.

İşıqforların yenidən istifadəsi isə 1914-cü ilə təsadüf edir. Həmin il Amerika İşıqfor Kompaniyası Ceyms Hoqun konstruksiyasına əsasən Klivlenddə 105-ci küçə və Evklid prospektinin kəsişməsində 4 işıqforu quraşdırırlar. Amma bu işıqforlar da Londonlu əcdadları kimi iki işıq siqnalına malik idilər. Qırmızı və yaşıl.

Sarı rəng isə ancaq 1920-ci ildə işıqfora əlavə olundu. 3 rəngli işıqforlar ilk dəfə Detroid və Nyu-Yorkda quraşdırılıb. Həmin ixtiranın müəllifləri Villiam Potts və John F. Harris idi. Amerikanın ardınca bu yenilik Avropada – ilk dəfə Fransada 1922, İngiltərədə isə 1927-ci ildə tətbiq edilib. 1990- ci ilin ortalarından etibarən isə daha parlaq və rəngin təmizliyi ilə seçilən işıqforlar istehsal olunmağa başlandı ki, hal- hazırda ölkəmizdə də bu növ işıqforlardan istifadə olunur.

Lakin işıqfordakı dəyişikliklər bununla yekunlaşmır. Gözdən əlillər nəzərə alınaraq Koreyada səsli işıqforlar ixtira olundu. Bu qurğu qısa vaxtda Avropada geniş yayıldı. Türkiyədə isə 1994-1995-ci illərdə uğurla tətbiq olundu. Ölkəmizdə də bu tipli işıqforlar bir müddət öncə Ağa Nemətulla, Fətəlixan Xoyski və digər küçələrdə quraşdırılsa da ardı gəlmədi. Hal- hazırda səsli işıqfor siqnallarının quraşdırılması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə olunub.

Sürücü və piyada arasında yol mədəniyyətini tənzimləyən işıqforlar, eyni zamanda ölkədə qəza sayının azalmasında da mühüm rol oynayır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye