İsmayıl
Mərahim Yusifzadə tərəfindən "Hekayə" bolməsinə 20:54 18 dekabr 2014 tarixində əlavə olunmuşdur

Sinif otağının qapısı açıldı - ayağında qaloş, əynində isə dizləri sürtülmüş,çirkli bir cins və uzunqol, dirsək hisəsi sobanın yanında qaldığından yanmış bir köynək var idi. Başına qara rəngdə papaq keçirmişdi. Üzü tüklü, çənəsi isə əyri idi - bu İsmayıl idi.

İsmayılı görən uşaqlara gülüşmə düşdü. Oğlanlar hərəsi bir yerdən qışqırmağa başladı: " Ooo İsi gəlib, İsi, qoyunları kim otaracaq bəs?".Qızlar da altdan-altdan pıqqıldaşırdılar. İsmayıl da uşaqlara qoşulub, gülürdü. Coğrafiya müəllimi Samir müəllim uşaqlara əsəbləşdi:

- Sakit olun! İsmayılı görməmisiniz?- sonra üzünü İsmayıla tutub, kinayəli gülüşlə dedi:

- İsmayıl qoyunları qoyub, adam da dərsə gələr? İsmayıl başını aşağı salıb:

- Müəllim, dərs yaxşıdı, maraqlıdı- sakitcə dedi. Müəllim bu axmaq sualı verdiyinə görə utandı, İsmayıldan əyləşməsini istədi.

 İsmayıl çox vaxt xəstə olduğuna, atasının onu qoyun otarmağa göndərməsinə görə dərsə getmirdi. Məktəbə də iki il gec getmişdi- indi sinif yoldaşları doqquzuncu sinif də oxusa da, İsmayıl əslində on birinci sinifdə oxumalı idi. İsmayılın atası bu il qoyunları satdığına görə İsmayıl da "ağ günə" çıxmışdı. İndi İsmayıl dərsə gedə bilərdi, onu ələ salsalar da sinif yoldaşlarını görə bilərdi, onlarla danışa,gülə, əylənə bilərdi. İsmayıl nə yaxşı yaza bilirdi, nə də oxuya bilirdi. Ancaq bir dərs belə buraxmırdı- bütün günü arxada tək-tənha oturub, diqqətlə dərsə qulaq asırdı. Dərsdə uşaqlar gülüşəndə o da gülürdü, onlar ciddiləşəndə o da ciddiləşirdi.

Tənəfüslərdə İsmayıl hamının "sevimlisi" olurdu-bütün uşaqlar hamısı onun başına yığışırdılar.İsmayılla şəkil çəkdirib, prikol üçün sosial şəbəkələrə qoyurdular, ya da onu qızışdırıb, uşaqlarla dalaşdırırdılar. Birdə görürdün balaca bir uşaq İsmayılı vurub, qaçdı. İsmayılı elə bil cin vururdu, dəli kimi uşağın arxasıyca qaçırdı. Uşağı tuturdu , amma əli gəlmirdi onu vurmağa. Uzaqbaşı yaxasından dartırdı, silkələyirdi, sonra hirsi soyuyurdu-uşağı buraxırdı. Bax belə İsmayılın ürəyi yox idi:heç kimə pislik etməzdi, kin saxlamazdı, söyüş söyməzdi.

İsmayıl məktəbdən evə gedəndə,onu evdə atasının və anasının kasıblıqdan şikayətləri gözləyirdi. Ona evdə fikir verən yox idi-hardan gəldi, hardan getdi-maraqlanmırdılar, yalnız yemək verirdilər. İsmayıl evdə çox darıxırdı-onun üçün evdə oturmaq ən əzablı,mənasız bir şey idi. Evdə olanda səbirsizliklə sabahın gəlməsini gözləyirdi ki, sabah olsun o da məktəbə getsin. 

İsmayıl məktəbə gedəndə geyimindən utansa da, heç vaxt evəd deməzdi ki, mənə paltar alın, utanıram məktəbdə. İsmayıl gözəl bilirdi ki, evdə deyəcəklər: "Bala, görürsən, bacını inistutda güc-bəlayla oxuduruq,sənə hardan alaq pulu".

İsmayılın bu gün məktəbə getməyə həvəsi daha böyük idi. Səhər bir şirin çay içib, hamıdan qabaq məktəbdə oldu. Bəlkə də belə tez getməyinə səbəb neçə gündü özü də bilmədən, özünün hələ tam anlamadığı şəkildə sinif yoldaşı Ləmana vurulması idi. Ləmana hər dərs həsrətlə baxırdı, gözünü ondan çəkməzdi.Ləman bu gün dərsə gecikmişdi, ona görə də İsmayıl dərsə girməmişdi.

Nəhayət ki,Ləman gəlib, çıxdı. İsmayılın üzü gülməyə başladı, sevincindən bilmirdi neyləsin. Ləman ona əsəbi-əsəbi baxıb sinif otağına keçdi.

Axırıncı dırs müəlim dərsə gecikmişdi, ona görə də uşaqlar sinif otağında istədiklərini edirdilər. İsmayıl yenə onların "oyuncağı" idi. Sinif yoldaşı Aydın İsmayılın papağın götürüb,uşaqlara atdı-  onlar həmişə belə edirdilər, İsmayıl isə ortaquşukimi aralarında qalırdı. Bu dəfə də İsmayıl həmişəki kimi uşaqlara yalvarırdı ki, papağını qaytarsınlar.Qəfil İsmayılın gözləri Ləmana sataşdı-Ləman da digər qızlar kimi ona gülürdü. Ləmanın gülüşü İsmayıla o qədər təsir etdi ki, sobanın qarşısındakı odun yarmasını götürüb, Aydına atdı. Yarma Aydının çiynindən dəydi. Aydın ilan kimi qıvrılıb, yerə çökdü. İsmayıl sürətlə onun üstünə şığıdı - papağı onun əlindən alıb, onun mədəsinə təpiklə vurmağa başladı. Sonra isə ona gülən sinif yoldaşlarına hücum etdi. Həmişə onu ələ salan sinif yoldaşları indi hərəsi bir yana qaçıb, canlarınıl qurtarmaq istəyirdilər.İsmayıl partaları darmadağın etdi,sobanın yanında qalan yarmaları sinif yoldaşlarına atdı. Atdığı yarmalardan biri sinif otağının pəncərəsinin şüşəsinə qırdı. Qızlar bərk qorxduqlarından sinifdən çıxmışdılar. Sinif nümayəndəsi tez qaça-qaça bu xəbəri müəllimlər otağına çatdırdı. Bütün məktənb sinif otağına axışdı. İsmayıl qapıya tərəf çevriləndə,direktordan tutmuş məktəb şagirdlərinə qədər hamının qapının qarşısında olduğunu gördü...

İsmayıl üçün hər şey bitmişdi:onun özünü xoşbəxt hiss etdiyi məktəb də yenicə ürəyində yaranan o saf, hamıdan gizlətdiyi Ləmana qarşı olan sevgisi də... 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Mərahim Yusifzadə
Əlaqə
Tel.:
0508946964
E-mail:
merahim.yusifzade@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye