İstəmirəm olmaq yazar, şair, yazdıqlarım ünvanına çatmırsa, yazdıqlarım öz üzərimə geri qayıdırsa….
İstəmirəm olmaq kitab, oxuduqca məni yorulursansa, maraqlı deyiləmsə, anlamırsansa, bir kənara atırsansa…
İstəmirəm olmaq xəyal, ya xatirə, biri yaşanılmamış sabah, ümidlər, sərmayədir, digəri isə yaşanılmış real həyat, dünən, təcrübədir…
İstəmirəm olmaq həyatında yol nişanı, xəbərdarlıq, kimdir axı ona baxan?!
İstəmirəm olmaq ümid, inam, səbr, sevgi, gec-tez məni itirəcəksən, bunu bilirsən məndən də öncə…
İstəmirəm olmaq zaman, dünənində olmaq peşimançılıq, məyusluq, təəssüf, keçmişin, silmək istədiyin tarixin, həyatda yaşamadığın öz həyatın, gerçək etmədiyin öz arzuların, itkilərin və qazancın, sabahında qeyri-müəyyənlik, şübhələr, ehtimallar, ehtiyatlanmalar, sığortalanma, bu günündə sabah kimi başlayıb dünən kimi bitmək…
İstəmirəm olmaq yaddaş, insanların hər biri tez unudandır, unutqandır, silir istəmədiyini yaddaşından, istədiyini yazır yaddaşa…
İstəmirəm sual olmaq, özüm axtarıb tapmalıyamsa cavabı, özüm olacağamsa verdiyim suala cavab…
Sus, oxu, dinlə, istəmirəm, sevmək, sevgilim olsun, sevilmək, heyvanlar insanlardan daha üstündür, layiqdir sevgimə… Onlar daha yaxındır təbii təbiətimə…