İtkin DEYİLSƏN, Ceylanım!
Ceylanım, baxma elə qəmli-qəmli!
İrəlisi-gerisi yoxdur. Biz, həyatın yaxşı-pisini, varlığı-yoxluğunu, azlığı-çoxluğunu, aclığı-toxluğunu bir etmişik. Kürəyimizə almışıq sevdanın yükünü də, sovuşub keçmişik eşq bilməzlərindən yanından, yörəsindən.
Axı demişdik, biz burada əyləşməyək, eşqsizlərin diyarında qalsaq azalar eşqimiz ...
Fatimə ola bilmərik. Xanaya girə bilmərik. O qapının eşiyində keşik tuta bilmərik.
İnfaq idrakına çata bilmərik. Bölüşmənin bir etmək olduğu zövqünə vara bilmərik.
Axı demişdik, Qoca Yunusdan ilhamla, eşqsizlərlə söhbət etməyək. Onlarla "söhbəti-canan" olmaz.
Eşqsizlərlə oturub-duraraq yara qovuşmaq olmaz.
Eşqsizlərlə zaman dartaraq yaşasaq, ucaların könül ehtiyaclarından hissə düşməz ürəyimizə ...
Tam da belə demiş, qəbullanmışdıq, axı. O gün necə baxdınsa, gözümə yenə elə bax, Ceylanım, yenə elə bax!
Dərinlərə qədər işləsin gözündən könlümə intiqal edən cərəyan, Ceylanım!
Yenə o cərəyanı istəyirəm, ciyər deşən o cərəyanı!
Yenə o sönməz yanğını başladan baxışını istəyirəm, Ceylanım!
Baxma elə qəmli-qəmli!
İçini çəkmə elə. Nəfəs ver yenə ən təzəsini ... Payız, son Baharımız olmasın, Ceylanım!
Oktyabr yenidən oktyabrımız olsun həqiqətə, könlün sevda torpağına, Ceylanım.
Bir ceyran səkişi kimi görünməz oldun, amma bir o qədər də könlümdə dəqiqləşdin, əbədiləşdin...
Yenə də baxma elə, Ceylanım!
İlk yaranı göz alar demişdik, bir dilləşməyimizdə ... Mən də yara alacaq yermi qaldı, Ceylanım?! Ürəyim həm sənlə bütün, həm də para-para deyilmi, Ceylanım?
Bilirsənmi, illər əvvəl bir danışıqda Emin İşıq Müəllimim "Bülbül səsi dinləmək istəyirsinizsə, Qaracaəhmədə gedin” demişdi.
Getmişdim, dinləmişdim də!
Artıq, məkan eylədim oranı, amma bülbül səsi dinləmək üçün deyil, Ceylanım.
Səni dinləmək üçün.
Avazın avazıma qarışsın deyə!
Səsin səsimə can versin deyə!
İKRAM edərdik, sənə cənnətdə süfrə qurdurdan əbədi işıq olan müəllimimizə ... Gəlirdi hər yığıncaq sonrasında! ..
Deyirəm ki, o süfrə bu süfrənin dünyaya əks olunan kölgəsi idimi görəsən? Cavab versənə, Ceylanım! Kölgəsi idimi?
Onun Əhli-i Beyt süfrəsinə, söhbətinə bardaş qururduq ilkin. Yoxsa, ariflik düşməz payımıza deyirdik. Könül bayramında süfrəyə otura bilmərik deyirdik. Eləymiş gerçəkdən Ceylanım, eləymiş!
Ceyran gözlüm, maralım.
O tərəf bu tərəf, bu tərəf o tərəf, amma təsvir üçün söyləmək lazım olsa, biz bu tərəfdə beləyik. Bildiyin kimi yəni!
Qəlbimizdə buraxdığın mərhəmət quşu, gözümüzdə gözünlə buraxdığın o işıltılı baxış, çöhrəmizdədirsə, heç getməyən gülüşün var!
Yalnızlığımızda sən varsan, Ceylanım! Çoxluğumuzda da sən, yoxsunluğumuzda sən!
Görə bilmirik, bəli. Qeyibsən, amma əsla itkin deyilsən!
İtkin deyilsən, Ceylanım!
Yazar: Uğur Canpolat
Türkcədən dilimizə uyğunlaşdırdı: Aysel Abdullazadə